Koronavirus Azərbaycana yaxın ərazidə - "İmmun sistemi güclü olanlar sağala bilirlər və ..."


Cənub sərhədimizi bağlayaqmı? Baş infeksionist qonşu ölkədən bizə epidemiya təhlükəsi görmür, amma...

“İranda koronavirus Çindəki kimi epidemiya halını alsa, o zaman vəziyyət ciddi nəzarət altına alına bilər. Təbii ki, ölkədə bu gün də vəziyyət nəzarət altındadır, lakin yenə də İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı yoxdur”.

Bunu “Report”a Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, Azərbaycanda epidemiyaya qarşı profilaktik tədbirlər gücləndirilib: “Ona görə də hələlik İrandan Azərbaycan üçün təhlükə olacağını gözləmirəm. Çünki xəstələnmiş insanların hamısı nəzarət altında saxlanılır və yoxlandıqdan sonra buraxılır”.

Mütəxəssis qeyd edib ki, Azərbaycanda vəziyyət stabildir və heç bir şübhəli fakt yoxdur: “Bütün sərhəd keçid məntəqələrində vəziyyət ciddi nəzarət altındadır. Koronavirusun yayıldığı ərazilərə gedərkən xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Əgər təmas məcburiyyəti olarsa belə qoruyucu maskalardan istifadə zəruridir”.

İlkin məlumata görə, İranda bu epidemiyaya yoluxmuş 3 nəfər dünyasını dəyişib. Məhz bu səbəbdən Küveyt Hava Yolları İrana uçuşları dayandırıb. Həmçinin İraq da Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsini bağlayıb. Rəsmi İRNA xəbər agentliyinin bildirdiyinə görə, müqəddəs Qum şəhərində bütün məktəb və universitetlər, dini şiə seminariyaları bağlanıb.

Digər xəbərlərdə isə İranın bu yaxınlarda epidemiyanın mərkəzi, Çinin Uhan şəhərindən 60 iranlı tələbəni təxliyə etdiyi bildirilib. İran hökuməti xəstəliyin mənşəyini və bunun Pakistan və ya digər ölkələrdən gələn dini zəvvarlarla əlaqəsi olub-olmadığını araşdırır.

İranda koronavirusun yayılmasının rəsmən elan edilməsinə görə yaşanan təlatüm səbəbindən ölkənin Mərkəzi Seçki Komitəsi bəzi əyalətlərdə barmaq izinin skan edilməsə tətbiq edilən zərurətin aradan qaldırıldığını bəyan edib. Digər tərəfdən, ötən gün İranın Daxili İşlər naziri Ədbülrza Rəhmani Fəzlinin Səhiyyə naziri Səid Nəməkiyə göndərdiyi məktubda qeyd edilirdi ki, əksər müşahidəçilər koronavirusa yoluxma qorxusuna görə bu işdən imtina edirlər. Çox maraqlıdır ki, İranda koronavirusdan ölənlər Çində olmayıblar.

Azərbaycanın ən çox gediş-gəlişi olan, ticarət əlaqələrinə malik İranda bu epidemiyadan ölənlərin olması həyəcanverici xəbərdir. Cənub sərhədlərimizdə nəzarətin gücləndirilməsi ilə yanaşı İrana səfərlər, alış-veriş olunması da müvəqqəti azalmalıdır. Düzdür, virus İranın isti ərazisi sayılan Qumda aşkarlanıb, lakin ölkədə epidemiya varsa yayılma arealı genişlənə bilər. Buna görə də İraqın cənub - şərqindəki Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb. Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər. Bu baxımdan Azərbaycanın cənub sərhədlərini bağlaması nəzərdən keçirilə bilər. Səhiyyə Nazirliyindən axar.az-a bildirilib ki, koronavirus yayıldığı gündən zəruri olan bütün tədbirlər görülüb.

“Hələ ötən aydan nazir Oqtay Şirəliyev koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb. Hələ ötən aydan koronavirus riski ilə bağlı Bakıda və regionlarda xəstəxanalarda ayrıca palatalar hazırlanıb. Yoluxma halı hansı ölkədə qeydə alınıbsa, həmin ölkə sərhədində tədbirlər daha da gücləndirilir”.

Dövlət Gömrük Komitəsindən isə deyilib ki, koronavirus yayıldığı gündən etibarən bütün gömrük-keçid məntəqələrində fasiləsiz olaraq lazımi tədbirlər və yoxlamalar aparılır.

Professor Adil Qeybullanın “Yeni Müsavat”a bildirdiyinə görə, həmin şəxslərin Çində olub-olmaması mühüm deyil.

“Deməli, virus ölkə ərazisinə daxil olub. Nəzərə almaq lazımdır ki, bu virusla yoluxanların hamısı dünyasını dəyişmir, immun sistemi güclü olanlar sağala bilirlər və başqasına keçirirlər”, - deyə, professor qeyd etdi.

A.Qeybullanın fikrincə, yaxın qonşumuzda koronavirus aşkarlanması Azərbaycanın sərhəd-keçid məntəqələrində nəzarəti gücləndirməyə vadar edir: “Hələ koronavirus İrana çatana qədər biz bilməliydik ki, Çinlə intensiv əlaqələrimiz var, idxal və ixrac var, elə o zaman təhlükə qalırdı. Bunun üçün bizdə karantin elan olunmalıydı, daxildə maarifləndirmə aparılmalıydı, kəskin soyuqdəymə ilə xəstəxanaya daxil olanlarla bağlı analiz edilməliydi. Görünür ki, bu işə detallı hazır olmamışıq. Odur ki, sərhəddə koronavirus peyda olubsa, nəzarət gücləndirilməlidir”.

A.Qeybulla axar.az-a əlavə olaraq bildirib ki, Küveyt kimi biz də İrana olan təyyarə uçuşlarını müvəqqəti olaraq dayandırmalıyıq: “Yaxşı olar ki, epidemiya təhlükəsinə qarşı bu addım atılsın. Çünki burada insan həyatından söhbət gedir.  Həmçinin nəzərə almaq lazımdır ki, bizdə artıq respirator çatışmazlığından ölüm halları baş verir. Bu epidemiya yayılsa, nə olacaq? Azərbaycan balaca ölkədir və burada da koronavirusun olması mümkündür. Xüsusilə İranda varsa, bu təhlükənin yaxın olduğunu göstərir”.

Qeyd edək ki, Çində isə koronavirusdan ölənlərin sayı artaraq 2236 nəfərə çatıb. Uxan şəhərində koronavirusa yoluxmuş 29 yaşlı həkim Pen İnhya xəstəxanada vəfat edib.  Bundan əvvəl isə koronavirusa yoluxanların müalicəsi ilə məşğul olan bir neçə həkimin yoluxma nəticəsində vəfat etdiyi açıqlanmışdı.

Son məlumata görə, İranda daha 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 13 nəfərdən 7-i Qum, 4-ü Tehran və 2-i Azərbaycanla sərhəd bölgədə yerləşən Gilan əyalətindədir. O bildirib ki, bu şəxslərin analizləri onların koronavirusa yoluxduğunu təsdiq edir. 

DİGƏR XƏBƏRLƏR

Top