XIV əsrin ən böyük səyyahı: İbn Bəttuta


Qatarlar, təyyarələr, transatlantik səyahətlər üçün nəzərdə tutulan gəmilər hələ mövcud olmayan bir dövrdə, ümumiyyətlə sənaye inqilabından əvvəl insanlar həyatları boyunca evlərindən ən çox 40-50 km uzağa səyahət edə bilirdilər. Müsəlmanlar üçün həcc yolculuqları, zənginlər, ya da qeyri-adi məkanları görməyə çox həvəsli İbn Bəttuta kimi səyyahlar burada istisna təşkil edirdi. Elə də uzağı getməyək, günümüzdə belə Lənkəranın dağ kəndlərində yaşadığı halda Xəzər dənizini görməyən, ya da İstanbulda yaşadığı halda Boğaz mənzərəsini seyr etməyən onlarca, yüzlərcə insan haqqında eşidir və oxuyuruq... Bu minvalla ta XIV əsrdə ogünkü dünyanın hardasa bütün şəhərlərini, ekzotik məkanlarını, tanınmış məbəd və abidələrini at və ya dəvə belində (bütünlükdə 120000 km) gəzmək hər adamın işi deyildi. Bu səbəblə də İbn Bəttuta kimi sanki “gəzmək üçün yaradılmış”, ömrünün 30 ilini səyahətlərdə keçirən səyyahlar həm o gün, həm də bu gün maraq doğurmuşdur.
Yeniavaz.com xəbər verir ki, İbn Bəttuta 1304-cü ildə Mərakeşin Tanca şəhərində dünyaya gəlmişdir. O nəsəbcə Bərbər əsillidir. İbn Bəttutanın nəslindən bir çox müfti çıxmışdır. İbn Bəttuta da güclü bir İslam hüququ təhsili almış müfti idi. “Səyahətnamə” əsərində: “müftilik mənim və atalarımın məsləyidir” demişdir. Səyahət etdiyi müxtəlif yerlərdə müftilik vəzifəsini icra etmiş, dünyasını dəyişəndə də Taməsna (Mərakeş) müftisi idi. Nəzərə alsaq ki, müfti və ya qazi XIV əsr İslam coğrafiyası üçün bugünün hakim səlahiyyətlərini daşıyan bir şəxs idi, bu səbəblə bir səyyah olaraq gəzdiyi məkanlarda həm də müfti olaraq çalışması İbn Bəttutanın nə qədər ciddi bir şəxs kimi qarşılandığını göstərir. İbn Bəttuta bir İslam alimi olduğuna görə də müsəlman torpaqlarında insanlar onu hörmətlə qarşılamış, hədiyyələr vermiş, ehtiram göstərmişlər. Türk və fars dillərini bilməsi və səyahətlərində müxtəlif siyasi təcrübələr qazanmasına görə İbn Bəttutaya bəzi diplomatik səlahiyyətlər də verilmişdir.
Tədqiqatçılara görə, bir çox kitabxanalarda onlarca əlyazma nüsxəsinin olması İbn Bəttutanın “Səyahətnamə”sinin yazıldğı gündən bu yana insanlar tərəfindən çox sevildiyini və oxunduğunu göstərir. XIV əsr İslam dünyasını tanımaq istəyən avropalı tədqiqatçılar üçün İbn Battutanın Səyahətnaməsi vazkeçilməz bir qaynaq hesab edilmişdir. Bu səbəblə də bir çox dəfə “Səyahətnamə” ingilis, fransız və s. dillərə tərcümə edilmişdir.

İbn Bəttutanın ingilis, fransız və anadolu türkçəsinə tərcümə edilmiş “Səyahətnamə” kitabının üz qabıq rəsmləri. Belə dəyərli əsərin azərbaycan türkçəsinə də tərcümə edilməsinin faydalı və gərəkli olduğunu demək olar.
Avropalıların erkən dövrdə bir səyyahın qələmindən çıxan səyahət qeydlərini ətraflı bir şəkildə araşdırmağa və öz dillərinə tərcümə etməyə sövq edən əsas səbəb müstəmləkəçiliklə bağlıdır. Necə ki, İbn Bəttutanın “Səyahətnamə”sində əsas tədqiq etdikləri bölümlər Hindistan, Seylan və Mərkəzi Afrika kimi iştah qabardan yerlər haqqında, xüsusilə də zənginlik və qızıl kəlmələrinin keçdiyi hissələrdir. Burada: “Elmin əxlaqı varmı?”, “Elmin əxlaqı olmalıdırmı?” ya da “İnsanlar nə üçün elmi fəaliyyətlə məşğul olmalıdır?” kimi sual və mövzuya qapı aralansa da bunu başqa bir zaman və məkana buraxaraq yazının mövzusunda qalırıq.
İbn Bəttuta orta əsrlərin bütün müsəlman ölkələrini, həmçinin müsəlmanların hakimiyyəti altında olan əraziləri gəzən səyyahdır. O ömrünün 29 ilini (1325-1354) səyahətlərdə keçirmiş, özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir əsər qoyub getmişdir. İbn Bəttuta Fernan Magellan (1480-1521) qədər bütün dövrlərin ən böyük səyyahı sayılır.
İbn Bəttuta 22 yaşında ikən Məkkəyə həccə gedən zəngin bir müsəlman idi. Bu ilk həcc yolculuğunda yaşadığı macəralar onu daha uzaqlara səyahət etməyə sövq etmişdi. İbn Bəttuta ilk həcc yolculuğunda Şimali Afrika üzərindən Misirə doğru hərəkət edərkən İskəndəriyyə və Qahirə şəhərlərini ziyarət eləmişdi. Bu səyahəti onda yolculuğa davam eləmək və bir İslam alimi olaraq müsəlman torpaqlarında mümkün qədər çox məbəd və ekzotik məkanlar görmə həvəsi oyandırdı. O, ilk həcc yolculuğuna çıxışı ilə bağlı “Səyahətnamə”sində belə deyir: “Beləcə qadın və ya kişi bütün sevdiklərimi arxada buraxmaq qərarı verdim, quşların yuvalarını tərk etdiyi kimi mən də evimi, yurdumu tərk edərək uzun səyahətə çıxdım”. Ancaq İbn Bəttutanın evindən, obasından bu ayrılığı təxminən 29 illik bir səyahətə çevriləcəkdi.

İbn Bəttuta bu uzun müddətli səyahətdən sonra vətəninə dönəndə bu 29 ildə yaşadıqlarını və gördüklərini insanlarla paylaşmanın elə də pis fikir olmadığı qənaətinə gəlmiş və beləcə məşhur “Səyahətnamə” əsəri meydana çıxmışdır. İbn Bəttuta bu “Səyahətnamə” əsərini 29 illik səyahət əsnasında yazmayıb, qayıtdıqdan sonra İbn Cüzey adındakı başqa birinə yazdırmışdır.
Səyahətləri boyunca 120000 km yol qət edən İbn Bəttuta günümüzdəki 44 ölkənin ərazisindən keçmişdir. İbn Bəttutanın “Səyahətnamə” əsəri o dövrün dünyası, xüsusilə də İslam mədəniyyəti haqqında verdiyi dəyərli bilgilərə görə əsas qaynaqlardan biri hesab edilmişdir. Bu səbəblə də qədim dünyanın səyyahları deyiləndə ilk ağıla gələnlərdən biri, bəlkə də ən birincisi İbn Bəttuta olmuşdur.
