Bakı Ağır Cinayətlər Məhkəməsinə üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, hakim Novruz Kərimovun hazırlıq iclasının qərarını elan edib. O bildirib ki, Tərgül Nəzərova məhkəmədəki davranışlarında anlaqlı olması ilə bağlı şübhələr yaranıb. Buna görə də onun barəsində kompleks məhkəmə psixiatrik-psixoloji stasionar ekspertizası təyin olunması barədə qərar qəbul edilib. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Cinayət işi materiallarına əsasən, ibtidai istintaq dövründə də T.Nəzərova barəsində 3 dəfə ekspertiza keçirilib. İlk ekspertizada onun anlaqlı olduğu, ikinci ekspertizada anlaqsız olduğu, üçüncü ekspertizada isə anlaqlı olduğu rəyi verilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üçyaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.
T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.