Qəbiristanlıqdan keçən yol


İngiliscədən tərcümə
 
Leo Kalvin Rosten (1908-1997) – Amerika

 
Rus İvan balaca, utancaq bir kişi idi, özü də o qədər utancaq idi ki, kəndlilər onu “Göyərçin” adlandırır, “İvan Qroznı” (Qrxunc İvan – rus çarı) deyə ələ salırdılar. İvan hər axşam evinə dönərkən kənd qəbiristanlığının yanındakı meyxanaya girər, bir neçə qədəh içəndən sonra evinə gedərdi. Qəbiristanlığın o biri tərəfində yerləşən tənha daxmasına getmək üçün heç vaxt qəbirlərin arasından keçməzdi. Qəbiristanlıqdan keçməyin ona xeyli zaman qazandıracağını bildiyi halda bir dəfə də olsun, hətta tam ay işiğında belə oradan keçməmişdi.
 
Soyuq bir qış gecəsiydi, həm də gecədən xeyli keçmişdi, acı külək və qar meyxananın divarlarını döyəcləyirdi, içəridə isə müştərilər nə vaxtdan bəri idi ki, İvanı ələ salırdılar.
İvanın zəif etirazı onların iztehzalarını daha da gücləndirdi və onlar insafsızca lağ etdikləri zaman gənc bir kazak leytenant öz qorxulu şərti ilə onların mübahisəsini kəsdi.
 
- Sən göyərçinsən, İvan. Sən bu soyuqda bütün qəbiristanlığın ətrafını dolanırsan, lakin onun içərisindən keçməyə cəsarət eləmirsən.
 
İvan mızıldandı:
- Qəbiristanlıqdan keçmək bir şey deyil, leytenant. O da bütün torpaqlar kimi adi torpaqdır.
 
Leytenant ucadan dedi:
 - Elə isə mərc tuturam! Bu gecə qəbiristanlıqdan keç, İvan, sənə beş rubl, beş qızıl rubl verirəm!
 
İçdiyi arağın təsirindən idimi, ya beş qızıl rubla tamah saldığından, heç kəs dəqiq bilmədi ki, İvan dodaqlarını isladaraq niyə birdən:
- Oldu, leytenant. Mən qəbiristanlıqdan keçəcəyəm! – dedi.
 
İvanın bu cəsarəti meyxanadakıların təəccübünə səbəb oldu və sərxoş dodaqlardan qopan uğultu divarlarda əks-səda verdi. Leytenant adamlara göz vurub, qılıncını belindən açdı.
 
- Buyur, İvan, qəbiristanlığın ortasına çatanda bu qılıncı ən böyük qəbirin qabağında yerə sancarsan. Səhər biz oraya gedəcəyik. Qılıncı yerə sancılmış görsək, beş qızıl rubl sənin!
İvan qılıncı götürdü. Hamı onun sağlığına badə qaldırıb:
- İvan Qroznının sağlığına! – dedi. Meyxana qəhqəhələrlə doldu.
 
Meyxananın qapısını arxasınca örtəndə külək İvanın dörd yanında uğuldadı. Soyuq bıçaq kimi kəsirdi. O, uzun paltosunun yaxasını düymələdi və torpaq yolu keçdi. Leytenantın onun arxasınca hamıdan uca səslə qışqıraraq dediyi: - Beş rubl, göyərçin! Yaşasan! – sözləri hələ də qulaqlarında cingildəyirdi.
 
İvan qəbiristanlığın qapısıni itələyib açdı, sürətlə addımlayır və özünə toxtaqlıq verirdi:
- Torpaq, sadəcə torpaq...hər hansı bir torpaq kimi torpaq.
Lakin qaranlığın zəhmi çox ağr idi. – Beş qızıl rubl...
 
Külək adamı balta kimi kəsirdi, əlindəki qılınc isə buz kimi idi. İvan uzun, qalın paltosunun içərisində titrədi və axsaq adam kimi qaçmağa başladı. O məzarı tanıdı, leytenantın dediyi həmin məzar idi. Bəlkə də İvan ağlayırdı, amma küləyin vıyıltısından öz səsini belə eşidə biləcək halda deyildi. Üşüyürdü və qorxmuş halda dizləri üstünə çökdü, qılıncı var gücü ilə torpağa sancdı. Sonra da əlləri ilə aşağı basıb qəbzəsinə qədər torpağa oturtdu. İş bitmişdi. Qəbirstanılq...mərc...beş qızıl rubl.
 
İvan ayağa qalxmaq istədi, lakin tərpənə bilmədi. Nə isə onu tutub saxlayırdı. Hansısa naməlum, tükənməz və qorxunc bir qüvvə onu buraxmırdı. Dəhşətli qorxudan sarsılmış İvan təlaş içərisində var qüvvəsi ilə dartındı, ayağa durmağa, xilas olmağa çalışdı. Ancaq onu nə isə tutub saxlayırdı. O, qorxu içərisində qışqırdı, sonra da anlamsız qığıltılı səslər çıxarmağa başladı.
 
Səhər İvanı qəbirstanlığın ortasındakı məzarın qarşısında yerə sərilmiş halda tapdılar. Üzü donub ölmüş adamın sifətindən daha çox, hansısa naməlum qorxudan ölmüş adamın üzünə oxşayırdı.
 
Leytenantın qılıncı da İvanın uzun paltosunun yerə sərilmiş ətəklərinin üstündən var qüvvəsi ilə torpağa sancdığı yerdə idi.

Rahib Alpanlı

DİGƏR XƏBƏRLƏR

Top