Qərb dünyasına Asiyanı və Uzaq Şərqi tanıdan Venesiyalı səyyah Marko Polo (1254-1324) və İbn Bəttuta orta əsrlərin ən mühüm səyyahları sayılırlar. Aralarındakı 54 illik zaman fərqi ilə hər ikisi də dünya səyahətinə çıxmışlar. Onların danışdıqlarına əvvəla heç kim inanmaq istəməmiş, bu səyyahların dediklərinə əyləncəli hekayələr kimi qulaq asmışlar. Ancaq bu səyyahların qələmə aldıqları “Səyahətnamə” tərzi əsərlərin dəyəri XVIII əsrdən sonra anlaşılmağa başlamış, bu səyyahların yazdıqları coğrafiya və tarix elmi baxımından birinci əl qaynaq əsər hesab edilmişdir. İbn Bəttuta gəzdiyi coğrafiyanın genişliyi və üç qitədə dövrün ən mühüm elm və mədəniyyət mərkəzlərini ziyarət etməsi və ümumilikdə qət etdiyi 120000 km-lik məsafə ilə məşhur səyyah Parko Polonu geridə qoymuşdur. İbn Bəttuta sadəcə bir turist kimi məkanları gəzməklə kifayətlənməmiş, getdiyi yerlərdə sosial həyata qarışmış və evlənmişdir. Qayıtdıqdan sonra da yaşam təcrübəsini şübhəyə yer buraxmayacaq şəkildə “Səyahətnamə”sində qeyd etmişdir.

Yuxarıdakı şəkildə qırmızı rəngdə verilən İbn Bəttutanın dünya üzərindəki getdiyi yerlərin yol xəritəsini, mavi rəngdə verilən isə onun müasiri Marko Polonun səyahət etdiyi məkanların istiqamətini göstərir.
İbn Bəttuta “Səyahətnamə”sində daha çox insana önəm vermiş, getdiyi yerlərdə daha çox insanlardan bəhs etmişdir. Müxtəlif millətlərin geyim-kecimləri, adət-ənənələri və inancları haqqından ətraflı bilgi vermişdir. Bəzi tədqiqatçılar bu səbəblə İbn Bəttutanı ilk antropoloqlardan (insanların formalaşdırdıqları sosial və mədəni mühit haqqında bəhs edən alim), bəziləri də onu ilk etnoqraflardan (etnoqrafiya xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, istək və arzularına daha çox bələd olan elm sahəsidir) hesab etmişdir.
İbn Bəttutanın “Səyahətnamə” əsəri, təəssüf ki, hələ Azərbaycan türkçəsinə tərcümə olunmayıb. Ancaq oxucular bu dəyərli əsəri anadolu türkçəsi və digər dillərdə oxuya bilərlər. Bu əsərin bəzi tərcümələrində müəllifin səfər istiqamətinə əsasən getdiyi şəhər və məkanların xəritələrini də yayınlamışlar. Şübhəsiz k, İbn Bəttutanın bu əsəri haqqında bir çox elmi tədqiqat yazıları yazılıb və yazılmağa davam edir.

Yuxarıdakı şəkildə İbn Bəttutanın bəzi ölkə və qitələrarası səfər yolları əks olunmuşdur. Qeyd edək ki, bu xəritələr Sait Aykutun anadolu türkçəsinə tərcümə etdiyi 1012 səhifəlik İbn Bəttutanın “Səyahətnamə” əsərindən götürülmüşdür.
İbn Bəttuta gəzdiyi ölkələrin iqtisadiyyatı və coğrafiyası haqqında geniş məlumat vermişdir. Ancaq bir coğrafiyaçı ədası ilə qət etdiyi şəhərlər arasındakı məsafələri qeyd etməmişdir. Sadəcə yolculuğun müddətini bildirmiş, əsasən insan faktoru üzərində dayandığı üçün gördüyü bir çox şəhər haqqında “sağlam binaları var”, məscidi balacadır”, və ya “köhnə bir qapısı var”, “qalanın iç hissəsi boşdur” kimi bəsit cümlələrlə ifadə etmişdir.
İbn Bəttuta mütləq surətdə gəzdiyi ölkələrin önəmli şəxsiyyətləri, hakimləri və alimləri ilə görüşməyə, onlarla tanış olmağa xüsusi diqqət yetirmişdir. Onların yaşayışlarını, adətlərini, nə yeyib-içdiklərini müəyyən etmiş, din adamları və hökmdarlar arasında baş verən qarşıdurma və mücadilələri əsərində anlatmışdır. Özü də müftilik edə biləcək keyfiyyətdə bir şəxs olduğu üçün getdiyi hər yerdə dini məkanlar və buralarda aparılan xidmətlərlə tanış olmağa çalışmış, burada işləyən insanlarla isti münasibətlər qurmuşdur.
