Azərbaycanda 7 əsrlik tarixi karvansara bərbad vəziyyətdədir – VİDEO


Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən XIV əsrə aid Miəcik karvansarası baxımsız vəziyyətdədir və dağılmağa üz tutub.
Yeniavaz.com xəbər verir ki, bloger, səyyah və fotoqraf İradə Qədirova el arasında Qaraçı karvansarası adlanan tarixi abidənin sonuncu vəziyyətinin kadrlarını öz feyzbuk səhifəsində paylaşıb.
O bildirib ki, yaxın zamanlara kimi hətta, tarixi abidənin içərisində mal-qara saxlanılırmış. Kadrlardan da, karvansaranın baxımsızlığı və artıq dağılmağa üz tutduğu açıqca müşahidə olunur. Hətta girişdəki tarixi kitabənin bir hissəsinin artıq məhv olduğu görülür.

Bloger bildirir ki, yaxınlıqdakı daş karxanasına gedib gələn “kamaz”lar karvansaranın yolunu bərbad hala salıb. Həmçinin karxananın “atxod”ları da, karvansaranın yaxınlığına tökülür ki, bu da tarixi abidə üçün təhlükəni daha da artırır.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.
Qurumdan Yeniavaz.com-a bildirildi ki, bu gün qeyri-iş günü olduğu üçün, bu barədə açıqlama sabah veriləcək.
Qeyd edək ki, XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Əhəng daşından tikilmiş karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları mövcuddur. Girişdəki dağılmış kitabədə isə II Şirvanşah Xəlilullahın adı yazılıb.

DİGƏR XƏBƏRLƏR

Top