Şərq dünyasında ilk sistematik əxlaq kitabının müəllifi: Nəsirəddin Tusi


Əvvəlini buradan oxuya bilərsiniz...

Nəsirəddin Tusiyə dünya şöhrəti qazandıran onun yazdığı “Zici-Elxani”adı altında toplanmış astronomik cədvəlləri, riyaziyyata, astronomiyaya dair əsərləri və Marağa rəsədxanasını inşa etdirməsi olmuşdur. Onun əsərləri Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. Ancaq Tusini şərq xalqlarına sevdirən isə onun “Əxlaqi-Nasiri” adlı əsəridir. Dilinin səlisliyi ilə şöhrət tapan bu əsər 700 ildən artıq bir müddətdə mədrəsələrdə oxudulmuşdur. İslam dünyasında ilk sistematik əxlaq kitabı olan bu əsərin qələmə alınması ilə bağlı maraqlı versiyalar var.
Belə ki, əxlaq, fəlsəfə və məntiq elmlərinə maraq duyan Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm otuz yaşlı Tusini sarayına qonaq çağırır və gənc alimdən İbn Miskəveyhin (942-1030) “ət-Təharat” (Təzhibul-Əxlaq) kitabını ərəb dilindən fars dilinə tərcümə etməsini istəyir. Tusi bu kitabı tərcümə etmək əvəzinə, yeni, daha mükəmməl bir kitab yazmaq qərarına gəlir. Lakin bu qərar o dövr üçün çox cəsarətli, həm də qorxulu idi. Bu, bir tərəfdən hökmdarın arzusunun əleyhinə olduğu üçün onun qəzəbinə, digər tərəfdən İbn Miskəveyhin kitabı əvəzedilməz hesab edildiyi üçün, qeyri-təvazökarlıq kimi qiymətləndirilə bilərdi. Qərar hökmdar qarşısında elə ifadə edilməli idi ki, xoşagəlməz hadisələrə yol verilmədən istənilən nəticə əldə edilsin.
Tusi tərcümədə əslinə uyğun mənanı yaxalaya bilməyəcəyindən, həmçinin əslinin təhrifə məruz qalacağından qorxduğu üçün bu təklifi qəbul etmir. Tusi bu qədər gözəl əsəri başqa bir dilə tərcümə etməyin çətinliyi, həmçinin bu kitabda o dövrün ehtiyaclarına görə böyük əhəmiyyət kəsb edən ailə münasibətləri və şəhər idarəsi kimi iki mühüm mövzunun olmadığını, hansı ki, bu iki məsələnin açıqlanması gərəkdiyini ustalıqla sultana izah edir. Beləcə Nasirəddin Möhtəşəm Tusinin yeni bir kitab yazma arzusunu qəbul edir. Tusi bu məşhur kitabı Nasirəddin Möhtəşəmin əmri və təşviqi ilə yazdığı üçün kitaba “Əxlaqi-Nasiri” adını verir. Tusi bu əsərində əsasən özünün fəlsəfi, əxlaqi, ictimai və siyasi fikirlərini verməyə çalışmışdır.
Tusi “Əxlaqi-Nasiri” əsərində özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekununu bir araya gətirmişdir. “Əxlaqi-Nasiri” əxlaq sahəsində yazılan Farsça kitapların ilki və günümüzə qədər gəlib çatmış ən dəyərlisidir. Bu xüsusiyyətilə İslam dünyasında əxlaq sahəsində yazılmış daha sonrakı əsərlərin bir çoxuna ehtiva etdiyi mövzular baxımından nümunə təşkil etmişdir.

