Son günlər xam neftin qiymətinin düşməsi və eləcə də COVİD-19 koronavirus pandemiyasına görə ölkələrarası ticarət əlaqələrinin məhdudlaşdırılması səbəbindən dünya iqtisadiyyatında böhran müşahidə olunmaqdadır.
Yeniavaz.com xəbər verir ki, qlobal böhran əvvəlki böhranlarda olduğu kimi bu dəfə də ölkələrin milli valyutasının beynəlxalq ticarət əlaqələrində əsas mübadilə vasitəsi olan ABŞ dollarına nisbətdə dəyərdən düşməsinə səbəb olub.
Xəbər verdiyimiz kimi, artıq Azərbaycanın əsas ticarət tərəfdaşı olan 3 ölkədə - Gürcüstan, Rusiya və Türkiyədə dolların məzənnəsi həmin ölkələrin milli valyutalarına nisbətdə kəskin şəkildə bahalanıb.
Bildiyimiz kimi, Azərbaycanın ümumi idxalının təxminən 1/3-i, ixracının isə təxminən 15%-i adlarını qeyd etdiyimiz bu 3 ölkənin payına düşür. Belə olan təqdirdə dolların bu ölkələrin milli valyutalarına nisbətən bahalanması həmin ölkələrin Azərbaycanla olan ticarət əlaqlərinə təsir edəcək.
Qeyd edək ki, son 10 gün ərzində Gürcüstanın milli valyutası lari dollar qarşısnda 15%, Rusiyanın milli valyutası rubl 13%, Türkiyənin milli valyutası lirə isə dollar qarşısında 8%-ə yaxın ucuzlaşıb. Buna parallel olaraq dollar qarşısında məzənnəsini sabit saxlayan Azərbaycan manatı da bu ölkələrin milli valyutaları qarşısında bahalanıb. Son 10 gündə Gürcüstan larisi manat qarşısında 12% (0,6-dan 0,53-ə), Rusiya rublu manat qarşısında 9% (0,023-dən 0,021-ə), Türkiyə lirəsi isə manat qarşısında 7% (0,28-dən 0,26-ya) ucuzlaşıb.
Milli valyutamız - manatın məzənnəsinin dollar qarşısında sabit qalması fonunda adları qeyd olunan ölkələrin milli valyutalarının manat və dollar qarşısında dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Rublun, lirənin və larinin dollar qarşısında dəyərdən düşməsini Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb ola bilər. 10 gün əvvəl 1 dollar 72 rubl olduğu halda, hazırda məzənnə 81 rubla çatıb. Son 10 gündə rublun məzənnəsinin dollar qarşısında 13%- yaxın ucuzlaşması Rusiyadan gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, 10 gün əvvəl Rusiyada dəyəri 1000 rubl olan hər hansı bir məhsul üçün 16 dollar (27,2 manat) ödəyirdiksə, hazırda eyni məhsula 14 dollar (23,8 manat) ödəyirik. Analoji bənzərlik Gürcüstandan və Türkiyədən gətirilən məhsullarda da müşahidə olunmaqdadır.
Gördüyümüz kimi, qeyd olunan ölkələrin milli valyutalarının dollar qarşısında ucuzlaşması və manatın dollar qarşısında sabit qalması bu ölkələrdən idxal olunan məhsulları ucuzlaşdıra bilər. Amma, eyni zamanda da belə vəziyyət bu ölkələrə ixrac etdiyimiz məhsulların bahalaşması deməkdir. Nəticədə həmin ölkələrin daxili bazarında bizim məhsulların rəqabət qabiliyyəti azalmış olur və bu da yerli istehsala və ölkənin ixracına mənfi təsir edir.
Mövcud vəziyyətin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu qeyd etsək də, hansının daha çox olduğunu necə müəyyən edə bilərik?
Açıqlanan sonuncu statistik rəqəmlərə baxdığımız zaman belə görünür ki, bu ilin ilk 2 ayında idxalla müqayisədə Rusiyaya ixrac etdiyimiz məhsulların dəyəri təxminən 3 dəfə az olub. Belə ki, bu ilin ilk 2 ayında Rusiyadan 255,6 milyon dollarlıq məhsul idxal edilib, əvəzində isə Rusiyaya 91,5 milyon dollarlıq məhsul ixrac edilib. İdxal və ixrac arasındakı bu fərq onu deməyə əsas verir ki, Azərbayacan manatının dollar və eləcədə rubl qarşısındakı mövcud məzənnəsi Rusiyadan çox bizim xeyrimizdədir.
Rublun manata nisbətən ucuzlaşmasının Azərbaycana mənfi təsiri özünü ən çox Rusiyada işləyən və Azərbaycana pul göndərən soydaşlarımıza vurduğu zərərdə göstərəcək. Əmək haqqını rublla alıb Azərbaycana göndərənlər üçün mövcud məzənnə dəyişikliyi sərfəli deyil. Hazırkı vəziyyət Rusiyada işləyən soydaşlarımızın real qazancını azaltmış olur ki, bu da şimal qonşumuzdan ölkəyə daxil olan vəsaitin azalması deməkdir.
Rusiyadan fərqli olaraq bu ilin ilk 2 ayında Gürcüstana ixrac etdiyimiz məhsulların dəyəri idxalla müqayisədə təxminən 10 dəfə, Türkiyəyə ixrac etdiyimiz məhsulların dəyəri idxalla müqayisədə təxminən 24% çox olub. Lakin, onu da qeyd edək ki, Rusiyadan fərqli olaraq Azərbaycan Gürcüstan və Türkiyəyə əsasən neft, neft məhsulları və təbii qaz ixrac edir ki, bu məhsullarda əsasən dollar ilə alınıb-satıldığı üçün məzənnə dəyişikliyindən təsirlənmir.
Yekun olaraq qeyd etməliyik ki, Azərbaycanda qeyri-neft-qaz məhsullarının idxalı ixracla müqayisədə təxminən 5 dəfə çox olduğu üçün manatın məzənnəsinin sabit qalması qısa müddət üçün ölkə iqtisadiyyatına daha müsbət təsir edə bilər. Lakin, manatın məzənnəsinin uzun müddət sabit qalması daxili bazarı ucuz xarici məhsullardan asılı vəziyyətə salır ki, bu da yerli istehsalın inkişafına mane olur.
A.Cəfərov