Zəmanənin Zaman müəllimi

Proloq
Bəy əsilli Zaman Qayıbov ötən əsrin 60-cı illərində mənim rus dili fənni üzrə müəllimim olub. İndiki kimi yadımdadır. O zaman biz kəndin mərkəzində yerləşən əsas məktəb binasında yer olmadığına görə, onun 25-30 metrliyindəki təsərrüfat məqsədləri üçün istifadə olunan olduqca köhnə bir binada təhsil alırdıq. Hazırda həmin tikilidən əsər-əlamət qalmayıb. Nə isə...
Mən ilk dəfə Xalq şairi Səməd Vurğuna olan el məhəbbətini Zaman müəllimin simasında görmüşdüm. Onun böyük şairə olan rəğbətini də sezməmək mümkün deyildi. Bu mənada mənə Səməd Vurğunu daha çox sevdirən də məhz Zaman müəllim olub. Sonradan atam - Məhəbbət müəllim mənə Zaman müəllimin bir zamanlar Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovla birgə işlədiyini, elə onun vasitəsi ilə Xalq şairi ilə tanış olduğunu söylədi. Üstəlik, Səməd Vurğunun bir neçə şeirinin Zaman müəllimin yaddaşına istinadən işıq üzü gördüyünü də bildirdi. Atam hətta mənə S. Vurğunun 1957-ci ildə çap olunmuş “Çiçək” adlı kitabındakı “Məni” adlı bir şeirini də göstərdi. Şeirin altında misraların Zaman Qayıbovun yaddaşına istinadən çap olunması ilə bağlı kiçik qeyd də vardı. Elə həmin gün o şeiri yaddaşıma həkk etdim:
A dostlar, baxınız bir xəstəyəm mən,
Amandır yetirin o yarə məni!
Bu dərdlə qəflətən əgər ölürsəm,
Siz Allah qoymayın məzara məni! 
Təəssüf ki, sonradan bu mövzu ilə bağlı Zaman müəllimlə danışa bilmədim. Bir də… ibtidai sinif şagirdi ondan nə soruşa bilərdi ki? Sonradan isə bu məsələni tamamilə unutdum. Heç bir araşdırma da aparmadım. Görünür, qismət deyilmiş.

Bir dostluğun tarixçəsi
Bu günlərdə Alpan bəylərindən olan Cəbrayıl bəyin nəvəsi, neftçi alim, 84 yaşlı Kənan Qayıbovla (Zaman müəllimin oğlu) görüşəndə elə bu mövzu ilə söhbətimizə körpü saldım. Kənan müəllim nəinki həmin şeiri sinədən dedi, üstəlik, ərz etdi ki, bəs onların, yəni Səməd Vurğunla Zaman müəllimin dostluğunun misli-bərabəri olmayıb:
-Bəri başdan deyim ki, Səməd Vurğun babamın (mən atama “baba” deyə müraciət edərdim) ən sadiq dostu olub. Hətta Səməd Vurğun ömrünün sonuna kimi Zaman müəllimlə görüşüb. Onu da deyim ki, o, atama həmişə “Zaman bəy” deyə müraciət edərdi. Məncə, bu müraciət Xalq şairinin atama olan çox böyük hörmətindən irəli gəlirdi. Səməd Vurğunla bir neçə dəfə görüşmüş şəxs kimi deyə bilərəm ki, onun danışığından, hərəkətlərindən dəbunu aydın duymaq olurdu.
-Bəs Zaman müəllimin Səməd Vurğunla dostluğu nə vaxtdan başlayıb?
- Onların dostluğunun maraqlı bir tarixçəsi var. Belə ki, görkəmli ictimai-siyasi xadim, tarixçi alim, pedaqoq Mehdixan Vəkilov, yəni Səməd Vurğunun qardaşı  Quba rayon Xalq Maarif Şöbəsinin  müdiri vəzifəsində çalışırdı. Mənim atam Zaman müəllim də onun müavini idi. Günlərin bir günü o, atamı yanına çağırır. Atam deyirdi ki, içəri girəndə Mehdixan müəllimin yanında cavan bir oğlan görüb. Mehdixan müəllim atamdan soruşub: “Bu oğlanı tanıyırsan?” Atam həmin gənci tanımadığını bildirib. O zaman Səməd Vurğun o qədər də tanınmırdı. Mehdixan müəllim həmin gəncin onun qardaşı Səməd olduğunu söyləyib. Sonra da əlavə edib:
- Səməd Qazaxdakı Qori müəllimlər seminariyasını bitirib. Özü də buraya işləməyə gəlib. Mən onun əmrini verə bilmərəm. Çünki deyərlər ki, bəs Mehdixan qohumbazlıq edir. Sən yaxın kəndlərdən birinə onun əmrini ver, gedib işləsin.
Bu sözlərdən sonra atam əmrlə Səməd Vurğunun təyinatını Qubaya yaxın kəndlərdən birinə – Zizikə verib. Elə o vaxtdan da Səməd Vurğunla atamın  dostluğu başlayıb. Səhv etmirəmsə, bu da 1926-cı ilə təsadüf edir. Yeri gəlmişkən, mənbələrə əsasən onu da qeyd edim ki, Səməd Vurğun 1926-28-ci illərdə Qubada müəllimlik edib.
-Kənan müəllim,  Səməd Vurğunun Zaman müəllimə həsr etdiyi şeiri olubmu?
-Sözün düzü, bununla bağlı məlumatım yoxdur. Bir də əgər belə bir şeir olsaydı, yəqin, xəbərim olardı. Amma onu deyə bilərəm ki, Səməd Vurğunun əksər şeirlərindən Qubanın, əgər belə demək mümkünsə, təravətini duymaq mümkündür.

