Dünyada ilk astronomik müşahidə mərkəzinin banisi: Nəsirəddin Tusi


Yazının bu bölümündə əsasən görkəmli alim Nəsirəddin Tusinin Marağa rəsədxanasını inşa etməsindən bəhs olunacaq. Nəsirəddin Tusi 1201-ci ildə Tus şəhərində dünyaya gəlmişdir. İlk təhsilini atasından alan Tusi balaca yaşdan etibarən həqiqəti axtarma eşqinə düşmüşdür. O, elm öyrənmək üçün 15 yaşında dövrün elm mərkəzlərinə səfər etmişdir. Görkəmli alim qısa bir vaxtda elm aləmində məşhur olmuşdur.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fəth olunmaz sayılan Ələmut qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuşdu. O günə qədər 12 il idi ki, Ələmut qalasında göz həbsində (nəzarət altında olmaq) və dözülməz mənəvi sıxıntılar içərisində saxlanılan Nəsirəddin Tusi və digər elm xadimləri Hülakü xanın əmrilə azad edilmişlər. Ağır şərtlər altında qalan Tusi Ələmut qalasındakı sıxıntılı dövründən bəhs edərkən belə demişdir: “Dövrümə baxıb elə gördüm ki, bəla bir üzüksə, mən də onun qaşıyam”. Tusi və digər alimlər bütün sıxıntılara baxmayaraq, bu müddət ərzində Ələmut qalasındakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdular.


Nəsirəddin Tusinin 12 il göz həbsində saxlandığı Ələmut qalasının günümüzə gəlib çatan bəzi hissələri

Nəsirəddin Tusinin İsmaililərin nəzdində böyük hörməti var idi. Astronomiya, fəlsəfə və məntiq sahələrində əsərlər yazan Tusinin fikri baxımdan İsmaililər üzərində təsiri olmuşdu. Ancaq vaxt ötdükcə bu yaxın əlaqələr pozulmuş və Ələmut qalasında göz həbsində saxlanılmışdı. Buna səbəb olaraq da Tusinin məhəlli bir dövlət olan İsmaililərin vilayəti idarə edən şəxslərinin (valilərin) qeyri-məhdud siyasi və mənəvi hegemoniyasına qarşı çıxması idi.
Tusinin elmi şəxsiyyəti onu Elxanilər dövlətinin qurucusu və ilk hökmdarı (1256-1265) Hülakü xanın yanında da hörmətli bir şəxs halına gətirir. Tusi dövlətin idarə edilməsini, siyasi və iqtisadi məsələləri çox yaxşı bilirdi. Bu da ona yeni bir dönəmdə, Elxanilər dövlətində söz sahibi olmaq fürsəti vermişdi. Bu səbəblə də Nəsirəddin Tusi Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Tusinin Hülakü xanın yanındakı bu hörməti, xüsusilə müsbət elmlərdəki fəaliyyətini davam etdirmək üçün maddi dəstək əldə etməsinə səbəb olmuşdu.
Marağa rəsədxanası deyiləndə ağıla istər-istəməz Nəsirəddin Tusi gəlir. Görəsən Marağa rəsədxanasında nə kimi işlər aparılmışdı? Bundan 800 il əvvəl Nəsirəddin Tusinin bu rəsədxananı qurmasında əsas məqsəd nə idi? Ümumiyyətlə hələ o illərdə nə üçün insanlar göy cisimlərini öyrənməyə çalışırdılar? Nə üçün bu, lazım və gərəkli idi? Hardasa bu kimi sualları bir rəsədxana inşa etmək istəyən Tusiyə Hülakü xan da vermişdi... Tusi isə qısaca “Yer üzündə sakit yaşamaq üçün göydəki hadisələri öyrənmək lazımdır” demişdir. Hətta rəvayətə görə, Nəsirəddin Tusi sözündəki həqiqəti Hülakü xana daha güclü çatdırmaq üçün bir səhnə belə hazırlamışdı.


Quql axtarış sistemi ana səhifəsinin loqosunda Nəsirəddin Tusini yad edən bir “doodle” hazırlamışdır
O, Hülakü xanı razı salaraq Azərbaycanın Marağa şəhərində öz dövrünə qədər İslam coğrafiyasında tikiləcək ən böyük rəsədxananın inşası üçün maddi qaynaq təmin edə bilmişdi. Rəsədxananın çox xərc aparması Hülaki xanı təəccübləndirirdi. O, bu qədər xərclə ordunu və ya dövləti başqa cəhətdən gücləndirməyi daha məqsədəuyğun sayırdı. Tusi, Hülakü xanın: “Bu qədər xərc nəyə lazımdır?” sualına qaneedici cavab vermək üçün onu şəhərdən kənara gəzintiyə dəvət edir. Bu zaman o istəyir ki, dağın başından bir mis qazanı aşağı dığırlasınlar. Xanı da bundan xəbərdar edir. Bu mis qazan dağ aşağı yuvarlanarkən çox böyük gurultu salır və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmağa çalışırlar. Tusi isə Hülakü xandan insanların qorxub qaçma səbəbini soruşur. Xan deyir ki, səbəb bizə bəllidir. İnsanların isə bundan xəbəri yoxdur. Ona görə də biz sakit və rahat dayanmışıq. Bundan sonra Nəsirəddin Tusi xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimiz üçün burada sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini əvvəlcədən bilsək, yer üzündə həmişə sakit yaşayarıq”. Cavab hökmdarın xoşuna gəlir və rəsədxananın inşasına başlanılır. Hülaki xan rəsədxana inşası üçün 20 min dinardan çox pul ayırır. Rəsədxananın inşası 1259-cu ildə tamamlanmışdır. Marağa rəsədxanası 7 Elxanlı hökmdarının dövründə 53 il fəaliyyət göstərmişdir.
Hülakü xan Nəsirəddin Tusiyə rəsədxana tikintisinə dəstək verəcəyini açıqladıqdan sonra Ceyhun (Amudərya) çayından Roma sərhədlərinə qədər onun əmrində olan şəhərlərdən birini seçməsində sərbəst buraxdı. Tusi də Marağa şəhərini seçir. Tusi rəsədxananın məhz Marağa şəhərində inşa edilməsini əsaslandırarkən buranın hündür mövqedə yerləşməsini, il ərzində yağışlı günlərin az olmasını, buludsuz açıq səmanın üstünlük təşkil etdiyini əsas gətirmişdi. Beləliklə də cəmi 56 il fəaliyyət göstərsə də, bu gün dağıntıları qalan Marağa rəsədxanasının tarixdə bir iz buraxmasına səbəb olmuşdu.


Marağa rəsədxanasının günümüzə qədər gəlib çatmış bəzi bölümləri
Elxanilər dövləti zamanında Marağa şəhəri həm sahəsi, həm də əhalisinin sayına görə Təbrizdən sonra Azərbaycanın ən böyük şəhəri idi. Tarixi mənbələrə görə, Marağa şəhəri Azərbaycanda Təbrizdən sonra ən çox vergi verən ikinci şəhər idi. Hülakü xanın maddi və siyasi dəstəyi ilə burada inşa edilən Marağa rəsədxanası həqiqi mənada ilk astronomik müşahidə mərkəzi hesab edilir.
Tusinin təşkilatçılığı ilə qurulan bu rəsədxananı günümüzlə müqayisə etsək, İsveçrədə qurulan 3000 fizikçi və mühəndisin, elm adamının çalışdığı, tədqiqatlar apardığı Avropa nüvə araşdırmaları mərkəzinə (CERN) bənzətmək olar. Bu günün imkanları ilə “CERN” qurulduğu kimi, o günün imkanları ilə də Tusinin təşkilatçılığı ilə həmin bu Marağa rəsədxanası qurulmuşdur.
Həbibulla Məmmədbəyli Tusinin təşkilatçılığı və səyi nəticəsində ərsəyə gələn Marağa rəsədxanası haqqında belə deyir: “Əgər indiki mülahizəyə əsasən Marağa rəsədxanasını onun fəaliyyətinə görə qiymətləndirmiş olsaq, deməliyik ki, o öz elmi işlərinin mahiyyətinə görə orta əsr akademiyalarından biri olmuşdur” (H.Məmmədbəyli, “Məhəmməd Nəsirəddin Tusi”, Bakı, 1968, səh 92).
Marağa rəsədxanası həmin dövr üçün ən möhtəşəm elm ocaqlarından biri sayılırdı. XIII əsrin ortalarına kimi Şərqin heç bir bölgəsində o böyüklükdə rəsədxana tikilməmişdi. Xaricdən gələn nümayəndələr, xüsusən də Çindən və Orta Asiyadan gələn monqol nümayəndələri rəsədxananın möhtəşəm tikintisinə baxanda heyrətlənir və öz vətənlərinə Tusi və onun həmkarları barəsində yaranan xoş təəssüratlarla qayıdırdılar.
Həmin dövrdə Elxanilər dövlətində uzunmüddətli sabitliyi görən Bizansın, Venetsiyanın, Genuyanın (İtaliyada şəhər) və digər Avropa şəhərlərinin tacirləri, dənizçiləri, elm və mədəniyyət adamları Təbrizə, Urmiyaya, Marağaya, Ərdəbilə mütəmadi olaraq səfərlər etmiş və əlverişli fürsətdən istifadə edərək, orada məskunlaşmağa da çalışmışdılar. Buna bariz nümunə kimi, genuyalıların Təbrizdə böyük bir küçədə yaşayış evləri almasını göstərmək olar. Məhz onlar Marağa kitabxanasına gəlib oradakı əlyazmalarla maraqlanmış və rəsədxana dağılandan sonra onların bəzilərini alıb öz vətənlərinə aparmışdılar.

