Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tibbi maskaların qanunsuz yolla əldə edilməsi və satılması ilə məşğul olan bir qrup şəxsin saxlanılması barədə məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, həmin şəxslərdən biri də, “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov olub. DİN məsələ ilə bağlı ictimaiyyətə verdiyi məlumatda dəstə üzvlərinin kimliyini açıqlasa da, Riad Məmmədovun adı hallanmayıb. Buna baxmayaraq əməliyyat zamanı saxlanılanların fotolarında Riad Məmmədov da var.
Faktı dəqiqləşdirmək üçün DİN-in mətbuat katibi Ehsan Zahidovla əlaqə saxladıq və saxlanılan şəxslərin arasında Riad Məmmədov adlı şəxsin olub-olmamasını soruşduq. O bildirdi ki, bu barədə onda məlumat yoxdur.
Qeyd edək ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.