“Amma atam deyərdi ki…”
-Bəs Zaman müəllim bəy nəslindən olduğuna görə təqiblərə məruz qalıbmı?
-Sözün düzü, bəy nəslindən olan atamı heç vaxt öz şəcərəsi ilə  fəxr edən görməmişəm. Bir də nə gizlədim, atam nədənsə bəylərdən mənə heç nə danışmazdı. Ümumiyyətlə, o illərdə bəylərdən kimsə söz açmazdı. Amma atam deyərdi ki, günlərin bir günü, daha doğrusu, 1926-cı ildə onu raykoma çağırıblar. Və orada bildiriblər ki, bəs bizə təqdim olunan bəylərin siyahısında sizin də adınız var. Göstəriş də belədir:  onlar başqa yerlərə göndərilməlidirlər. Məndə olan məlumata görə, Qubada bəy nəslindən olanları o vaxtlar, bir qayda olaraq,respublikamızın başqa-başqa bölgələrinə göndərərdilər. Onu da deyim ki, mən sürgünə göndərilən Alpan bəyləri barədə heç nə eşitməmişəm. Nə isə... Raykomda atama Bakıya üz tutmaq məsləhət görülüb. Ona bu sözləri deyən adam atama bir “zapiska” da verərək bildirib ki, bəs bunu nazirlikdə çalışan dostum filankəsə (adını unutmuşam) təqdim edərsən, o, səni uzaq və sakit rayonlarından birinə göndərər. Atam da gəlib Bakıya, həmin adama “zapiska”nı verib. O da atamı müəllim kimi Lənkərana göndərib. Atam da ailəsi ilə birgə ora köçüb. Səhv etmirəmsə, atam  Lənkəranda il yarıma kimi işləyib.
-Sonra kəndə qayıdıb?
-Yox… Bakıda müəllim kimi çalışıb. Səhv etmirəmsə, 1928-30-cu illərdə atam Lənkərandan gəlib Bakıya. 5 mərtəbənin arxasında,  Qorki küçəsində (indiki Mirzə İbrahimov küçəsində) özünə ev də alıb. Bakıda bir müddət çalışandan sonra evini bir dostuna bağışlayaraq Alpana üz tutub. Hə, yadımda ikən atamın ilk arvadı Ayzənət xanım dünyasını Bakıda dəyişib. Bu xanım atama 2 oğlu, 2 qız (Asya və Səltənət) bəxş edib. Təəssüf ki, oğlanları  uşaq vaxtı rəhmətə gedib. Onlardan biri Alpanda dəfn olunub.
 