İbn Bəttuta dünyada ilk dəfə Anadolu əxilərindən (islami qardaşlıq təriqəti), Hindistanda yaşayan fəqir və yoxsul insanlardan, İranda batinilik cərəyanının mənsublarından bəhs edən bir səyyah olaraq mühüm bir dəyərə sahibdir.
İbn Bəttuta “Səyahətnamə”sində uydurma xəbərlərə yer verməmiş, getmədiyi yerləri xüsusi olaraq qeyd etmişdir. Misal üçün, Sibirdən bəhs edərkən, “Ərz əz-zulumət” yəni “qaranlıqlar ölkəsi”nə gedib çata bilmədiyini vurğulamış, ora haqqında sadəcə eşitdiklərini nəql etmişdir.
İbn Battutadan 200 il sonra yaşamış başqa bir müsəlman səyyah Övliya Çələbi (1611-1682) də bir çox məkanlar gəzmiş və “Səyahətnamə” adlı əsər yazmışdır. Ancaq Övliya Çələbi İbn Bəttuta qədər geniş bir coğrafiyaya səyahət etməmişdir. Övliya Çələbinin gəzdiyi və bəhs etdiyi yerlər sadəcə Osmanlı torpaqlarını əhatə edirdi. Ancaq İbn Bəttuta üç qitəni gəzmişdir.
Hindistanda 7 il qalmış və orada müfti məzifəsində çalışmışdır. 1333-cü ildə qələmə alınmış “Səyahətnamə”sində bugünkü Anadolu coğrafiyasının türkləşdiyini və müsəlmanlaşdığını görmək olar. Necə ki, İbn Bəttuta öz əsərində bu məkanlardan türk və müsəlman torpaqları olaraq bəhs edir. İbn Bəttuta bugünkü Türkiyə ərazisi olan Anadolu torpaqlarını gəzəndə Osmanlılar (Osmanoğulları) hələ balaca bir bəylik idilər. İbn Bəttuta monqol istilasından sonrakı dövrdə qurulmuş Anadolu bəylikləri haqqında o qədər dəyərli bilgilər vermişdir ki, onun “Səyəhatnamə” əsərindən yan keçərək bu dövrü anlamağa çalışmaq çox çətindir.

İbn Bəttutanın (şəkildə sağda) Misir səyahətindən bəhs edən fransız rəssam Leon Benettə aid illüstrasiya
İbn Bəttuta Anadolu coğrafiyasına Mövlananın vəfatından 50 il sonra gəlmişdir. “Səyahətnamə”sində Mövlananın “Məsnəvi” əsərinin o dövrdə mədrəsələrdə oxudulduğunu qeyd edir. İbn Bəttuta qonaqpərvərliklərinə görə getdiyi hər yerdə əxilik zaviyələrini axtarmış, bu zaviyələrdə qalmağı tərcih etmişdir. İbn Bəttutanın “Səyahətnamə” əsəri eyni zamanda Anadoludakı əxilik təşkilatı haqqında yazılan ilk müşahidələr hesab edilir. Qeyd edək ki, İbn Bəttuta bu səyahətlərini tək deyil, 7-8 nəfərlik bir qrup halında gerçəkləşdirmişdir. “Səyahətnamə”dəki qeydlərə görə, getdikləri bir çox məkanda yaxşı qarlışanmış və daha artıq qalmaları istənmişdir. Getdiyi yerlərin hökmdar və idarəçiləri ilə görüşən İbn Bəttuta saraylar, imarətlər, buradakı insanların geyimləri, yaşam tərzləri və s. haqqında çox detallı bilgilər verir.
İbn Bəttutanın ziyarət etdiyi dövrdə Anadolu torpaqlarında güclü bir iqtidar olmadığına görə əxilər şəhərlərdə bir sıra sosial xidmətləri icra edən siyasi bir güc halına gəlmişdilər. Əxilər yaşadıqları yerlərdəki hədd bilməz, qanun tanımaz insanları yola gətirir, hər hansı bir səbəblə bu tip insanlara qoşulanları da doğru yola çəkməyə çalışırdılar.
