Bakıda keçmiş hakim və oğlu uşağı anadan almağa çalışır - İDDİA

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun və Ryazanda yaşayan azərbaycanlı oliqarx Səxavət Baxşıyevin adları ailə qalmaqalında hallanıb.

Martın 5-də polislər S.Baxşıyevin evinə girərək, 29 yaşlı Samirə Bəşirovanın Miray adlı üç yaşlı qızını əlindən alıb.

Yeniavaz.com xəbər verir ki,bu barədə oxu.az-a Samirə Bəşirova məlumat verib. 

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qayınatası Ç.Bəşirovun tapşırığını yerinə yetirib.

Ana hüquqlarının pozulması ilə bağlı bütün hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra sözügedən redaksiya ilə əlaqə saxladığını etiraf edib.

Samirə xanım eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də kömək istəyib. Lakin S.Bəşirovanın sözlərinə görə, qurumdan bildirilib ki, onun “boşanma və uşağın ananın qəyyumluğuna verilməsi” ilə bağlı iddiasına baxıldığı Nəsimi Rayon Məhkəməsinə müraciət göndərilib.

Məhkəmə-Hüquq Şurasından isə S.Bəşirovanın məhkəmədə baxılan iddiası əsas gətirilərək, bu münaqişəyə müdaxilə etmək niyyətində olmadıqları deyilib. Ç.Bəşirovun hərəkətlərinə gəldikdə isə hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.

Onun sözlərinə görə, polis idarəsində bu məsələ ananın xeyrinə həll edilməyib. 

Samirə Bəşirova Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirovla 2015-ci ildə ailə qurduğunu deyir: “2017-ci ildə qızımız Miray anadan oldu. Ancaq ailə həyatımız alınmadı, həyat yoldaşım içməyə başladı. Bu zəmində aramızda münaqişələr başladı, uşaq isə bunlara şahid olurdu. Mən ayrılmağa qərar verdim. Boşanma istəyim həyat yoldaşım və onun valideynləri tərəfindən aqressiv reaksiya ilə qarşılandı. Qayınatam məni Psixiatrik Xəstəxanaya göndərməklə hədələməyə başladı - “Mən səni evdən qovmayana qədər, özün heç yerə gedə bilməzsən”, - dedi. Mən isə bir neçə gündən sonra uşağı götürərək atamın evinə getdim”.

Bundan sonra Samirə Bəşirovanın atası S.Baxşıyev dərhal qudasına zəng edərək narahat olmamalarını, qızı və nəvəsinin onun evində olduğunu bildirib. O, Bəşirovları bu problemi müzakirə etmək üçün danışığa çağırıb.

Qadının dediyinə görə, Bəşirovlar onu uşağı oğurlamaqda günahlandırıblar və heç olmasa üç aylığına geri qayıtmasını istəyiblər - “Sonrasını isə zaman göstərər”, - deyə ona bildiriblər:

“Bunun tələ olduğunu anlayırdım. Bundan əlavə, Ç.Bəşirov qalmaqalda maraqlı deyildi, çünki dekabr ayında məhkəmələrin ayrılması gözlənilirdi və onun karyera məsələsi həll olunurdu. Belə razılaşdıq ki, mən uşağımla atamgildə qalacam, onlar isə Mirayla görüşəcəklər. Qızımı bacım və xalam onlara aparıb-gətirirdi. Özüm ora getmirdim, çünki qorxurdum. Paralel olaraq boşanmaq üçün Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım. Hər şey yaxşı idi, uşaq da sakit idi. Ancaq bu müəyyən vaxt davam etdi. Yanvarın 27-də Tamerlan mənə zəng etdi, qızını görmək istədiyini deyərək, uşağımı aparmağımı istədi. Xalam Mirayı atasının yanına apardı. O, aşağıda gözlədiyi müddətdə uşağı gizlədiblər. Bir müddət sonra Tamerlan zəng edib qızımızın şıltaqlıq etdiyi üçün yanıma gətirəcəyini deyərək, xalama bu barədə xəbərdarlıq etməyimi və boş yerdə aşağıda gözləməməsini xahiş etdi. Sonra isə yenidən zəng etdi, amma bu dəfə uşağımı bir daha görməyəcəyimi dedi”.

Yanvarın 28-də Samirə xanım Nəsimi rayon 22-ci polis bölməsinə şikayət edərək T.Bəşirovun qızını ondan gizlətdiyini bildirdi. Lakin şöbədən bildirilib ki, məhkəmə müvafiq qərar çıxarana qədər (məhkəmə tərəfindən iddiaya baxılması aprelin 8-də təyin edilmişdi) valideynlər uşağın üzərində bərabər hüquqlara malikdirlər.