Marağa rəsədxanası sadəcə göy cisimlərinin müşahidə mərkəzi deyil, dövrün ən yaxşı alimlərinin çalışdığı, tələbələrin elm öyrəndiyi bir mərkəz idi. Nəsirəddin Tusi monqol istilasından sonra yerlə yeksan edilən kitabxanalardakı kitabları xilas etməyə çalışmış və bu əsərləri Marağa rəsədxanasında yenidən bir araya gətirmişdir. Bu minvalla Marağa rəsədxanasına gətirilən bu kitabların sayı dörd yüz min ədədə çatmışdır. Bu minvalla Nizamul-Mülkün Bağdadda qurduğu Nizamiyyə mədrəsəsindən heç də geri qalmayan Marağa rəsədxanası dövrün ən yüksək səviyyədə elmi fəaliyyətlərinin aparıldığı bir akademiya halına gəlmişdi. Bir mənada Bağdadda bir günəş batarkən, Tusi eyni günəşin bir kərə daha Marağada parlamasına səy göstərir və çalışırdı.
Nəsirəddin Tusi Ələmut qalasının monqollar tərəfindən tutulmasından sonra buradakı zəngin kitabxananın yağmalanmasından narahat idi. Hülakü xan ilə olan yaxın münasibətləri sayəsində Tusi Ələmut qalasındakı məşhur kitabxananın da məhv olmaqdan qurtararaq Marağaya gətirilməsinə nail olmuşdu. Həmçinin Nəsirəddin Tusi Hülakü xanın sarayındakı nüfuz və mövqeyinə görə bir çox elm adamının monqolların qılıncı altında ölmələrini əngəlləmişdi.
Nəsirəddin Tusi monqolların hökmdarı Hülakünün mümkün qədər daha az zərər verməsinə səy göstərir, onu faydalı işlərə cəlb etməyə çalışırdı. Müasir dövrdə yaşamış bir İslam mütəfəkkiri olan Sıddiqiyə görə, “Həm fikri həm də siyasi baxımdan çöküş dövrü yaşayan bir vaxtda Hülakünün Nəsirəddin Tusini himayə etməsinin İslam düşüncə tarixi baxımından çox mühüm bir hadisə kimi qeyd etmək olar. XIII əsrdə fəlsəfi elmlərin yenidən canlanması və inkişafında Tusinin elmi şəxsiyyətinin böyük rolu olmuşdur”.
Nəsirəddin Tusinin monqollar tərəfindən tələf edilmiş Bağdad şəhərinin elmi mirasını və dövrün alimlərini Marağa rəsədxanasına toplaması sanki böyük bir yanğından ən dəyərli malları qurtarmağa bənzəyirdi. Sanki çöküş dövrünün səsləri yavaş-yavaş eşidilməyə başlamışdı. O dövrlərə qədər bir küheylan tək kükrəyən, günbəgün inkişaf edən İslam mədəniyyət və sivilizasiyasında durğunluq dövrləri başlamışdı. Tusi də məhz bu dövrün dahisidir. Tusinin böyüklüyünü həm də orada axtarmaq lazım ki, o, böhran dövrünün alimi idi və Hülakülərin İslam aləminə verdiyi və verəcəyi zərərləri ən aza endirməyə çalışırdı. Sanki o büdrəyərək yerə yıxılan atı yenidən ayağa qaldırmağa çalışırdı. Sanki başlamış bir mərhələnin sadəcə olaraq ömrünü uzatmağa cəhd edirdi. Bəlkə də yerə düşmək üzrə olan bayrağı əmin əllərə verərək bu dünyadan ayrılmaq istəyirdi. Tusini araşdırarkən bir də bu aspektdən baxmağın doğru olduğunu  düşünürəm. Sonradan gələn və Tusinin bu ülvi yolu ilə getmək istəyənlərə isə əsrlərdir təxribə, dağıntıya məruz qalmış bu elm qalasının, mədəniyyət qalasının təmiri ilə məşğul olmaq düşəcəkdi.

