Prezident koronavirusdan danışdı - VİDEO

“Bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir”. 

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.

Ölkə başçısı bildirib ki, xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir:

“Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir.

Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən, Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.

Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. 

Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı.

Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun.

Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir”. 

DİGƏR XƏBƏRLƏR

Top