İstanbulda Süleymaniyyə kitabxanasında saxlanılan “Əxlaqi-Nasiri” kitabının əlyazma nüsxəsinin ilk səhifəsi.
Gəlin “Əxlaqi-Nasiri”də Tusinin ailə və mənzil ilə bağlı fikirlərinə nəzər yetirək... Tusi “mənzil” dedikdə binanı deyil, aralarında müəyyən ictimai-iqtisadi münasibət olan ailəni nəzərdə tutur. O yazır: “Bilmək lazımdır ki, burada “mənzil” dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur. Bu, elə xüsusi bir quruluşdur ki, orada ərlə arvad, valideynlə övlad, xidmət edilənlə xidmət edən, mal sahibi ilə mal arasında müəyyən münasibət olmalıdır. Onların yaşadığı yerin taxtadan, daşdan, çadırdan, mağaradan, ağac kölgəsindən və ya komadan olması məsələnin mahiyyətini dəyişmir.
Tusi ailəni bütöv bir bədənə, ailə üzvlərini bədən üzvlərinə oxşadır, ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edir. Təbib insan bədəni, üzvləri arasında münasibətin sağlamlığına necə fikir verirsə, ailə başçısı da bütün ailə, eləcə də onun üzvləri arasında olan münasibətlərə diqqət yetirməlidir.
Tusi “Əxlaqi-Nasiri” əsərində öz əxlaq fəlsəfəsini və əxlaqlı olmaq istəyən insanın nəyi və necə öyrənməsi gərəkdiyini izah etmişdir. Ona görə əxlaqi yetkinliyə çatmaq üçün fərd, ailə və cəmiyyət həyatının əxlaqi ölçülərə uyğun olaraq təşkil edilməsi lazımdır. Tusi bu düşüncələrini “Əxlaqi-Nasiri” əsərində əsaslandırmışdır.
Tusi insan xarakterinin və əxlaqi keyfiyyətlərinin yenidən tərbiyə vasitəsilə dəyişdirilməsinin mümkünlüyünü təsdiq edirdi. Bununla da o, tərbiyə prosesində yenidən tərbiyənin rolunu yüksək qiymətləndirirdi. O, eyni zamanda erkən tərbiyəni də yüksək qiymətləndirir. Görkəmli pedaqoq bir uşağı balaca yaşda tərbiyə etməyin, sonradan tərbiyə etməkdən asan olduğunu görərək, erkən tərbiyənin daha mühüm olduğunu vurğulayır.
Tusiyə görə, uşağın təlim-tərbiyəsində ilk iş, onu əxlaqını pozacaq şəxslərdən qorumaqdır. Çünki uşaq təbiəti safdır və nə verilsə onu almağa hazırdır, xüsusilə də  yaşıdlarından daha çox təsirlənir. Bu səbəblə uşağın əhatəsində olduğu və birgə vaxt keçirdiyi yaşıdlarının kimlər olduğuna xüsusi diqqət yetirilməlidir.
Uşağın zehninin canlı qalması, yaddaşının güclənməsi, bədəninin gümrah olması üçün çox yatmağa icazə verilməməlidir. Uşaq günorta vaxtı yatırılmamalı, yayda sərin, qışda isə isti otağa öyrəşdirilməməlidir. Uşağın çətinliklərə qarşı dözümlü olması onun sonrakı həyatı üçün faydalıdır.

Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi tədris olunan “Əxlaqi-nasiri” kitabı ölkəmizdə də Heydər Əliyev Fondu tərəfindən latın qrafikası ilə yenidən nəşr olunmuşdur.​
Tusi məsləhət görür ki, uşağı mehribanlıq və məhəbbət doğuran xoş kəlamlarla tərbiyə etmək lazımdır. O, eyni zamanda uşağa çox pul verməyi, şirnikdirməyi, onun yersiz istək və arzularını yerinə yetirməyi məsləhət görmür. Tusi eyni zamanda uşağı çox danlamağı, hər şeyi ona qadağan etməyi də məsləhət görmür. Çünki uşaq qadağan olunmuş şeylərə həvəskar olar, quru nəsihətə qulaq asmaqdan bezər, bəd əməllərə, bəlkə də daha incə hiylələrə əl atar.
Tusinin sənət və sənət seçmək haqqında söylədiyi fikirlər də pedaqoji baxımdan dəyərlidir. Onun fikrincə uşağın hər hansı bir peşəyə qabiliyyəti və həvəsi yoxdursa, onu həmin sahəyə məcbur etmək olmaz. Tusi peşə seçməklə fitri istedadın inkişaf etdirilməsini çox vacib və əhəmiyyətli hesab edir.
Nəsirəddin Tusi dövlət anlayışı haqqında ətraflı məlumat vermiş, beləliklə də Azərbaycan siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi kimi də tarixə düşmüşdür. “Heç nə bizi ədalətsizlik qədər qəzəbləndirmir, dözməli olduğumuz bütün digər şər növləri onunla müqayisədə heç nədir” –deyən alman filosofu Kantdan 5 əsr əvvəl Tusinin siyasi görüşləri sosial ədalətin müdafiəsi ilə müşayiət olunur. Onun fikrincə: “Xalqın müxtəlif təbəqələri arasında uyğunluq yaradılması, xalqın vəziyyətinə və təbiətinə diqqət verilməsi, hər kəsin ləyaqət və istedadına görə vəzifəyə təyin edilməsi ədalətin ümdə şərtlərindən biridir”.
Tusiyə görə, dövlətin ömrünün uzun olmasını təmin edən ən önəmli amil ədalətdir. Əgər idarəçilər xalqla yaxşı davranar, onları qoruyar, haqq və hüquqlarına riayət edərsə dövlətin ömrü uzun olar. Əks halda çox tez dağılar. Hökmdar xalqla yaxşı rəftar etməz, mal toplamağa və zənginliyə meyl edərsə, dövlət işlərində ehmalkarlıq etməyə başlayar. Bu da dövlətin var olma müddətini azaldar. Hökmdarın xalqa qarşı çox böyük vəzifələri vardır. Hökmdar bunların hamısını ayrı-ayrılıqda yerinə yetirmək məcburiyyətindədir. Hökmdar xalqa zülm edərək bezdirməkdənsə onların xidmətçisi olmalıdır və əsl hökmdarlıq da elə budur.
Tusi geyim və mənzil ehtiyacındakı əsl məqsədin isti və soyuqdan qorunmaq, yemə və içmədəki əsl məqsədin aclıq və susuzluğu aradan qaldırmaq, cinsi münasibətdəki əsl məqsədin isə nəslin davamlılığını təmin etmək olduğunu vurğulayır. Bunları ehtiyacdan çox əldə etmək faydalı kimi görünsə də əslində zərərlidir. Tusiyə görə, əsl ləzzət və həzz almaq duyğusu sağlıqlı və səhhətli olmaqda gizlidir.
Tusiyə görə, dolanışığını təmin etmək üçün çalışmaq məcburiyyətində olan insanlar özlərinə əziyyət verməməli, dünya malına həddindən çox aludə olmamalı, sosial münasibətlərdə ədaləti əldən verməməlidir. Doymuş heyvan acgözlük etmədiyi kimi, insan da ehtiyacını təmin etdikdən sonra artığına göz dikməməlidir. Bununla yanaşı özünün və ya ailəsinin dolanışığında məsuliyyətsiz olmamalı, özünü və ailəsini eytiyac içində buraxmamalıdır. Səhhətini qorumağa səy göstərməli, heç bir halda şəhvətin coşmasına, qəzəbin həddini aşmasına imkan verməməli, onları təbii vəziyyətdə saxlamağa çalışmalıdır. İnsan Allahın yaratdığı fitrət üzrə hərəkət edərsə, həyatında elə də sıxıntı yaşamaz.
Tusi “Əxlaqi-Nasiri” kitabını İbn Miskəveyh, Fərabi, İbn Sina, Qəzali, Aristotel, Platon kimi bir çox şərq və qərb alimlərinin fikirlərindən istifadə edərək qələmə almışdır. Tusi bu alimlərin hər birindən aldığı fikirləri “Əxlaqi-Nasiri”də təhlil edərək bir araya gətirmişdir. “Əxlaqi-Nasiri”dəki birinci məqalə İbn Miskəveyhin “Təzhib əl-Əxlaq”, ikinci məqalə İbn Sinanın “Risalətu Tədbirul-Mənzil”, üçüncü məqaləsi isə Fərabinin müxtəlif əsərlərindən istifadə edilərək hazırlanmışdır. Dolayısı ilə “Əxlaqi-Nasiri” bir çox görüşün bir araya gəlməsi ilə  meydana çıxmışdır.

Azərbaycan, İran və digər bir çox ölkədə Nəsirəddin Tusi adına poçt markası buraxılmışdır.
Tusi, Hülaku xanın himayəsinə girdikdən sonra onlarla birlikdə Bağdad səfərinə qatılmışdır. Bağdadda Abbasi xəlifəsi Mötəsimin öldürülməsində Tusinin tövsiyə və yönləndirməsi olduğunu iddia edənlər də vardır ki, bu, Tusi üçün çox ağır ittihamdır. Əsasən bu ittihamı səsləndirənlər İbn Teymiyyə (1263-1328) və tələbəsi İbn Qayyım əl-Cevziyyə (1292-1328) olmuşlar. Hətta Hülaku xanın Bağdadı işğal etmək üçün səfərə çıxmasını Tusinin tövsiyələri ilə bağlayanlar da vardır.
Tusinin müasiri olan İbn Teymiyyə (1263-1328) və İbn Qayyim əl-Cevziyyə kimi alimlər onun şəri qaydalara tabe olmadığını, namaz və oruc kimi ibadətləri yerinə yetirmədiyini, şərab içdiyini, axirətə inanmadığını, aləmin əzəli (qədim) olduğunu iddia ettidiyini irəli sürmüşlər. Hətta İbn Qayyim, Tusinin Quranı “avamın Quranı”, İbn Sinanın “əl-İşərat” əsərini isə “xəvasın Quranı” adlandırdığını demişlər. Eyni alimlər Tusinin rəsədxana fəaliyyəti ilə məşğul olmasını sehrlə məşğul olmaq kimi qələmə vermişlər. Ancaq bütün bu iddialar həqiqətdən uzaqdır. Tusinin xüsusilə kəlama dair əsərlərinə nəzər yetirəndə onun şəriətdən kənara çıxmadığına şahid oluruq.
Tarixçi İbn Kəsir “Bidayə vən-Nihayə” adlı əsərində bu tənqidi fikirlərin doğru olmadığını qeyd edərək deyir: “Bəzi insanlar Tusinin Hülaküyə xəlifəni qətl etməsini işarə etdiyini iddia edirlər. Bu, Tusi kimi fəzilət və ağıl sahibi bir şəxs üçün ağlasığmaz bir iftiradır”.

