Azərbaycan və Ermənistanın hansı ölkələrdən nə qədər silah aldığı AÇIQLANDI


Azərbaycan dünya üzrə ən çox silah alan ölkələrin sıralamasında 30-cu sırada qərarlaşıb. 
Yeniavaz.com
 Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, son 5 ildə - 2015-2019-cu illərdə dünya üzrə qeydə alınan ümumi silah idxalının 0,8%-i Azərbaycanın payına düşüb.
Məlumat üçün bildirək ki, əvvəlki 5 illə - 2010-2014-cü illərlə müqayisədə Azərbaycan silah idxalını 40% azaldıb. 2010-2014-cü illərdə Azərbaycanın dünya üzrə qeydə alınan ümumi silah idxalında payı 1,5% olub və ölkələrin sıralamasında 23-cü yerdə qərarlaşıb.
Bu göstəriciyə görə Azərbaycan keçmiş SSRİ ölkələri arasında yalnız Qazaxıstandan geri qalıb. Keçmiş SSRİ ölkələrindən olan Qazaxıstanın dünya üzrə qeydə alınan ümumi silah idxalında payı 1% olub. Azərbaycan silah idxalında Braziliya, Meksika, Niderland kimi ölkələrdən öndədir.
Azərbaycan idxal olunan silahların 60%-ni İsraildən, 31%-i Rusiyadan, 3,2%-i isə Türkiyədən satın alınıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki 5 ildə Azərbaycanın idxal etdiyi silahların 53%-i Rusiyanın, 43%-i İsrailin, 2,8%-i isə Türkiyənin payına düşüb. Göründyü kimi Azərbaycan son illər Rusiyadan aldığı silahları azaldıb, əvəzində isə İsrail və Türkiyədən aldığı silahları artırıb.
Onu da bildirək ki, Azərbaycan İsrailin ən çox silah satdığı 2-ci ölkədir. İsrail Hindistandan sonra ən çox Azərbaycana silah satıb. İsrailin ümumi silah ixracının 45%-i Hindistanın, 17%-i isə Azərbaycanın payına düşüb.
Qeyd edək ki, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan ən çox silah idxal edən ölkələrin ilk 40-lığnda yer almayıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında qeyd olunur ki, Ermənistanın silah idxalında Rusiyanın payı 94%-ə bərabərdir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top