İnsanların kütləvi toplaşdığı kino və teatrların fəaliyyəti dayandırılacaq? – AÇIQLAMA


Koronavirusa yoluxma hallarının Azərbaycanda da qeydə alınması ilə birgə artıq bəzi qurum və təşkilatlar öz fəaliyyətlərini müvəqqəti olaraq bütövlükdə və ya qismən dayandırıblar. Əvvəlcə Nazirlər Kabinetinin qərarı ilə mart ayının 3-dən 9-a qədər bağçalar, orta və ali təhsil ocaqlarının fəaliyyəti tamamilə dayandırıldı. Martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu siniflərin buraxılış imtahanı da həmin gün baş tutmayacaq. Daha sonra isə Azərbaycan Futbol Federasiyası Assambleyasının qərar ilə Premiyer Liqadan başqa bütün futbol müsabiqələri təxirə salındı. Son olaraq isə Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.
Bəs görəsən insanların kütləvi toplaşdığı kino və teatrların da fəaliyyəti dayandırılacaq?
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Yeniavaz.com-a açıqlamasında bildirib ki, nazirliyin tabeçiliyində olan bir çox qurumda tədbirlər təxirə salınsa da, bu, teatrlar üçün nəzərdə tutulmayıb:
“Bizim də tabeçiliyimizdə olan bir sıra təhsil müəssisələrində kütləvi tədbirlər təxirə salınıb. Eyni zamanda böyük tədbirlərin nəzərdə tutulduğu bəzi müəssisələrdə də bu addım atılıb. Məsələn mart ayının 5-də Xalça Muzeyində böyük bir tədbir olmalı idi, təxirə salınıb. Heydər Əliyev sarayında olan konsert tədbirləri, kütləvi tədbirlər təxirə salınıb ki, bunlardan biri də “Bu şəhərdə” komandasının böyük bir tədbiri olmalı idi. Bu tədbir, təşkilatçıların özlərinin istəyi ilə təxirə salındı”.
İ. Hümbətov həmçinin bildirdi ki, teatrlarda hər hansı bir qadağa olmasa da, dezinfeksiya işləri mütəmadi aparılır:
“Bilirsiniz, bu qadağalar təxminən 500 nəfərdən çox əhalinin toplaşdığı yerlərə şamil edilir. Hal-hazırda teatrlarda tamamilə qadağa yoxdur. Bəzi uşaq tamaşaları təxirə salınıbdı. İndi biz ümumi vəziyyətə nəzarət edirik. Təbii ki, ölkədəki digər qurumlarla daim əlaqə saxlayırıq və dezinfeksiya işlərinin aparılması üçün ciddi tapşırıqlar vermişik”.
“Park Cinema” nın mətbuat xidmətindən Yeniavaz.com-a bildirdilər ki, xəstəliyin pandemiya statusu olduğu üçün, belə bir addım atamağl hələ ki, fikirləşmirlər: “Bizim hələ ki, belə bir fikrimiz yoxdur. Birincisi, bu məsələ bizim səlahiyyətimizdə deyil. Biz sadəcə dezinfeksiya işləri həyata keçiririk. Hazırda bu xəstəliyin pandemiya statusu yoxdur. Amma əgər xüsusi qurumlar tərəfindən belə bir göstəriş gəlsə biz bu qərarı almağa hazırıq”.
“Cinema Plus” dan isə Yeniavaz.com-a verilən açıqlamada belə bir qərar almaq kimi səlahiyyətlərinin olmadığını və fəaliyyət göstərdikləri ticarət mərkəzlərindən asılı olduqlarını bildirdilər: “Biz “moll”lardan asılıyıq. Onlar desələr ki, biz “moll”u bağlayırıq, “Cinema Plus” da avtomatik bağlanacaq və hansısa dezinfeksiya tədbirləri görülməlidirsə, görüləcək. Hal-hazırda da bizim öz əməkdaşlarımız tərəfindən dezinfeksiya işləri aparılır”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top