İbn Bəttuta Anadoluda səyahəti zamanı Dənizli şəhərinin girişində yanındakı 7-8 nəfərlik qrupla birgə qəribə bir hadisə ilə qarşılaşdıqlarını “Səyahətnamə”də qeyd edir. Belə ki, əvvəlcə onlara qarşı bir hücum və ya basqının olduğunu düşünürlər. Dükanlardan çıxan insanlar öz aralarında həm danışır, həm də İbn Bəttuta və qrupunun mindiyi heyvanları hərə bir tərəfə çəkir. İbn Bəttuta bu vəziyyətdən bəhs edərkən: “Nə dediklərini başa düşmürdük. Dəhşətli bir qorxuya düşmüşdük. Daha əvvəl yol kəsən gərmiyanlılarla qarşılaşdığımız üçün bu şəhərin də onlara aid olduğunu düşündük. Bu hərc-mərclik ab-havasında zənn etdik ki, mallarımızı əlimizdən almağa çalışırlar. Bu arada Allah bizə ərəb dilini bilən bir şəxs yetirdi. Ondan bu adamların bizdən nə istədiklərini soruşduq. “Qorxmayın” dedi. “Bunlar əxilərdir. Sizi qarşılayan əxi Sinanın, digərləri isə əxi Dumanın yoldaşlarıdır. Hər iki qrup da sizi öz zaviyəsində qonaq etmək istəyir”. İbn Bəttuta qonaqlarını qarşılamaq, onlara ikram etmək uğrunda bir-biri ilə mücadilə edən əxilərin bu halına çox heyrətlənmiş və bu yüksək qonaqpərvərlik qarşısında bu hadisəni “Səyahətnamə”sində nəql etmişdir. Ən sonda püşk atılmış və növbə ilə bu müsafirləri əxilər öz zaviyələrində qonaq etmişlər. Bu xoş xatirə və qarşılanmadan sonra İbn Bəttuta hər getdiyi yerdə əxilərin olub-olmadığı ilə maraqlanmışdır. Bu minvalla araşdırmaçılar sadəcə İbn Bəttuta “Səyahətnamə”sinə baxaraq əxilik təşkilatının Anadolunun bütün şəhərlərinə yayıldığını qeyd edirlər. İbn Bəttuta Anadolu səfəri ilə əlaqəli sanki əsnaf təşkilatı olaraq da bilinən əxilik təşkilatına xüsusi yer ayırmış, getdiyi hər yerdə əxiliklə bağlı təəssürat və xatirələrini anlatmışdır. Araşdırmaçılar qeyd edir ki, İbn Bəttuta getdiyi hər yerdə zaviyələrdə qalmış, buraları tərcih etmişdir.

İbn Bəttutanın 1325-1332-ci illərdə gerçəkləşdirdiyi Şimali Afrika, İraq, Fars, Ərəbistan yarımadası, Somali, Suahili Sahili (günümüzdə Tanzaniyanın Hind okeanına baxan sahilləri) yolu üzərində getdiyi məkanların xəritəsi
İbn Bəttutanın “Səyahətnamə”si dünya tarixi baxımından da mühüm bilgilər verir. Onun verdiyi bilgilər digər səyyahların yazdıqları əsərlərlə müqayisə ediləndə İbn Bəttutanın doğru bilgilər verdiyi anlaşılmışdır. İbn Bəttutanın 30 ilə yaxın bir müddət ərzində dünyanı gəzdikdən sonra qələmə aldığı “Səyahətnamə” əsəri həm də dinlər tarixi baxımından əhəmiyyətlidir. İbn Bəttuta gəzdiyi yerlərdən xəbər verməklə sanki XIV əsrə aid dinlər, məzhəblər və təriqətlərin İslam coğrafiyasında yayılma xəritəsini vermişdir. XIV əsr İslam mədəniyyəti və sosial həyatı haqqında araşdırma edənlər üçün də İbn Bəttutanın “Səyahətnamə” si vazkeçilməz qaynaq olaraq qalır.