“Uşkullu” yer deyərdilər”
-Bəs Zaman müəllim  kənddə harada məskunlaşıb?
-Kənddə atamgilin evi var idi. Seyid daşından Quru çay istiqamətində gedəndə yolun sol tərəfindəki təpəlik tərəfdə - Şələçilər məhəlləsində iki otaqdan ibarət  ev vardı. Hansı ki, həmin evin bir otağından bir vaxtlar məktəb sinfi kimi istifadə olunardı. Həmin sinifdə atam da dərs deyib. İndi bilmirəm, amma oraya bir vaxtlar elə bu səbəbdən “Uşkullu” yer deyərdilər. Nə isə, atam ora gələndə görür ki, həmin ev yandırılıb. Nə qədər qəribə olsa da kimin yandırdığı da məlum olmadı. Odur ki, onu elə evlərindən təxminən 100-150 metr aralıda yerləşən “Punt” kimi tanınan ərazidəki binaların birində yerləşdiriblər…Elə atam Şura (Aleksandra Alekseyevna) xanımla, yəni mənim anamla da burada tanış olub. Hansı ki knyaz nəslindən olan Şura xanım qardaşı ilə birlikdə kazaklar tərəfindən öz yuvalarından - Krasnodardan didərgin salınmış və bizim kənddə məskunlaşmışdılar. Onu da deyim ki, o illərdə kəndimizə gələn tək onlar deyildi. Hə, o “Punt”da o zamanlar almadan, armuddan qax hazırlayardılar. Orada böyürtkən də qəbul edilərdi.
- Sonradan Zaman müəllim kəndimizin mərkəzində, daha doğrusu, kənd məscidinin yaxınlığında olan evini inşa etdirib?
-Yox…Tələsmə. Atam daha sonra müxtəlif evlərdə- Rəfillərdəki Xəmməd kişigildə, Molla Seyfədddingilin məhəlləsində, Məmmədrzagilin məhəlləsində, Xocamangildə kirayənişin kimi yaşayıb. Günlərin bir günü kəndə xəbər yayılıb ki, bəs Məmməd adlı kişi evini satıb Seyidliyə (hazırda həmin kənd Xaçmaz rayonunu inzibati ərazisi hesab olunur) getmək istəyir. Atam da onun birmərtəbəli evini  satın alıb. Bu da təxminən 1944-cü ildə baş verib. Atam ora  köçəndən sonra həmin evin ikinci mərtəbəsini ucaldıb. Özü də həmin ikinci mərtbəni Kürkündən gəlmiş ustalar inşa ediblər.
Hə, bu evə Səməd Vurğun, demək olar ki, hər yay, əgər belə demək mümkünsə, öz dəstəsi ilə gələrdi. Yadıma düşmüşkən, Səməd Vurğun hər dəfə bizə gələndəatam kolxozdan onlar üçün atlar alardı. Səməd Vurğungili də həmin atlara minib Şahdağına tərəf üz tutardılar. Onların orada ən çox sevdikləri məkan Rizvan yaylağı idi. Bu məkandan Xınalıq da görünərdi. Onu da deyim ki, rəhmətlik Səməd Vurğun motal pendirini çox xoşlardı.

