Avstriyada təşkil olunan Karate1 Premyer Liqa turnirinin son günündə həlledici görüşlər keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Azərbaycan karateçiləri Zalsburqdakı yarışda iki medal qazanıblar.
“Sporthalle Alpenstrasse" arenasında keçirilən turnirdə Rafiz Həsənov (67 kq) qızıl medala yiyələnib. O, finalda Luka Mareskaya (İtaliya) 3:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İrina Zaretska (68 kq) isə bürünc mükafat qazanıb. Milliləşən legioner üçüncülük mübarizəsində Linqlinq Tanqı (Çin) 4:0 hesabı ilə üstələyib.
Yarışın son günü mükafat görüşlərinə çıxan digər idmançılarımızdan Ayxan Mamayevlə (84 kq) Asiman Qurbanlı (+84 kq) bürünc medal şanslarını əldən veriblər. Ayxan Mamayev qazaxıstanlı Daniyar Yuldaşevə 3:5, Asiman Qurbanlı isə misirli Mahmud Tarekə 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb.