Tibbi maskalar hansı hallarda virusdan qorumur? - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA


Çinin Uhan şəhərində ortaya çıxan koronavirus digər ölkələrə də yayılmağa davam edir. İnsanlar virusdan qorunmaq  üçün bir çox üsullara əl atır. Xüsusilə tibbi maskalardan geniş istifadə olunur. Lakin bəzi hallarda tibbi maskalar virusdan qorumağa kömək etmir.
Bütün bu hallar barədə professor Adil Qeybulla ilə danışdıq.
Adil Qeybulla Yeniavaz.com-a açıqlamasında maskaların mütəmadi olaraq dəyişdirilməli olduğunu dedi: "Tibbi maskaların 2 saatdan bir dəyişdirilməsi məqsədəuyğundur, əgər maska yoxdursa adi 2 qat pambıq parçadan istifadə etməklə ev şəratində maska hazırlamaq mümkündür. Amma yaxşı olar ki, tibbi maskadan istifadə olunsun, çünki, adi parça tez nəmlənir".
Həkimin sözlərinə görə, koronavirusa qarşı istifadə olunan tibbi maskalar virusdan qoruyur, lakin maska islanarsa yararsız hala düşür:
“Tibbi maskalar quru halda istifadə olunmalıdır, əgər nəmlənərsə mütləq şəkildə dəyişdirilməlidir.  Çünki maskalar adi halda islandıqdan sonra bayırdan su hissəciklərini içəriyə buraxır”.
A.Qeybulla sözügedən virusdan qorunmaq üçün məsələyə ciddi yanaşılmasını tövsiyyə edib:
"Virusdan müdafiə məqsədiylə tibbi maska taxmaq, xəstə adamlarla kontaktda olmamaq, mağazalar, yeraltı keçidlər və əhalinin kütəvi toplandığı yerlərdə mümkün qədər az dayanmaq və vaxtını evdə keçirtmək daha doğru olar. Xəstə olan halda yataq rejiminə keçməli və məsələyə ciddi yanaşılmalıdır".
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top