"New York Times": Suriyalı miqrantlar Yunanıstanda gizli yerdə saxlandıqdan sonra...


Yunanıstana Türkiyədən daxil olan suriyalı miqrantlarla bağlı yeni faktlar ortaya çıxıb.
Yeniavaz.com "New York Times"a istinadla xəbər verir ki, suriyalı miqrantların Yunanıstanda gizli yerdə saxlanılaraq işgəncə verildiyi məlum olub. Həmin yerdə miqrantların bütün əşyaları və paltarları əllərindən alınaraq nəzarətə götürülür. Əldə edilən məlumatlarda yunanların miqrantlara qarşı qeyri-insani davranışlar etdiyini, onların sərt şəkildə döyüldüyü bildirilib. Sonrakı mərhələdə isə suriyalılar  heç bir hüquqi prosedurdan keçmədən, qanunsuz yollarla Türkiyəyə geri göndərilirlər.
Bu barədə məlumat verənlərdən biri də Hüseyn adlı bir suriyalı gəncdir. O bildirib ki, sərhəddə Yunanıstana keçmək istəyərkən polis tərəfindən ələ keçirilib. Daha sonra gözdən uzaq, köhnə tikililərin yerləşdiyi naməlum bir yerə aparılıb. Hüseyn həmin yerə çatanda orada çox sayda suriyalının olduğunu görüb. "Bizimlə heyvan kimi rəftar edirdilər" deyən suriyalı gənc bir müddət keçdikdən sonra sürətli qayıqlarla Türkiyəyə geri göndərildiklərini bildirib.
"New York Times"da yer alan xəbərdə bildirilir ki, ortaya çıxan peyk görüntüləri və sənədlər Yunanıstanın şimal-şərqində belə bir yer olduğunu təsdiqləyib. Bütün bu faktlar İsveçrənin araşdırma qurumu "Respond" tərəfindən də doğrulanıb.
Qeyd edək ki, Türkiyənin sərhədləri açması ilə minlərlə suriyalı miqrant Avropa ölkələrinə üz tutub. Ancaq, suriyalılar Yunanıstan tərəfindən sərhəddə sərt müdaxilələrə məruz qalırlar. Son günlərdə yunan polisinin miqrantları güllələməsini, döyməsini əks etdirən görüntülər də bunu təsdiqləyir. Xatırladaq ki, son iki həftədə miqrantlara polisin atəş açması nəticəsində 3 suriyalı dünyasını dəyişib.
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top