COVİD-19 epidemiyası dünyada sürətlə yayılmağa davam edir. Virusdan qorunmaq istəyən insanlar isə tibbi vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edirlər. Lakin, bir çox hallarda tibbi maskaların istifadəsində yanlışlıqlara yol verilir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim, Oğuz Karabay tibbi maskaların istifadəsi zamanı yol verilən səhvləri açıqlayıb: "Maska istifadə edənlərdə müşahidə etdiyim bəzi xətalar var. Belə ki, tibbi maska taxan şəxslər ağız, burun və çənəni tam örtməlidir. Maskanın istifadəsi zamanı burunun çöldə qalması məntiqə uyğun deyil. Həmçinin, maskanı çıxararkən orta hissəyə toxunaraq çıxarılması, virusun əlinizə keçməsinə səbəb ola bilər. Buna görə də maska, iplərin olduğu hissədən tutularaq çıxarılmalıdır".
Əsasən bəzi insanlar virusdan qorunmaq üçün sadə maskalara yox, filterli maskalara üstünlük verir. Çünki, bu tip maskanın onu viruslardan daha çox qoruduğunu düşünür. Məsələ ilə bağlı danışan professor, filterli maskaların xəstə insanlar üçün nəzərdə tutulmadığını deyib: ”Bu cür maskalar, əsasən səhiyyə işçilərinin istifadəsi üçündür. Xəstələr və xəstəlikdən qorunmaq istəyən şəxslər sadə tipli cərrah maskası taxmalıdır. Fiterli maskalar xəstələr üçün nəzərdə tutulmayıb. Çünki, belə maskaların xüsusi klapanı var və nəfəs verərkən açılır. Buna görə də, şəxs nəfəs verərkən bütün oksigeni və əgər varsa virusu çölə buraxır. Əgər yalnız özünüzü qorumaq üçün maska taxırsınızsa, sadə cərrahi maska taxmaq daha doğru olar.
Lalə Cəfərli