Kimya elminin təməlini atan: Cabir İbn Həyyan


Cabir ibn Həyyan miladi 721-ci ildə Xorasan bölgəsindəki Tus şəhərində əczaçı Həyyan əl-Əzdinin ailəsində dünyaya gəlmişdir. 815-ci ildə Kufədə 94 yaşında dünyasını dəyişən Cabir ibn Həyyan əsasən kimyaçı olmaqla yanaşı həkim, əczaçı, riyaziyyatçı və astronom olaraq da tanınır.
Yeniavaz.com
xəbər verir ki, adı Cabir ibn Həyyan Abdullah əl-Əzdi, ləqəbi isə Əbu Abdullahdır. Əslən Yəmənin Əzd qəbiləsindən olduğu üçün ona “Əzdli” mənasında “əl-Əzdi” təxəllüsü verilmişdir. İmam Əli Ridadan təsəvvüf elmini öyrəndiyi, həmçinin məşrəbi və həyat tərzinə görə İslam aləmində Sufi, Avropada isə “Cabir” adından yola çıxaraq “Al-Geber” adı ilə tanınmışdır. Bir sözlə Cabir ibn Həyyan, filosoflar tərəfindən filosof, kimyaçılar tərəfindən kimyagər, təsəvvüf düşüncəsindəki kəslər tərəfindən sufi olaraq adlandırılmışdır. Tarixçi, sosioloq, həmçinin siyasətçi və dövlət adamı olan İbn Xaldun (1332-1406) kimyaçıların kimya elmini “Elmi Cabir” olaraq adlandırdıqlarını qeyd etmişdir.
Cabir ibn Həyyanın atası Həyyan əl-Əzdi əczaçı idi və onun da kimya elmindən xəbəri vardı. Həyyan əl-Əzdinin dərman hazırlayarkən kimyəvi vasitələrdən istifadə etməsi balaca Cabiri də çox maraqlandırmışdı. Onda kimya elminə ilk həvəsi də məhz atası oyatmışdı.
Cabir ibn Həyyan uşaqlıq vaxtlarından etibarən əczaçı olan atasının bilgilərindən istifadə etmiş, bitkilərin insanlar üzərindəki yaxşılaşdırıcı, şəfalı təsirlərini həm nəzəri, həm də praktiki olaraq öyrənmişdir. Bu onun üçün hələ gənc yaşda ikən bir dönüş nöqtəsi olmuş, dövrün alimlərindən kimya elminə dair yazılan bütün əsərləri oxumuşdur. Beləliklə bitkilərin yaratdığı möcüzəvi təsirlərin əslində bir möcüzədənsə elmi izahlarının olduğunu görmüşdür.
Bir elm sahəsi yalnız başqa elm sahələrinin dəstəyi və köməyi ilə yüksək səviyyədə inkişaf edib təkmilləşə bilər. Adətən bir mədəniyyət və sivilizasiya ortaya çıxanda burada dövrün şərtlərinə görə elmin bütün sahələrində inkişaf və sıçrayış müşahidə edilir. Əks halda cəhalətin hökm sürdüyü bir məkanda hər hansı elm sahəsinin anidən zirvəyə doğru hərəkət etməsi mümkün deyil. Elm tarixçisi Fuat Sezgin deyir ki, elmin ən zirvə nöqtələrinə yüksəlmiş Cabir ibn Həyyan, Biruni kimi şəxslərin varlığı, yalnız o elm adamlarının varlığı və nailiyyəti deyil. Bu həm tədqiqatlar aparılan elm sahəsinin mövcud vəziyyətini, həm də o cəmiyyətdə mövcud olan elmi ab-havanı, elmin çatdığı ümumi səviyyəni göstərir.

