Quterreşdən G20 liderlərinə çağırış: Sanksiyalar götürülsün


BMT-nin Baş katibi Antoniu Quterreş koronavirusun yayılmasının qarşısını almaq üçün "Böyük iyirmilik" dövlətlərini bütün digər ölkələrə münasibətdə tətbiq olunan sanksiyaların götürülməsinə çağırıb.

Bu barədə Quterreşin G20 liderlərinə ünvanladığı məktubda yazılıb.

"Bu, ərzaq, tibbi məhsullarının əlçatan olması və ölkələri COVID-19 pandemiyası ilə mübarizədə dəstəkləmək üçün vacibdir. İndi təcrid deyil, həmrəylik vaxtıdır", - Quterreş qeyd edib.

O, həmçinin ölkələri pandemiya ilə mübarizə üçün daha çox resurs təklif etməyə çağırıb.

Bu gün G20 sammitinin martın 26-da keçiriləcəyi bəlli olub. Bildirilir ki, sammit internetlə videokonfrans formatında keçiriləcək. Görüşü OPEC+ razılaşmasının pozulması fonunda böhran və koronavirusun mənşəyi ilə bağlı ABŞ-la Çin arasında artan gərginlik çətinləşdirə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada 330 mindən çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan isə onun yaratdığı ağır sətəlcəm xəstəliyindən dünyasını dəyişib.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top