Hülakü xan Nəsirəddin Tusiyə yanında baş elmi məsləhətçi kimi çalışmağı təklif etmişdi. Tusi xalqına ən yaxşı xidmət yolunu bu təkliflə razılaşmaqda gördü. Çünki Hülakü xanın yanında olmaqla onun məqsədlərini bilib, onları istiqamətləndirmək mümkün idi. Məhz 1258-ci ildə Hülakü xanın qoşunları Bağdadı işğal edərkən, Nəsirəddin Tusinin dinc əhalinin müdafiə olunmasında müstəsna rolu olmuşdur. Bağdadı tərk edərkən hökmdarın təklifi ilə onun elçisi kimi Nəsirəddin Tusi Bağdadda qalır. Burada onun gördüyü ilk işlərdən biri məşhur Bağdad kitabxanasının qorunub saxlanmasını təmin etmək, həmin dövrdə burada cəmlənən alimlərə himayədarlıq etmək olmuşdur.
Nəsirəddin Tusinin əsərlərinin sayı haqqında müxtəlif rəqəmlər söylənir. Araşdırmalar onun 150-ə yaxın əsər yazdığını bildirir. Bu əsərlər məntiq, riyaziyyat, fəlsəfə, astronomiya və s. kimi mövzuları əhatə edir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doğumunun 800-cü ildönümündə Nəsirəddin Tusinin əsərlərini və dünyanın hansı kitabxanalarında saxlandığını tanıtan, eyni zamanda müxtəlif dillərdə Tusi haqqında yazılan kitab və məqalələrin siyahısı verilən kataloq nəşr etmişdir. (Xacə Nəsirəddin Tusi, Biblioqafiya, Bakı, 2004).
Nəsirəddin Tusinin kəlam elminə dair yazdığı “Təcridul-Etiqad” adlı əsərinə özündən sonra 200-ə yaxın şərh və haşiyə yazıldığı kimi, Tusi də özündən əvvəlki alimlərin əsərlərinə şərhlər yazmışdır. Tusinin ən məşhur əsərlərindən biri İbn Sinanın “İşarət vət-Tənbihat” əsəri haqqında yazdığı “Şərhul-İşərat vət-Tənbihat” adlı şərh əsəridir. Qeyd edək ki, İbn Sinanın “İşərat vət-Tənbihat” əsəri haqqında yazılmış ən mühüm şərh məhz Tusinin bu əsərdir. Tusi İbn Sinanın “İşərat vət-Tənbihat” kitabına yazdığı şərh üzərində 20 ilə yaxın işləmiş və onu 1246-cı ildə Ələmut qalasında həbsdə olarkən tamamlamışdır.
Nəsirəddin Tusinin ilahiyyat, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, hüquq, müsişünaslıq, pedaqogika və psoxologiya elmlərinə dair qiymətli əsərləri mədəni dünyanın əvəzsiz elmi sərvətinə çevrilmişdir. “Əxlaqi-Nasiri”, “Zici-Elxani”, “Biliklərə yiyələnmənin əsasları” və s. kimi nadir əsərlərinə görə bu qüdrətli dühanın adını Aristotel, Arximed, Nyuton, Evklid, Kopernik və başqaları ilə birgə çəkmək olar.
Tusinin elmi-bədii irsi olduqca zəngindir. O, dövrünün ən görkəmli alimi hesab edilmiş, “əllamə”, “mühəqqiq”, “həkim”, “xacə”, “ustad”, “əsrin yeganəsi”, “son filosof” və s. ləqəblərlə şöhrət tapmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasına onun adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilib.

Nəsirəddin Tusi İslam dünyasının elm və fəlsəfə baxımından yüksəkdə, siyasi istiqrar baxımından isə çöküş və qarışıqlıq dövründə yaşamışdır. Tusi məşşai məktəbinə mənsub bir alim idi. O, fəlsəfi bir sistem qurmuş filosof olmasa da, başa düşülən, açıq və aydın bir üslubda İbn Sinanın əsərlərini şərh etməsi ona fəlsəfə sahəsində məşhurluq qazandırmışdır. İbn Sinanı şərh etdiyi “Şərhul İşərat vət-Tənbihat” Tusinin mühüm əsərləri arasındadır.
Tusi 1274-cü ildə 73 yaşında Bağdadda dünyasını dəyişmiş, bu şəhərdə İmam Musa Kazımın türbəsinin yanında Abbasi Xəlifəsi Nasir Lidinillah üçün hazırlanmış, ancaq bəzi səbəblərə görə xəlifəyə qismət olmayan məzara dəfn edilmişdir.
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top