Müsəlmanların intibah dövrü ilə bağlı az məlumatı olanlar bu dövrdə yalnız astronomiya və riyaziyyatla bağlı elmi inkişafın olduğunu deyirlər. Ancaq bu doğru deyil. İslam sivilizasiyası hər bir elm sahəsində böyük irəliləyişlər əldə etmişdir. Elmi inkişafda zəruri olan bəzi prinsiplər vardır ki, bu prinsiplər nə vaxt ortaya çıxsa o zaman inkişaf və tərəqqi qaçınılmazdır.
Müsəlmanlar nəzəriyyə ilə təcrübə arasındakı müvazinəti ifadə etmək üçün “mizan” deyə bir məfhum ortaya çıxardılar. Daha sonra İslam mütəfəkkirlərindən Farabi təcrübə və nəzəriyyənin yetərli olmadığını qeyd edərək “xəyal gücü” (muxayyilə) məfhumunu ortaya qoydu. Bu minvalla əvvəla hər hansı bir şey xəyal ediləcək, bir çox məsələ xəyal aləmində həllini tapacaqdı. Sonra da onun nəzəriyyəsi qurulacaqdır. Bu nəzəriyyə də insanı təcrübəyə sövq edəcək. Bir elmin ortaya çıxması üçün bunlar önəmli mərhələlərdir.
Cabir ibn Həyyan belə deyir: “Allah (c.c) bizə fiziki qanunlar vermişdir. Bunlarla bitki, heyvan, hətta insanın bənzərini ərsəyə gətirmək olar. Allah (c.c) bəşər övladına elə qabiliyyətlər bəxş etmişdir ki, bununla insanlar kainatdakı bütün sirr pərdələrini açmağa qadirdir”.
Bu sözlər 8-ci əsrin ikinci yarısında yaşayan, atomun parçalana biləcəyini ilk dəfə qeyd edən alim Cabir ibn Həyyana aiddir. O, Allahın insana verdiyi qabiliyyətlərin sanki qeyri-məhdud olduğuna inanırdı. İnsanın canlı və ya cansız varlıqlar yarada biləcəyinə inanır, heç olmasa ən azından bunun nəzəri olaraq mümkün olduğunu müdafiə edirdi. Önəmli olan bir məqam da, Cabir ibn Həyyanın bu məsələləri miladi 8-ci əsrdə İslam dünyasında qorxusuzca yaza və söyləyə bilməsi idi.
Cabir ibn Həyyanın dünyasında fizika elmi təbiətdə gizli olanları açığa çıxaran qanunlar toplusu idi. O, təbiətdəki hər zərrənin, zərrələrin bir-birinə olan təsirinin, hətta bütün insani hiss və duyğuların riyazi baxımdan hesablana biləcəyini qəbul edirdi. Bunu da “Elmul-Mizan” (Ölçü elmi) adlandırmışdı. Cabir ibn Həyyan kainatın riyazi ölçülər əsasında yaradıldığını qeyd edirdi. Ona görə hiss və duyğuların belə riyazı olaraq bir qarşılığı vardır və onlar da hesablana bilər. Cabir ibn Həyyana görə ölçə bilmədiyimiz hər hansı bir şey elmin mövzusu ola bilməz. Tibb, fizika, astronomiya, fəlsəfə sahəsində təxminən 200 əsər qələmə alan Cabir ibn Həyyan eyni zamanda bugünkü genetika elminin də qurucusu hesab edilir.
Cabir ibn Həyyan araşdırmalarını təcrübə və riyazi hesablamalar üzərində qurmuşdur. Bir kimyagər olan Cabir ibn Həyyan üçün say və ölçü kimya elminin əvəzedilməz iki mühüm parçası idi. Bu düşüncə və metodu ilə özündən əvvəlki elm adamlarından ayrılan Cabir ibn Həyyan modern kimyanın təməlini atmışdır.