Günlərin bir günü…
-Kənan müəllim, siz müharibə illərindən söz açdınız. Zaman müəllim Böyük Vətən müharibəsinin iştirakçısı olub?
-Yox… Amma bunun da maraqlı, həm də qəribə bir tarixçəsi var. 1943-44-cü illərdə biz Rəfillərdə - Xəmmədgilin evində kirayədə yaşayırdıq. Günlərin bir günü atamı hərbi komissarlığa çağırıblar. Məlum olub ki, onu da cəbhəyə aparmaq istəyirlər. Evdəkilər, qonum-qonşu da onu cəbhəyə yola salıblar. Amma 3 gündən sonra atam geri qayıdıb. Atam deyərdi ki, həm yaşı çox olduğuna, həm də müəllim işlədiyinə görə onu ordu sıralarına qəbul etməyiblər.
-Kənan bəy, ümumiyyətlə, söylədiklərinizə daha nələr əlavə etmək istərdiniz?
- ZamanQayıbov  1896-cı ildə anadan olub. Aillənin tək övladı olan atam Qusarın İmanqulu kənd məktəbində ibtidai təhsil alıb. Özü də rus dilində. Atam İmanqulu kənddə  Bəyləradlı bir kişinin evində məskunlaşıb. Həmin məktəbi bitirəndən sonra Dərbəndə gedib və orada orta məktəbi oxuyub, həm də gümnaziya təhsili alıb. 1919-da Alpana gəlib və burada müəllim kimi fəaliyyətə başlayıb. Zaman müəllim 1974-cü ildə rəhmətə gedib. Həyat yoldaşı Şura isə 1992-ci ildə dünyasını dəyişib. Onu da qeyd edim ki, Zaman müəllimin ikinci həyat yoldaşından, yəni Şura xanımdan iki övladı (mən və bacım Aliyə) olub.
Daha nələr deyə bilərəm? Eşitdiyimə görə, atamın atası, yəni Cəbrayıl bəy gənc yaşlarında öldürülüb. Amma onun kimlər tərəfindən qətlə yetirilməsi barədə məlumatım yoxdur. Heç atam da bu barədə danışmazdı. Mənim də təhsil aldığım kəndin mərkəzində yerləşən orta məktəb isə Bəybala bəyin malikanəsi olub. Hə, bir də su dəyirmanı barədə kimlərdənsə bir məlumat eşitmişdim. Deyilənlərə görə, su dəyirmanı kəndimizin Yuxarıbaş adlanan məhəlləsində - Məmmədrza kişinin evindən bir qədər aşağıda yerləşibmiş. Amma mən onu görməmişəm. Hə, lap unutmuşdum. Atam uğurlu pedaqoji fəaliyyətinə, daha doğrusu, təhsilimizin inkişafında göstərdiyi xidmətlərinə görə  “Əməkdar müəllim” fəxri adına da layiq görülüb. 1950-ci illərdə isə Zaman müəllim həm də “Lenin ordeni” ilə  təltif olunub.

Epiloq
Kənan bəylə görüşdən sonra yenə Zaman müəllimlə bağlı daha bir neçə xatırəm yadıma düşdü. O, sinifdə yoldaşlarını “baqaj”a qoyanları heç vaxt sevməzdi. Odur ki, Zaman müəllim “baqaja” qoyulanı deyil, “baqaja” qoyanı cəzalandırardı. Həmin anda da deyərdi: “Adam yoldaşını satmaz…” Elə bu səbəbdən də kimsə belə hərəkətlərə yol verməyə cürət etməzdi.
Hə, bir də  Zaman müəllim Mirzə Ələkbər Sabirin də təbliğatçısı idi. Elə böyük şairin “Məktəbə tərgib” şeirini də Zaman müəllimin dilindən eşitmişdim:
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım,
Get məktəbə, cavanım.
Bu misraları söyləyəndən sonra Zaman müəllim deyərdi: “O rəhmətlik o dünyaya  özü ilə bərabər sinəsində o qədər belə şeirlər apardı ki...”
Mənə elə gəlir ki, Sabirdən fərqli olaraq, Zaman müəllim kəndimizin tarixini özü ilə apardı. Onu qınamıram. Çünki o kişinin yaddaşını vərəqləyən kimsə olmayıb. Olsaydı, şübhəsiz, indi kəndimiz barədə çox dəqiq məlumatlara sahib olardıq. Biz isə yalnız Zaman müəllim və digərləri dünyalarını dəyişəndən sonra nələrə isə aydınlıq gətirməyə başlamışıq. Buna da şükür! Amma bu məsələdə yaxamı kənara çəkmirəm. Yəni digərlərini deyə bilmərəm, amma tarixçi olmasam belə,, bu prosesdə özümü də günahkar hesab edirəm. 

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top