Tərtər sakini: "Evimi külək uçurub, 2 uşağım və xəstə anamla bayırda qalmışam"


"Şiddəli külək səbəbilə evimiz az qalsın başımıza uçacaqdı, bizə yardım edilməsini xahiş edirəm".
Bu sözləri Yeniavaz.com-a şikayəti zamanı Tərtər rayon Hüseynli kənd sakini Qarayeva Cəmalə İbrahim qızı deyib. O bildirib ki, şiddətli külək səbəbilə evi uçub, 2 uşağı və xəstə anası ilə birgə hazırda çadırda yaşayırlar:
"Çadırda yaşamaq olduqca çətindir, bir az yağış külək olan kimi içəri su ilə dolur, aidiyyatı şəxslərdən yardım istəyirik".
Cəmalə xanım həmçinin bildirdi ki, İcra başçısının yanına dəfələrə getməsinə baxmayaraq ona köməklik göstərməyiblər:
"Mənə deyirlər ki, evi özün uçurmusan, kənd camaatı hamısı şahiddir ki, külək mənim evimi bugünə salıb. Hamısı yalan deyir".
Mövzu ilə bağlı Tərtər Rayon İcra başçısının müavini Şabanov Ramiz İsmayıl oğlu ilə əlaqə saxladıq. O bildirdi ki, hadisə yerinə baxış keçirilib və sakinin evinin külək səbəbilə uçmadığı məlum olub:
"Onlar evlərini özləri uçurdublar. Ora əvvəllər məişət binası olub. Vaxtilə oranı alıblar, indi həmin yerin arxasında təzə ev tikirlər, oranı da yavaş-yavaş sökürlər. Biz ora baxış keçirmişik, külək oranı uçurmayıb. Buna baxmayaraq Qızıl Aypara Cəmiyyəti ilə əlaqə saxlayıb onlara çadır təşkil etmişik. Həmçinin bununla bağlı Fövqəladə Hallar Nazirliyinə də xəbər vermişik, məsələ ilə bağlı yəqin ki, onlar da xəbər verəcəklər".
Tərtər rayon Hüseynli kənd İcra nümayəndəsi Gülüstan Əhmədova isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, külək olan gün Qarayeva Cəmalə İbrahim qızına məxsus evə baş çəkib və hadisə barədə məlumat alıb:
"Mən həmin gün gedib evə baxdım və gördüm ki, bir-iki şiferi külək uçurdub. Təklif elədim ki, şifer alıb verək evin üstünü qursunlar ancaq razı olmadılar. Daha sonra evin divarlarını da kran çağırıb sökdürdülər".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top