Azərbaycanın iki boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb


Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürüb. 

Yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. 

Boksçularımızdan Tayfur Əliyev (57 kq) Bişara Sabbarla (İsrail) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Avropa Oyunlarının mükafatçısı rəqibini 5:0 (30:27, 30:25, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.

Boksçumuz 1/8 finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq. 

Tayfur Əliyev kimi, Kamran Şahsuvarlı da yarışa qələbə ilə başlayıb. 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/32 finalda Edin Avdiçdən (Avstriya) güclü olub – 4:1 (28:29, 29:28, 29:28, 30:27, 29:28). 

O, 1/16 finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyakla döyüşəcək. Bu qarşılaşma da martın 16-na təsadüf edəcək. 

Qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) debütdə Tatyana Kobu (Ukrayna) sınağa çəkib. Lakin 1/8 finala rəqib yüksəlib. 

Qeyd edək ki, turnirin ikinci günündə daha iki boksçumuz mübarizəyə qoşulacaq. Cavid Çələbiyev (63 kq) Kiril Rusinovla (Bolqarıstan), Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) üz-üzə gələcək. //APA

DİGƏR XƏBƏRLƏR

Top