Qısa ömrü ilə çoxlarına nümunə olan jurnalist - Fuad Musazadə


Bu gün gənc jurnalist Fuad Musazadənin həyata gözlərini yummasıdan 6 ay ötür. Bəli, düz 6 ay əvvəl, yəni ötən il sentyabrın 19-da gənc jurnalist keçirdiyi avtomobil qəzası nəticəsində dünyasını dəyişdi.
Fuad Musazadə onu tanıyanların yaddaşına daima gülərüz, mehriban və pozitiv bir insan, isdedadlı jurnalist kimi yazıldı. O, səmimi dost, əzmkar və qayğıkeş övlad, cəmiyyətini sevən, haqq, ədalət və insan əxlaqi prinsiplərini hər şeydən üstün tutan peşəkar bir  jurnalist idi. Olduğu hər yerdə öz maraqlı söhbətlərilə diqqət mərkəzində olmağı, hamının üzünü güldürməyi və xoş ovqat yaratmağı bacaran Fuad  Musazadə öz ailəsinin yeganə övladı, fəxri, dayağı idi.

Fuad Şahin oğlu Musazadə 11 iyul 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta  təhsilini Bakı Türk Anadolu liseyində alıb. Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o,  Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistir pillələrini qırmızı diplomla bitirib. Jurnalist olmaq arzusu 2011-ci ildə onu İctimai Televiziya və Radio Yayımları Şirkətinə gətirdi. İTV -nin Hüquq və beynəlxalq əlaqələr departamentində koordinator kimi fəaliyyətə başlayan Fuad qısa müddət ərzində öz isdedadı ilə kollektivin rəğbətini qazanmağı bacarıb. Ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsinə öz fəallığı ilə seçilən F. Musazadə sonrakı bir neçə il ərzində bu müsabiqədə Azərbaycan nümayəndə heyətinin mətbuat katibi vəzifəsini icra edib. O,  “Euromedia” və MQP-da hüquqşünas və beynəlxalq əlaqələr üzrə  mütəxəssis vəzifəsini də icra edib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində  bir müddət çalışdıqdan sonra isə fəaliyyətini Azərbaycan Televiziyasında davam etdirib. Bu, onun son fəaliyyət dayanacağı olub.

O, ingilis, rus və türk dillərini  mükəmməl, fransız dilini isə orta səviyyədə bilirdi.
Ədəbi yaradıcılığa xüsusi meyli olmasa da “Eurovision” mahnı müsabiqəsi üçün ingilis dilində mahnı sözləri qələmə alıb və "Bitməyən sevgi" adlı hekayənin müəllifidir. Ölüm onu həyatdan qoparmasa kim bilir daha hansı uğurlara imza atacaq və ömrünə daha nələri sığdırmağı bacaracaqdı.

Fuad Musazadə öz qısa ömrü ilə çoxlarına nümunə olmağı bacardı. Səmimi, məğrur, xeyirxah, əzmkar, iradəli və müvəffəq bir ömür. Bəli, Fuadın simasında cəmiyyət dəyərli bir gənc jurnalistini itirdi. Xoş ovqat yaradan təbəssümlü çöhrəsi, özünəməxsus emosiyaları onu sevənlərin unudulmaz xatirələrlərində daim yaşayacaq…
Qeyd edək ki, Fuad Musazadə 19 sentyabr 2019-cu ildə Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində keçirdiyi avtoqəza nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin.

DİGƏR XƏBƏRLƏR

Top