Azərbaycan ABŞ-ın istədiyi pakistanlıları təhvil verəcək? - QƏRAR

ABŞ-ın quldurluqda və şəxsi məlumatları ələ keçirməkdə ittiham etdiyi pakistanlılar Azərbaycanda saxlanılıb. ABŞ həmin şəxsləri Azərbaycandan istəyir.

Yeniavaz.com "musavat"a istinadla xəbər verir ki, bir neçə ay əvvəl Pakistan vətəndaşları 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz saxlanılıb.

Onlar ABŞ tərəfindən beynəlxalq axtarışa verilib. İndi onların ABŞ-a təhvil verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma aparılır.

Hər iki şəxsin ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə suçlanırlar.

Pakistan vətəndaşları deyir ki, təqsirsizdilər. Birləşmiş Ştatlara təhvil verilmələrini də istəmirlər.

Adları çəkilən pakistanlıların ekstradisiyasından ötrü Azərbaycanın Ədliyyə Nazirliyi məhkəməyə təqdimat verib.

Sonuncu məhkəmə iclasında məhkəmə qərar verib. Qərara əsasən hər iki şəxs ABŞ-a təhvil veriləcək.

Bu qərar Azərbaycan Ədliyyə Nazirliyinin məhkəməyə təqdimatı əsasında verilib. Nazirliyin nümayəndəsi məhkəmədə deyib ki, Amerika tərəfi onlara Pakistan vətəndaşlarını hansı səbəbdən tələb etməsi haqda sənədləri göndərib. Bundan sonra Amerika tərəfilə aralarında yazışmalar başlayıb. Onun sözlərinə görə, hətta bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyində ABŞ səfirliyinin nümayəndələrilə görüş də olub: "Nazirlikdə görüşdə Amerika tərəfi xoş niyyətini bildirdi. Gələcəkdə Amerika tərəfinin də Azərbaycanın bu cür sorğularına müsbət cavab verəcəyinə müəyyən qədər zəmanət verildi".

Həm Ədliyyə Nazirliyinin, həm də Baş Prokurorluğun təmsilçiləri Pakistan vətəndaşlarının təhvil verilməsini istəyib.

Həbsdə olan pakistanlılar da, onların vəkilləri də buna etiraz edib.

""Müəyyən qədər zəmanət verildi" nə deməkdir? Zəmanət ya olur, ya da olmur. Belə çıxır ki, razılaşma belə olub: indi bizə bu adamlar lazımdır, siz verin, gələcəkdə sizə də kimlərsə lazım olsa, biz də o məsələni həll eləməyə çalışarıq. Halbuki, burada iki adamın taleyi həll olunur. Bizim ölkə bu adamları təhvil versə, qanunvericiliyi pozmuş olacaq. Çünki iki ölkə arasında qarşılıqlı hüquqi yardımla bağlı təminat yoxdur"- deyə vəkil bildirib.

Həbsdə olan pakistanlılar ABŞ-a verilmələrinə etiraz edib: "Biz altı aydır bu vəziyyətdəyik. Azad olmaq istəyirik".

Amma hakimlər onların ABŞ-a ekstradisiyasını uyğun bilib və bu haqda qərar çıxarıblar.

Məlumata görə, pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.

DİGƏR XƏBƏRLƏR

Top