Prezidentin Neftçalaya icra başçısı təyin etdiyi 31 yaşlı gənc kimdir? - DOSYE - FOTOLAR


Xəbər verdiyimiz kimi Prezidentin müvafiq sərəncamı ilə, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının baş katibi və "İrəli" İctimai Birliyinin sədri M. Seyidov vəzifələrini icra edən 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən 287 saylı “Zəkalar” liseyində təhsil almağa başlayıb və 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən MirHəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2010 -2011-ci illər ərzində hərbi xidmətini başa vurub.
İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlayıb. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında(ARGTMŞ)  departament sədri vəzifəsini icra edib. 2007-ci ilin iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departamentin sədri kimi fəaliyyət göstərib. 2009-cu ilin may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında baş katibin müavini olaraq ictimai fəaliyyətini davam etdirib. 2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. Azərbaycan Avropa Hərəkatında idarə heyətinin üzvü olub və 2012-ci il iyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb. 2014-cü ilin 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.
MirHəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 32-ci bəndinə əsasən ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb. 2017 -ci ilin 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2018-ci ilin 8 yanvarından etibarən MirHəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən isə Türk Şurası Gənclər Platformasının prezidenti vəzifəsinə təyin olunub. 2019-cu ilin 22 oktyabr tarixində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai Şuranın üzvü vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top