Apelyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı QƏRAR VERDİ


Bu gün 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyevin, seçkilərin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının qərarından verdiyi şikayətə Bakı Apelyasiya məhkəməsində baxılıb.
Yeniavaz.com
xəbər verir ki, hakim Elmira Nağıyevanın sədrliyində keçirilən məhkəmə prosesində əvvəlcə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra iddiasını səsləndirməsi üçün Bəxtiyar Hacıyevə söz verilib. O bildirib ki, 29 saylı Səbail seçki dairəsində MSK-nın qərarı ilə 6 məntəqənin nəticələri ləğv edilsə də, pozuntu hallarının baş verdiyi  digər məntəqələr haqqında, əsaslı sübutlar olmasına baxmayaraq MSK heç bir tədbir görməyib:
“MSK-da 29 saylı Səbail seçki dairəsindən daxil olan şikayətlərlə bağlı iclas keçirilməmişdən bir gün əvvəl, mənə təqdim etdiyim protokollarla bağlı araşdırma aparacaqlarını dedilər. Mən də o araşdırmada iştirak etmək istədiyimi bildirdim. MSK üzvü Ramiz İbrahimov məni buna görə dəvət etdi, nə qədər faktlar göstərmək istəsəm də, protokolların DSK-da olduğunu, videolara da media qrupunun baxdığını bildirdi. Nə bir protokol incələdik, nə bir videoya baxdıq. Növbəti gün keçirilən MSK-nın iclasında isə R. İbrahimov bildirdi ki, birlikdə araşdırmışıq faktları”.
Daha sonra B. Hacıyev 29 saylı Səbail seçki dairəsinin 6 məntəqəsində baş vermiş seçki pozuntularını əks etdirən DSK və MSK protokollarını və bununla bağlı videoları məhkəmə heyətinə təqdim edib. Məhkəmə heyəti protokollara və görüntülərə baxdıqdan sonra qərar elan edilib.
Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.
Hakim Elmira Nağıyeva bildirib ki, B. Hacıyev qərardan razı qalmazsa 3 gün ərzində Ali Məhkəməyə müraciət edə bilər.
Xatırladaq ki, fevralın 17-də  MSK 29 saylı Səbail seçki dairəsində 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.
Qeyd edək ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top