“Dünya koronavirusa görə qazancını qurban verir, bizdə spirt və maska tapılmır”


“Koronovirusla bağlı verilişlərə görə “Youtube” ödəniş (demonetizasiya) etmir, səbəbini də təbii fəlakət və ya kütləvi xəstəliklə əlaqəli müzakirələrdə reklam yerləşdirməməyi ilə izah edir. “Youtube”un siyasətində bu mövzu "sağlamlıq sahəsində qlobal böhran" kaeqoriyasına aiddir. Belə həssas məsələlərin yayımında reklamdan qazanmaq “Youtube” brendinə ziddir. Sivil dunya bu qlobal təhlükəyə görə qazanclarını qurban verir, həmrəylik göstərir, humanitar yardımlar edir”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
“Görün, Azərbaycanda nə baş verir. Bir sıra möhtəkirlər, adını iş adamı qoyan fürsətçilər nə edirlər. Apteklərdə və mağazalarda tibbi maska, spirt və digər dezinfeksiya vasitələrinin qıtlığını yaradıb, qiymətləri qaldırırlar. Bir sözlə fəlakətdən, dərdən, kütləvi xəstəlikdən pul qazanırlar” – iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, bunun qarşısı təcili alınmalıdır:
“Dezinfeksiya və gigiyenik vasitələri olan bütün yuyucu, təmizləyici və qurulayıcı vasitələrin təchizatı qaydaya salınmalı, qiyməti nəzarətdə saxlanılmalıdır. Hətta ünvanlı sosial yardım alan ailələr gigiyenik və təmizləyici vasitələrlə ödənişsiz təmin edilməlidir. Dövlət büdcəsində bununla bağlı kifayət qədər vəsait mənbələri mövcuddur”.
Bundan əlavə Q.İbadoğlu təklif də edib. Bildirib ki, hər gün marşruta çıxan şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyat vasitələri (avtobuslar, metro və dəmiryol qatarlarının vaqonları) dezinfeksiya olunmalı, şadlıq evlərində, yeməkxana və çayxanalarda göstərilən xidmətlər üzərində sanitar-epidomolji nəzarət gücləndirilməlidir:
“Bir sözlə bütün bunları müzakirə etmək, son vəziyyəti dəyərləndirib müvafiq tapşırıqları vermək üçün prezident yanında əlaqədar təşkilat rəhbərlərinin iştirakı ilə müşavirəyə ehtiyac yaranıb”.

DİGƏR XƏBƏRLƏR

Top