Prezident Qazaxda bir sıra müəssisələrin açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib. 

AZƏRTAC xəbər verir ki, Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. 

“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. 

Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir. 

Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq. 

Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə saldı. 

Prezident İlham Əliyev “Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıqlar hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir. 

Zavodda istehsal olunan yeni növ “Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır. 

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşdü. 

Daha sonra “Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov çıxış etdi. 

Sonda xatirə şəkli çəkdirildi. 


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir.

Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir.

Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.

Dövlətimizin başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verildi. Bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top