"Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik".
Bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında bildirib.
Nazirin sözlərinə görə, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı:
"Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq.
Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz".
Nazir bildirib ki, lazım olduqda çarpayı və xəstəxana sayı artırılacaq: "Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın. Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".