Cabir ibn Həyyan təcrübə və tədqiqatlarını gerçəkləşdirmək üçün damıtmada istifadə olunan imbik alətini, şüşədən borular, sobalar və digər vasitələr icad etmiş, özündən sonra gələn bütün kimyaçılar da bu alətlərdən istifadə etmişdir. 12-ci əsrdə yaşamış Əbul-Qasim Muhamməd İbn Abdullah kimya haqqında yazdığı əsərində Cabir ibn Həyyanın kimya alətlərinin rəsmini çəkmişdir.
Modern kimya elminin qurucusu olan məşhur İslam alimi Cabir ibn Həyyanın yaşamış olduğu 8-ci əsr kimi erkən bir dövrə nəzər alsaq onunla Həzrət Peyğəmbər (s.ə.s) arasında sadəcə iki nəslin (səhabə və tabein nəsli) və hardasa bir əsrlik zaman diliminin olduğunu görərik. Bu minvalla Cabir ibn Həyyan səhabə və tabeindən sonra gələn təbəe-tabein nəslindəndir.
Cabir ibn Həyyan Cəfər Sadiq həzrətlərinin dərslərinə iştirak etmiş, onun tələbəsi olmuşdur. Dini elmləri də məhz Cəfər Sadiqdən öyrənmişdir. O, Cəfər Sadiqin ən yaxın müridlərindən və tələbələrindən biri olmuşdur. Əsərlərində Cəfər Sadiqdən tez-tez “madinul-hikmə” (hikmətin qaynağı) və “seyyidi” (əfəndim-böyüyüm) olaraq bəhs etmiş, bütün elmini ona borclu olduğunu bildirmişdir. Misirli alim Muhamməd Əbu Zəhra (1898-1974) belə deyir: “Cabir ibn Həyyanın İmam Cəfər Sadiqdan müəyyən dərs alma saatları var idi. O saatda İmamın yanına ondan başqası girə bilməzdi. Risalələrinin böyük bir hissəsini müəllimi Cəfər Sadiqə həsr edərək qələmə almışdr”.
Cabir ibn Həyyan həyatının önəmli bir hissəsini Kufədə keçirmiş, həmçinin bu şəhərin havası kimya araşdırmaları üçün əlverişli olduğuna görə bu şəhərdə qalmağı tərcih etmişdir. Cabir ibn Həyyan burada dövrün ən yaxşı kimya labarotoriyasını qurmuşdur. Ərəb biblioqrafiya alimi İbnun-Nədim “əl-Fihrist” adlı əsərində qeyd etdiyinə görə İraq Buveyhi hökmdarı Bəxtiyarın dövründə (967-978) Kufədə bir küçə yenidən qurulanda kərpiclə inşa edilmiş yarım silindirli tavan örtüyü ortaya çıxarılmış və burada mədənlərin əridilməsində istifadə edilən çox yüksək temperatura davamlı xüsusi qablar, müxtəlif baharatları toz halına salmaq üçün istifadə edilən qablar və s. kimi kimya labarotoriyasına aid əşya və alətlər tapılmışdır. Beləcə aradan iki əsrə yaxın bir vaxt keçdikdən sonra Cabir ibn Həyyanın həm evinin, həm də kimyəvi təcrübə və araşdırmalar apardığı labarotoriyasının məhz bu məkan olduğu öz təsdiqini tapmışdır (əl-Fihrist, s. 499).

1997-ci ildə Suriyada Cabir ibn Həyyanın adına çap edilmiş poçt markası
Cabir ibn Həyyanın çalışmaları hər nə qədər tibb, astronomiya, riyaziyyat, fəlsəfə və dövrün digər elm sahələrini əhatə etsə də o birinci növbədə bir kimyaçı olaraq qəbul edilir.
Cabir ibn Həyyan bir müddət Kufədən ayrılaraq dövrün elm və düşüncə mərkəzi olan Bağdada getmişdir. O, xilafət mərkəzi Bağdadın siyasi həyatında söz sahibi olan, həmçinin elmlə məşğul olanları himayə edib dəstəkləyən Abbasi xəlifəsi Harun Rəşidin vəziri Yəhya ibn Xalid əl-Bərməkinin dəstəyi ilə elmi çalışmalarına uzun bir müddət burada davam etmişdir. Cabir ibn Həyyan Bağdadda mənəvi olaraq xəlifə Harun Rəşidin, maddi olaraq isə dövrün siyasi firuqlarından vəzir Yəhya ibn Xalid əl-Bərməkinin himayəsinə girmişdir.
Cabir ibn Həyyan bu dövrdə elmdəki çalışmaları ilə elə bir mövqeyə gəlmişdir ki, xəlifə Harun Rəşid onu "Harran Universiteti"nin fizika və kimya bölümün professorluğuna, daha sonra da rəisul-mudərrisin (bugünkü ifadə ilə rektor) vəzifəsinə gətirmişdir. Qeyd edək ki, tarixi İslamdan əvvələ gedib çıxan dünyaca məşhur “Harran Universiteti” Abbasi xəlifəsi Harun Rəşid dövründə daha da inkişaf edərək öz fəaliyyətini davam etdirmişdir.
Tarixi rəvayətlərdə qeyd olunduğuna görə Cabir ibn Həyyanın atası Həyyan əl-Əzdi Əməvi və Abbasilərin xilafət mübarizəsində Abbasiləri dəstəklədiyi üçün Əməvilər tərəfindən Xorasanda yaxalanaraq öldürülmüşdür. Bu hadisədən sonra balaca yaşda olan Cabir ibn Həyyan və anası Yəmənə köç etmişdilər. Atasına bir vəfa borcu olan Abbasi xilafəti də bu səbəblə illər sonra Cabir ibn Həyyanı Bağdada gələndə himayə edib dəstəkləmişdi. Təbii ki burada hadisələrin pərdə arxasında bu kimi siyasi məqamlar ola biləcəyi kimi Cabir ibn Həyyanın xəlifənin vəziri Yəhya ibn Xalid əl-Bərməki ilə sıx əlaqə qura bilməsində, xəlifənin himayəsini təmin etməsində məhz onun alimliyi və şəxsi keyfiyyətlərini də göz ardı etməmək lazımdır.
Cabir ibn Həyyan bir müddət Abbasi xəlifəsi Harun Rəşidin sarayında yaşamış, xəlifənin şəxsi həkimi olmuşdur. 17 il Abbasi xilafətində vəzir olan Yəhya ibn Xalid əl-Bərməki dövlət işlərində, siyasi məsələlərdə uzaq görənliyi olan, xüsusi bacarıqlara sahib bir şəxs idi. Xəlifə Mehdi-Billah onu oğlu Harun Rəşidə müəllim və katib təyin etmişdi. Harun Rəşid xəlifə olan dövrdə belə bu şəxsə müəllimim demişdi. Cabir ibn Həyyanın elmi çalışmalarına dəstək verən və onu himayə edən vəzir Yəhya ibn Xalid əl-Bərməki və Bərməki ailəsi Abbasi xilafətində siyasi güclə birlikdə böyük bir mali gücə də sahib idilər.

