"Azəriqaz"-ın baş direktoru: "İşbazların ortada qalması yolverilməzdir"


Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən “Şakir MTK”ya məxsus binada yaşayan sakinlərin qanunsuz olaraq mənzillərə qaz verilməsi ilə bağlı şikayətinə baxılıb.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev podratçı təşkilatın vədlərinə aldanaraq 2020-ci il yanvar ayının 6-dan qazdan qanunsuz olaraq istifadə edən Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən “Şakir MTK”-ya məxsus binanın sakinlərini qəbul edib.
Məlumat verilib ki, heç bir qaz açılışına razılıq olmadan, təhlükəsizlik qaydalarına əməl edilmədən, sayğaclar möhürlənmədən, kart alınmadan podratçı təşkilat tərəfindən bu qurğulara müdaxilə edilməklə qaz açılıb. Aşkarlanan qanunsuzluğa görə qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-nin rəhbərliyi vətəndaşların yaranmış durumdan əziyyət çəkməməsi üçün dərhal məsələyə reaksiya verib. Baxmayaraq ki, binadakı qazlaşma işlərində qüsurlar mövcuddur, lakin soyuq aylarda sakinlərin əziyyət çəkməməsi üçün elə görüşün gedişatında dərhal işçi qrupun yaradılmasına göstəriş verilib. Artıq binada 2 gündür ki, sərfiyyatı qeydə almadan qüsurla işləyən sayğaclar yenisi ilə əvəzlənir, qaz açılışı təmin olunur. Lakin sakinlərlə “Azəriqaz” İB-ni üz-üzə qoyan podratçı təşkilat da cəzasız qalmayacaq. Düşdükləri duruma görə sakinlərin də öz haqlarını müvafiq tikinti şirkətindən tələb etməsini vacib sayan “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumun məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib:
“Biz onunla bağlı müvafiq tədbiri görəcəyik. Lazımi orqanlara müraciət olunacaq. Bu işbaz sizi aldadaraq bunu edib. Çünki o neçə ildir ki, fəaliyyət göstərir. Qazın verilmə qaydasını, açılışını da yaxşı bilir. Yəni bu, birinci hal deyil. Onunla bağlı bir dəfə də hüquq-mühafizə orqanlarına müraciətimiz olub. Bu gün belə adamların, işbazların ortada qalması yol verilməzdir. Bu gün siz ona rast gəlmisiniz, sabah da başqaları üçün problem yaradar”.
Məlumat üçün qeyd edək ki, bu binada 170 mənzil var. Podratçı təşkilat əlaqədar qurumları məlumatlandırmadan qanunsuz olaraq 80-ə yaxın mənzilə qaz açıb.


DİGƏR XƏBƏRLƏR

Top