Samirə xanımın sözlərinə görə, 22-ci şöbənin əməkdaşları Tamerlan Bəşirovla əlaqə saxlayaraq, övladının yaxşı olduğu barədə ananın rahat olması üçün uşağın gətirilməsini xahiş ediblər. Ancaq Miray gətirilməyib. Sonra polis əməkdaşı Çingiz Bəşirovun özü ilə əlaqə saxlayaraq, onun oğlu ilə birlikdə ananın hüquqlarını pozduğunu izah etməyə çalışıb. Qadının iddiasına görə, buna cavab olaraq Ç.Bəşirov polisin üstünə qışqırıb:

“Mən qaynatamın bütün hədələrini diktofona yazdım. Polis bu məsələni ört-basdır etdi. Bundan sonra bütün instansiyalara şikayət etməyə başladım. Onlar Mirayı məndən gizlədirdilər. Qızımın harada olduğunu və onun başına nə gəldiyinin bilmirdim”, - deyə S.Bəşirova bildirib.

Fevralın 28-də qadın ərinin evinə gedib və qapının ardından Mirayın səsini eşidib. Samira qızını çağırıb: “Miray, bu mənəm, anan!" Anasının səsini eşidən körpə ağlayıb, bundan sonra uşaq başqa otağa aparılıb. Samirə xanımın üzünə heç kim qapını açmayıb.

Ertəsi gün S. Bəşirova “Koala Park”da qızını görüb. Uşaq atası və nənəsi ilə gəzirdi. Ana uşağın yanına qaçaraq onu qucaqlamaq istəyib, amma orda dava başlayıb. Qayınanası və əri körpəni ondan almağa çalışıb. İzdiham toplanıb, hadisə yerinə polis gəlib.

“Bizi 20-ci polis bölməsinə apardılar. Uşaq qucağımda idi. Polis qızımı əlimdən almağa ərimə icazə vermədi. Vəkilim Nigar Mirbabayeva ora gəldi. O, bütün sənədləri gətirərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdi, məhkəmə qərarının olmadığını və buna görə kiçikyaşlı uşağın anasının yanında qalmalı olduğunu izah etdi. Polis uzun müddət düşündü və nəhayət bizi evimizə buraxdı”, - deyə Samirə xanım bildirib.

Səhəri gün S.Baxşıyevin evinə mülki geyimli səkkiz nəfər gəlib. Samirə onları tanıdığını iddia edir - onlar 20-ci şöbənin işçiləri idi. Onun sözlərinə görə, polislər mənzilə girməyə çalışıblar:

“Özləri ilə birlikdə qapı kilidlərinin açarları olan bir adam gətirdilər. Qapının ağzında dayandıq, polisin həmin adamdan qapını aça bilib-bilməyəcəyini soruşduğunu eşitdik. O, heç bir problem olmadan bunu edə biləcəyini dedi. Polis əməkdaşları Ç.Bəşirovun əmrini yerinə yetirdiklərini bildirdilər: “Dünən uşağı sənə verdik. İndi isə peşman oılmuşuq,  çünki özümüz üçün problem yaratmışıq”. Qışqırmağa, qonşularımızdan kömək çağırmağa, Daxili İşlər Nazirliyinin “102” xidmət nömrəsinə zəng etməyə başladıq. Səs-küy saldıqda polislər çıxıb getdi”.

Sonra S.Bəşirova 20-ci polis bölməsinə çağrılıb. Ona bildiriblər ki, fevralın 29-da parkda “uşağını almaq üçün dəstə gətirdiyinə” görə cinayət məsuliyyətinə cəlb olunacaq. Daha sonra S.Bəşirova Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadə tərəfindən çağırılıb. Şikayətçi S.Bəşirovanın sözlərinə görə, onunla çox aqressiv danışan müstəntiq uşağın ekspertizaya gətirilməsini tələb edib.

“Dedi ki, qızınızı ekspertizaya gətirməsəniz, qapınızı sındıracağıq və bu artıq məcburi bir gətirmə olacaq. Mən də bizim evdə aparacaqları təqdirdə, Azərbaycan Prezidentinin koronavirus epidemiyası ilə əlaqədar uşaqların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələrinə istinad edərək ekspertizaya razı olduğumu bildirdim. Martın 5-də evimizə məhkəmə tibbi eksperti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müfəttiş, həmçinin müstəntiq E.Bədəlzadə bizim evə gəldi. Bacım Diananın doğum günü idi. Qohumlarımız bizə toplaşmışdı”, - deyə qadın bildirib.