Cabir ibn Həyyanın “əl-Xavassul-Kəbir” adlı əsərinin ilk iki səhifəsi
Sonrakı dövrlərdə Bərməki ailəsinin siyasi həyatdan uzaqlaşdırılması ilə Cabir ibn Həyyan da 803-cü ildə saraydan ayrılaraq yenidən Kufəyə qayıtmışdır. O, xəlifə Məmunun dövrünə qədər araşdırmalarına gizli bir şəkildə davam etməli olmuşdur. Mənbələr yazır ki, idarənin təzyiqlərindən qorxduğu üçün Cabir ibn Həyyan uzun müddət bir yerdə yaşaya bilmir və davamlı olaraq yer dəyişməli və səyahət etməli olmuşdur. Hətta Cabir ibn Həyyan bu səbəblə İraqda və Suriyada olduğunu, Misir və Hindistana getdiyini söyləyir.
Təbii ki Cabir ibn Həyyan kimi bir şəxsin təqib olunmaması, diyar-diyar sürgünə göndərilməməsi, həyatının təhlükəyə düşməməsi mümkün deyildi. Əks halda daşlar yerli-yerinə oturmazdı. Axı sadəcə İslam dünyasında deyil, ümumiyyətlə bütün dünyada həqiqəti görən, doğrunu danışan elm aşiqi insanlar təqib olunublar. Bu kimi insanlar sanki bir günəş kimi insanların üzünə parlayanda təbii ki qaranlığa öyrəşmiş gözlər bundan narahat olacaqdılar. Təbii ki, Cabir ibn Həyyan və ya digər bu kimi dahilər həm də iradəsi satın alınmaz hür adam olaraq ortaya çıxanda köç və ya hicrət də qaçınılmaz olur.
Əsrinin texniki elmlər alimi olan Cabir ibn Həyyan bütün İslam alimləri kimi bu sahəni İslami elmlərlə birgə oxumuşdur. Cabir ibn Həyyan elmi çalışmalarında xüsusi metodlar ortaya qoymuşdur. O zaman məşhur olan simyanın (bəzi dəyərsiz metallardan qızıl əldə etməyə çalışan bir məşğuliyyət sahəsi) bir elm və fənn olmadığını sübut etmiş, bundan ayrı olaraq təcrübəyə, təhlilə və riyaziyyata əsaslanan kimya elmini qurmuşdur. Beləliklə də bugünkü kimya elminin təməli Cabir ibn Həyyan tərəfindən atılmışdır.
 
Nazim Mustafayev

Ardını buradan oxuya bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top