Marağa rəsədxanasının əsas müşahidə aparılan binasının günümüzə qədər gəlib çatan hissəsi qübbə formalı örtüklə qoruma altına alınmışdır.
800 il əvvəl böyük bir rəsədxananın ərsəyə gəlməsində ön ayaq olan, bunun üçün dövrün hökmdarlarını bu işə cəlb edən, hətta rəsədxanadakı bir çox aləti özü düzəldən Nəsirəddin Tusinin əlində bugünkü imkanlar olsaydı, ya da elə günümüzdə yaşasaydı, kim bilir daha nələr kəşf edərdi... Sual oluna bilər ki, hələ XIII əsrdə astronomiyaya, səma cisimlərinə belə bir maraq haradan irəli gəlirdi. Onun yaşadığı dövrdə Monqol istilaları nəticəsində başda Bağdad olmaqla İslam şəhərlərinin, elm mərkəzlərinin talanması, yerlə yeksan edilməsi ilə yadda qalmışdı. Ancaq bununla yanaşı, Nəsirəddin Tusinin doğulub böyüdüyü, yaşadığı və elmi fəaliyyətlə məşğul olduğu yerlər İslam məmləkəti və müsəlman coğrafiyası idi. Bu minvalla Nəsirəddin Tusini hələ o dövr üçün belə olduqca qəliz və mürəkkəb iş olan rəsədxana inşasına sövq edən amillər arasında İslamın elmə verdiyi dəyəri görməmək olmaz. Həmçinin burada əvvəlki millət və mədəniyyətlərdən miras qalmış elmi uğurlardan da söz etmək olar.
Kainatı daha yaxşı tanımaq istəyi, fəzanın ən uzaq nöqtələrinə nüfuz edə bilmək arzusu yadırğanılacaq bir məsələ deyil. Bunlar həm də Quran ayələrinin insanlara tövsiyəsidir. Misal üçün Rəhman surəsindəki bu ayəyə nəzər salaq: “...göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq Allahın sizə bəxş etdiyi elmin gücü ilə bunu edə bilərsiniz!” (Rəhman, 55/33).
Yuxarıdakı ayələrin ümumi ardıcıllığı bizə onu deməyə əsas verir ki, Uca Yaradanın (c.c) hökm və səltənətindən kənara çıxmaq mümkün deyil. Ancaq eyni ayələr bizə fəzanın dərinliklərinə nüfuz edə bilmənin mümkünlüyü xəbər verir. Bu ayələrdə fəzanın dərinliklərinə yol tapa bilən insanın, Allaha (c.c) verəcəyi haqq-hesabdan qaçış yolu tapa bilməyəcəyi vurğulanır. Burada bir qapının bağlı olduğu xəbər verilir, eyni zamanda kosmosun fəthinin, oraya nüfuz etmənin mümkünlüyü güclü bir şəkildə öz əksini tapır. Sözsüz ki, bu və ya digər kosmosla bağlı ayələr Nəsirəddin Tusi kimi alimləri düşünməyə, rəsədxana qurmağa, kainatı araşdırmağa sövq edən amillər idi.