İbn Bəttutanı gəzib-dolaşdığı, qeydlər aldığı yerlərin, müasiri hesab edilən Mark Polo ilə müqayisə edəndə 2-3 dəfə daha çox olduğunu görürük. Avropada XIV əsr səyyahlarından Marko Polo daha çox tanınıb məhşur olduğu kimi, XIV əsr İslam dünyasında da İbn Bəttuta ən məşhur səyyah ünvanını özündə saxlamışdır. Bununla yanaşı dövrün səyyahlarından hansının daha çox şəhər gəzdiyi və ya daha çox məsafə qət etdiyi ilə bağlı onları bir-biriylə yarışdırmaq doğru olmazdı. Zənnimcə, önəmli olan hər bir səyyahın arxada buraxdığı əsərlərindən mümkün qədər daha effektli istifadə etməkdir.

İbn Bəttutanın 1332-1346-cı illərdə gerçəkləşdirdiyi Qara dəniz ərazisi, Orta Asiya, Hindistan, Cənub-Şərqi Asiya və Çin səyahətinin yol xəritəsi
Günümüzdə belə 200-dən çox dövlət başçısı, hökmdar və ya kralla görüşmüş, dünyanın üç qitəsində hardasa 200-dən çox şəhər, qəsəbə, kənd gəzmiş, dünyanın ən görməli yerlərini, memarlıq və sənət əsərlərini görmüş, getdiyi hər yerdə alimlərdən sıravi insana qədər hər kəslə tanış olmuş bir şəxslə üz-üzə oturub söhbət etmək, onunla həmsöhbət olmaq hər halda çox maraqlı bir təcrübə olardı. Bu minvalla belə bir təcrübəni hələ XIV əsrdə əldə etmiş İbn Bəttuta ilə görüşüb, onunla danışmaq o günün insanları üçün də çox maraqlı, qaçırılmaz bir fürsət idi. "Çox oxuyan deyil, çox gəzən çox bilər" atalar sözü sanki İbn Bəttutanın əyninə biçilmiş bir paltardır. O həm günümüz, həm də elə öz dövrü üçün çox yer görmüş, çox məkan gəzmişdir.
İbn Bəttutanın 29 ildə gəzib gördüyü məkanları, şəhərləri bəlkə də günümüzdə 2 ay kimi qısa bir vaxtda təyyarə ilə qət etmək olar. Ancaq burada söhbət məsafə qət eləməkdən getmir. Bir şəhərdən digərinə gedərkən yol boyu qarşılaşılan mənzərələr, yol boyu istirahət yerləri, hər bir şəhərin bazarı, məscidi, ümumi memarlığı və s. kimi bilgilər təyyarə ilə qısa müddətdə şəhərdən-şəhərə getməklə əldə edilə bilməz.
İbn Bəttuta yurduna qayıdanda uzaq ölkələrdən, gördüyü və şahid olduğu qəribə hadisələrdən bəhs edəndə istehza ilə qarşılanmışdır. Sanki burada İbn Bəttuta müsbət mənada bir dəyişim yaşamış, doğma yurda qayıtdıqdan sonra danışdıqları insanlara əfsanə və ya uydurma kimi gəlmişdir.
İbn Bəttutanın yola çıxarkən dərin elmi bilik və mədəniyyətə sahib olmadığı ilə bağlı bəzi iddialar səslənsə də, həm bu səyahət vaxtı aldığı icazət (XIV əsr İslam aləmində bir hər hansı alimdən icazət almaq günümüzdə universitetlərin verdiyi diplomla eyni məna ifadə edirdi) və hər sahədə öyrəndiyi yeni bilgilər onu təcrübəli bir alim halına gətirmiş və yurduna qayıdanda sultan onu seçkin bir məsləhətçi kimi öz yanına işə dəvət etmişdi.
Mərakeş dövləti 1996-1997-ci illəri İbn Bəttuta ili elan etmişdir. Bu münasibətlə gerçəkləşdirilən tədbirlər çərçivəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Mərakeşin şimalındakı Tanca şəhərində İbn Bəttuta adına muzey qurmuşdur. Həmçinin Dubayda böyük bir ticarət mərkəzinə İbn Bəttutanın adı verilmişdir:

 
Mövzuya davam edəcəyik...
Davamı buradan oxuya bilərsiniz


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top