İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı RƏSMİ AÇIQLAMA

İpoteka və Kredit Zəmanət Fondu (Fond) kirayə mənzillərlə bağlı məlumat yayıb.

Bildirilir ki, bugünədək 5400-dən çox vətəndaş kirayə mənzil modulu üzrə elektron müraciətini Fondun “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə formalaşdırıb və bu proses davam etməkdədir.

Kirayə mənzil əldə etmək istəyən vətəndaşlara elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmaq tövsiyə olunur.

Müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər elektron sistem vasitəsi ilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və Fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı Fond tərəfindən mütəmadi qaydada təmin ediləcək. 

Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. 

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, qeydə alınan ilkin müraciətlərin sayı və proseslərin gedişatı ilə bağlı bütün lazımi məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top