Koronavirusun görə İtaliyadakı “Apple” mağazası bağlanır


“Apple” şirkəti Avropada koronavirusun ən sürətlə yayıldığı İtaliyada pərakəndə satış mağazalarından birinin fəaliyyətini müvəqqəti dayandıracaq. İtaliya hökumətinin “COVID-19” ilə mübarizə üçün tədbirlər görməsi ilə əlaqədar şirkət buna kömək etmək qərarına gəlib.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, Berqamo əyalətində yerləşən “Apple Oriocenter” mağazası İtaliya hökumətinin fərmanına uyğun olaraq martın 7-8-də bağlı olacaq. Bu barədə məlumat “Apple” şirkətinin rəsmi regional saytında yerləşdirilib.

Ötən həftə Nazirlər Şurasının rəhbəri tərəfindən verilən fərmana görə, bu istirahət günlərində bütün böyük və orta mağazalar, o cümlədən ticarət mərkəzlərindəki kiçik ticarət nöqtələri bağlanacaq. Fərman Berqamo, Kremona, Lodi və Pyaçensa əyalətlərinə şamil edilib.

Analoji fərmanla əlaqədar fevralın 29-da və martın 1-də “Apple il Leone”, “Apple Fiordaliso” və “Apple Carosello” mağazalarının işi dayandırılıb.

İtaliya Mülki Müdafiə Agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə koronavirusdan ölənlərin sayı 27 nəfər təşkil edib, onların ümumi sayı isə 79-a çatıb.

DİGƏR XƏBƏRLƏR

Top