Baş konsulluq Türkiyədəki azərbaycanlılara müraciət etdi

Azərbaycanın İstanbuldakı Baş konsulluğu koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlara müraciət edərək konsulluqla əlaqə saxlmağa çağırıb.

Konsulluqdan “Report”un yerli bürosuna verilən məlumata görə, hazırda Türkiyə - Azərbaycan arasında olan uçuşlarının təxirə salınması səbəbilə, viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlar ad, soyad, pasport məlumatlarını konsulluğa təqdim etməlidirlər.

Belə ki, diplomatik nümayəndəlik ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əldə olunmuş razılığa əsasən vətəndaşlarımız bu məlumatlarla yanaşı Türkiyə Respublikasından çıxış edəcəkləri sərhəd keçid məntəqələrinin adlarını bildirəcəyi təqdirdə, sözügedən şəxslərin viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimə tətbiqindən azad olunması nəzərdə tutulur.

Konsulluqdan verilən məlumatda həmçinin deyilir ki, Azərbaycan vətəndaşları qeyd olunan məlumatları Baş konsulluğun [email protected] elektron ünvanına göndərməlidilər.

DİGƏR XƏBƏRLƏR

Top