İddiaya görə, mütəxəssis körpəni müayinə edib və bədənində heç bir zədə tapmayıb. E.Bədəlzadə müfəttişdən bir qovluq gətirməsini istəyib.

“Bacım qapını açıb müfəttişi yola salmağa çıxdı. Ancaq əmimoğlu ona qapı gözlüyündən baxmağı məsləhət gördü”, - deyə S.Bəşirova danışıb.

Daha sonra hekayəni redaksiyaya gələn Diana Baxşıyeva davam edib: “Mən gözlükdən baxdım və üç kişi gördüm. Sonra qapını açarla bağladım və heç kəsi buraxmayacağımı dedim. Bu vaxt atam zəng edib, həyətdə polis izdihamı toplandığını söylədi”.

D. Baxşıyeva müstəntiqdən onların kim olduğunu soruşub, o da Ç.Bəşirovun onları göndərdiyini ehtimalını irəli sürüb.

“102” xidmətinə zəng etməyə başladıq. Bir müddət sonra polislər gəldi və qapının açılmasını tələb etdilər. Bu vaxt müstəntiq polisə zəng edərək, onu girov saxladığımızı söylədi. Biz şokda idik. Ümidsiz halda əlimə bıçağı aldım və təhdidləri dayandırmayacaqları təqdirdə damarlarımı kəsəcəyimi dedim. Qapını açarla açan kimi polislər mənzilə soxuldular. Sonra bizi 21-ci şöbəyə apardılar”, - deyə D.Baxşiyeva bildirib.

Samirənin sözlərinə görə, polis otağa girəndə qızı ilə çarpayıda uzanmışdı. Onlar Mirayı anasından alaraq Tamerlana veriblər, o da polisin müşayiəti ilə uşaqla maşına minib və evinə gedib.

Polis əməkdaşları gedərkən S.Baxşıyevin evində müşahidə kameralarını və domofonu qoparıblar.

Samirə xanım Rusiya vətəndaşı olduğu üçün Rusiyanın Azərbaycandakı səfirliyinə də şikayət edib. Diplomatik nümayəndəliyin əməkdaşları hadisənin səbəblərini öyrənmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə qurublar, lakin orada Samirə Bəşirovanın dediklərinin hamısının həqiqətə uyğun olmadığını bildiriblər.

Öz növbəsində Çingiz Bəşirov isə Samirənin uşağının Nəsimi Rayon Məhkəməsinin S.Bəşirovanın 31 yanvar tarixli “Nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment haqqında” iddiası ilə çıxardığı qərara əsasən alındığını bildirib.

“Məhkəmə S.Bəşirovanın uşağın onun himayəsinə verilməsi ilə bağlı iddiasını təmin etməyib, çünki işdə bu hərəkətin zəruriliyini əsaslandıran heç bir sübut yoxdur. Apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Mənə zəng etməyin. Mən bu işdə tərəf deyiləm. Oğlum 35 yaşındadır, o, boşanır. Mən o qadın haqqında heç nə eşitmək istəmirəm. Samirə məni nədə ittiham edə bilər?.." deyə Ç.Bəşirov bildirib.

Öz növbəsində, vəkil N.Mirbabaeva qeyd edib ki, Ç.Bəşirov bu işə polisi cəlb etməməli idi. Bunun üçün məhkəmə icraçıları var.

"Qərar qəti deyil. Boşanma ilə əlaqədar olaraq uşağın ananın himayəsinə verilməsi üçün müraciət etdik. Onlar uşağı qaçırdıqda polisə getdik. Ancaq heç bir şey edə bilmədikləri üçün məhkəməyə getməyimizi tövsiyə etdilər. Buna görə də biz məsələ həll olunana iddianın müvəqqəti təmini üçün məhkəməyə müraciət etdik. Məhkəmə qərarımızı təmin etmədi. Ancaq eyni zamanda bu uşağın atasına verildiyi anlamına gəlmir”, - deyə vəkil bildirib.

O qeyd edib ki, polisin bu məsələyə müdaxilə etmək hüququ yoxdur.

Martın 7-də S.Bəşirova Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olub, o da bildirib ki, bu məsələnin həlli polisin səlahiyyətinə aid deyil.

DİGƏR XƏBƏRLƏR

Top