"Xoşbəxtlikdən seçki vaxtı koronavirus olmadı..." - Elman Nəsirov

"Koronavirusa görə Milli Məclisin yeni deputatlarının yoxlanılmasına hələlik ehtiyac yoxdur. Çünki Azərbaycan Milli Məclisindən fərqli olaraq İran parlamenti yeni tərkibdə iclasını keçirib və deputatlardan bir nəfər bu virusa tutularaq vəfat edib".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə lider namizəd Elman Nəsirov bildirib.

E.Nəsirov deyib ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da baş tutub və Konstitusiya Məhkəməsi martın 5-də seçkinin yekun nəticələri barədə qərar verəcək:

"Yəni, koronavirus ortaya çıxandan sonra Milli Məclisin yeni tərkibdə iclası hələ keçirilməyib. İndiki halda heç bir deputatdan koronavirusa görə müayinə olunmaqla bağlı müraciət daxil olmayıb. Milli Məclisin heç bir deputatı tərəfindən belə bir şikayətin olmaması və koronavirus ortaya çıxandan sonra parlamentin iclasının keçirilməməsi deməyə əsas verir ki, deputatların müayinə edilməsinə hələlik ehtiyac yoxdur".

E.Nəsirov qeyd edib ki, xoşbəxtlikdən İranda koronavirusun aşkar edilməsi Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkiləri dövrünə təsadüf etməyib:

"Bu reallığı nəzərdən qaçırmaq olmaz. Əgər növbədənkənar parlament seçkiləri indiki zamana təsadüf etsəydi, bu halda insanların kütləvi şəkildə toplanması qorxulu və təhlükəli olardı. Sevindirici hal odur ki, Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkiləri dövründə qonşu İranda koronavirus hələ aşkarlanmamışdı. Hazırda Azərbaycanda hələlik 3 nəfərin bu xəstəliyə yoluxması qeyd olunur. Virusun qarşısını almaq üçün Astara, Cəlilabad və Biləsuvar rayonlarında dövlət tərəfindən xüsusi çadırlar ayrılıb, vəziyyətə tam nəzarət olunur".

E.Nəsirov həmçinin vurğulayıb ki, koronavirus dünya üçün ümumi bəladır:

"Başlanğıcını Çindən götürüb və dünyanın bir çox ölkələrini caynağına alıb. Çindən sonra qonşu İran ərazisində bu virus çox geniş yayılıb. Hətta, İran parlamenti virusla əlaqədar iclasları təxirə salıb. Yayılan məlumatlarda qeyd olunur ki, artıq
İran parlamentinin bir neçə üzvü də virusa yoluxub".

DİGƏR XƏBƏRLƏR

Top