Fevralın 22-də “Resurs” Analitik İnformasiya Mərkəzi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhərindəki “Xəzər Palace” İstirahət mərkəzində “Sağlam qida, sağlam həyat, sağlam millət, sağlam cəmiyyət, sağlam gələcək” şüarı adı altında "Milli mətbəximizin zənginliyi tariximizdir" adlı növbəti tədbir keçirib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə çıxış edən “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri, siyasi ekspert Rasim Quliyev bildirib ki, sağlam qida, sağlam həyat, sağlam millət, sağlam cəmiyyət, sağlam gələcək milli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir. Hər bir millətin fiziki sağlamlığı, mənəvi və əqli sağlamlığı onun qəbul etdiyi qidalar və milli mətbəxi ilə çox bağlıdır. Milli təhlükəsizlik konsepsiyasının çox vacib elementlərindən biri də təsadüfi deyil ki, qida təhlükəsizliyildir. Qida milli təhlükəsizlik konsepsiyasının əsas prioritetlərindən biridir.Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölməsinin müdiri Qağayı Məmmədov çıxış edərək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə bağlı ətraflı məlumat verib. “Xocalı Soyqrımı Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, jurnalist Şamil Ələkbərli, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Reyhanə Sadıxova, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin rəhbəri Hafiz Mirzə, Lənkəran şəhər Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Ülviyyə Əliyeva, Gənclərin Respublika bədii yaradıcılıq evinin rəhbəri Səbinə Mirzəbəyeva, "Müasir Azərbaycan Qadını" İctimai Birliyinin sədri Kəmalə Muradlı, "Elin Səsi - Milli Dəyərlərimizə Dəstək" Təşkilatının sədri Elvin Talışınski, İstiqlal.az saytının rəhbəri Qadir İbrahimli, Vətən.Info saytının rəhbəri Nahid Canbaxışlı, Rusiyanın Rostov-Don vilayətində “Xocalı tanıtım” İctimai Birliyinin nümayəndəsi Leyla Əhmədova, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorunun müavini Ceyran Əsgərova çıxış ediblər.
Tədbirdə QHT təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, fəal gənclər və Lənkəran şəhərində fəaliyyət göstərən bir sıra idarə müəssisələrin rəhbərləri, respublikamızın eləcə də Lənkəranın bir sıra tanınmış ziyalıları, mədəniyyət və incəsənət təşkilatlarının nümayəndələri sənətkarlar iştirak ediblər.
Azər Ələşrəfov