Məhkəmə jurnalistin qardaşının ölümündə təqsirləndirilən hakimlə bağlı qərarı LƏĞV ETDİ


Ali Məhkəmədə qətl törətmiş Ələkbər Ağakişiyev barəsində zərərçəkmiş şəxs tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə ölən şəxsin bacısı, jurnalist Pərvanə Sabirqızı özünün Facebook səhifəsində yazıb. O bildirib ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə onların şikayəti təmin edilib: “Bakı Apelyasiya Məhkəməsinin qardaşım Pərvizin ehtiyatsızlıqdan ölməsi ilə bağlı çıxardığı qərar düzgün araşdırılmadığın ləğv edildi və yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarıldı”.

Qeyd edək ki, ötən il iyunun 28-də polisə Xırdalan şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikahda olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyənləşib.

Ə. Ağakişiyev tutulub və Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Ağakişiyevin ittiham olunduğu CM 126.3-cü maddəsi 124-cü maddəyə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum olunub. Apelyasiya Məhkəməsi hömdən verilən şikayəti təmin etməyib. 

Xatırladaq ki, Ə. Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimidir. P.Həbibov isə ANS telekanalının sabiq aparıcısı Pərvanə Sabirqızının qardaşıdır.  

DİGƏR XƏBƏRLƏR

Top