Koronavirus Çin və İranla əlaqələrimizə təsir etməyib - Əksinə…


Məlum olduğu kimi, Azərbaycanın əsas ticarət tərəfdaşı olan Çində, həmçinin qonşu ölkə olan İranda koronavirus yayılıb.
Yeniavaz.com xəbər verir ki, qeyd olunan ölkələrdə koronavirusun sürətlə yayılmasına və onlarla insanın ölməsinə baxmayaraq Azərbaycan həmin ölkələrlə əlaqələrini davam etdirməkdədir.
Rəsmi qurumlar həm Çin, həm də İranla əlaqələrimizin məhdudlaşdırıldığını bildirsələr də, açıqlanan məlumatlar əlaqələrdə heç bir məhdudiyyətin olmadığını göstərir.
Hazırda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) bağlı olan “Buta Airways” aviaşirkəti Bakıdan İranın paytaxtı Tehrana gündəlik uçuşlarını davam etdirməkdədir. Məlumat üçün bildirək ki, Bakıdan İranın paytaxtı Tehrana növbəti uçuş bu gün saat 23:30-da yerinə yetiriləcək.
Bundan başqa, AZAL-ın “Qış uçuş cədvəli”ndə göstərilir ki, paytaxt Bakıdan Çinə birbaşa uçuşlar mart ayının 8-i və 24-ü tarixləri arasında həyata keçiriləcək. AZAL-ın Pekinə sonuncu uçuşu bu ilin yanvar ayının 27-də olub. Lakin, fevral ayında uçuşların olmamasının koronavirusla heç bir əlaqəsi olmayıb. AZAL əvvəlki illərdə də təlabatın az olması səbəbindən fevral ayında Çinə uçuşlar etməyib.
Eyni zamanda iki ölkə arasında  qeydə alınan ticarət dövriyyəsi göstərir ki, Azərbaycanla-Çin arasındakı əlaqələr koronavirus səbəbindən nəinki azalıb, hətta artıb. Bu ilin yanvar ayında Azərbaycan Çindən 113 milyon 992 min 410 dollar dəyərində məhsul idxal edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Çindən idxal etdiyi mallar dəyər ifadəsində 30% və ya 26 milyon 510 min 580 dollar artıb. Onu da bildirək ki, əvvəlki illərin yanvar aylarında da Çindən gətirilən mallar heç vaxt bu səviyyəyə yüksəlməyib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, yanvar ayında Azərbaycana gələn Çin vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 54% artıb.

A. Ceferov

DİGƏR XƏBƏRLƏR

Top