"Səhiyyə Nazirinin müavini Rahim Əliyevin AzTV-yə dünən verdiyi müsahibəsində bildirib ki, "indiyə kimi yeddi min nəfərdən artıq şəxsin testləri müayinə olunub". Müqaysə üçün deyim ki, Moskva meri Sobyanın Rusiya paytaxtında hər gün 10 min nəfərin testinin keçiriləcəyini açıqlayıb. Martın 20-nə olan məlumata görə, Nyu York şəhərində 1 gündə 45437 nəfər testdən keçib".
Yeniavaz.com xəbər verir ki, bunu professor Qubad İbadoğlu bildirib.
O qeyd edib ki, hazırda ABŞ-da aparılan testlərin cavabı 45 dəqiqəyə məlum olur:
"Azərbaycanda testlərin cavabı 6 saat ərzində hazır olur. Göründüyü kimi Azərbaycanda testlərin sayı azdır, cavabı da gec bəlli olur. Azərbaycanda testlər əsasən karantində olan şübhəli şəxslər üzərində aparılır. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar. Hesab edirəm ki, Azərbaycana da ekspress testlər gətirilməli və daha çox adam bu testdən keçirilməlidir. Eyni zamanda karantinin təşkili qaydalarında da dəyişiklik olmalıdır. Ev şəraitində karantinin tətbiqi imkanları da nəzərdən keçirilməlidir. Çünki hazırkı yanaşma mövcud resurslardan səmərəli istifadə üzərində qurulmur.
Yeri gəlmişkən təklif edirəm ki, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da koronavirusun yayılma coğrafiyasını əks etdirən xəritə hazırlansın və rayonlar üzrə məlumatlar hər gün yeniləşdirilsin. Belə xəritənin mövcudluğu əhalinin risk zonaları haqqında məlumatların artırılmasına xidmət edə bilər".