Arxeoloji tədqiqatlar nəticəsində əldə edilən Marağa rəsədxana kompleksinin ilkin fəaliyyət dövründəki planı
Nəsirəddin Tusi Marağa rəsədxanasına gələn yüzlərcə alimin köməyi ilə astonomiya kataloqlarını əhatə edən və astronomiya sahəsində ən mühüm əsəri olan “Zici-Elxani”yi yazmağa başlamış, ancaq vəfat etdiyi üçün bu əsər yarıda qalmışdır. Onun dövrünə qədər yazılan astronomiyaya dair kataloqlar içərisində ən inkişaf edəni bu əsər idi. “Zici-Elxani” başda Çin olmaq üzrə bütün Asiyada məşhur olmuşdu. Marağa rəsədxanasındakı Tusinin icad etdiyi astronomiyaya dair alətlərdən biri səma cisimlərinin yerinin hesablanmasını təmin edən və mövqeyini göstərən “torquetum” aləti idi.

Süleymaniyyə kitabxanasında saxlanılan Nəsirəddin Tusinin “Zici-Elxani” adlı əsərinin əlyazma nüsxəsinin ilk iki səhifəsi
Marağa rəsədxanasında həm tədqiqat işləri aparılır, həm də yeni alimlər nəslinin yetişdirlməsi sahəsində işlər aparılırdı. Marağa rəsədxanasında hazırlanmış göy kürənin (səma kürəsinin) orijinalı günümüzə qədər gəlib çatması böyük şansdır. 1273-cü ildə hazırlanan həmin göy kürə (səma kürəsi) günümüzdə Almaniyanın Drezden şəhərindəki şəkil qalereyasının elm salonunda saxlanılır.


Ulduzların mövqelərini göstərən “səma kürəsi”nin İstanbulda yerləşən “İslam Bilim ve Teknoloji Tarihi Müzesi”ndəki surəti (əsli Drezden şəhərindədir).
Nəsirəddin Tusinin gördüyü işlərdən biri də yararsız hala gəlmiş qədim əsərlərə elmi cəhətdən düzəlişlər etmək, onları anlaşılır hala salmaq və yenidən oxucu ilə görüşdürmək idi. Yox olmaq üzrə olan, ya müəllifin bilgi əskikliyinə görə, ya da əsəri köçürən xəttatların səhvinə görə əsərdəki elmi xətaları düzəldərək yenidən oxucu ilə görüşdürmək, həqiqətən də, həm o gün, həm də bu gün üçün olduqca mühüm və zəhmətli işdir.
Marağa rəsədxanasında o dövr üçün qeyri-mümkün hesab edilən Ay və Günəş tutulmalarını qabaqcadan xəbər verməkdən ötrü cədvəllər tərtib edilmişdir. Bu cədvəllər əsasında tutulmanın növü, müddəti, yeri və başqa xüsusiyyətləri qabaqcadan xəbər verilirdi.
XII-XIII əsrlərdə həm Monqol istilaları, həm də digər ölkələr arasındakı çəkişmələr bir çox sahədə dağıntılara səbəb olmuşdur. Ancaq Marağa rəsədxanası timsalında olduğu kimi bu dövrdə elmi cəhətdən əldə edilən nailiyyətlər sanki dünya elm tarixinə verilən bir ərmağan idi. Günümüzə sadəcə dağıntıları gəlib çatan Marağa rəsədxanasının bu hala gəlməsinin müxtəlif səbəbləri ola bilər. Burada aparılan arxeoloji qazıntılar nəticəsində aydın olmuşdur ki, rəsədxana və buradakı elmi tədqiqatlar öz fəaliyyətini dayandırandan sonra bölgə əhalisi buranın tikinti materiallarını yenidən istifadə etmək üçün söküb daşımışlar. Necə ki, yaxınlıqdakı Talib Xan kəndində rəsədxanada işlədilmiş bir çox kəsmə daşların kənd evlərində yenidən istifadə edildiyini görmək olar. Tədqiqatlar onu da göstərir ki, rəsədxana dağıntı halına gəlmədən əvvəl elmi alət və materialların hamısı başqa bir rəsədxana və ya elm mərkəzinə aparılmışdır. XIII əsrdə Çində, XV əsrdə Səmərqənddə, XVI əsrdə İstanbulda və XVII əsrdə Hindistanda Marağa rəsədxanası örnək alınaraq rəsədxanalar tikilib.


Davamını buradan oxuya bilərsiniz...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top