Azərbaycanda qızılın qiyməti tarixi zirvəyə yüksəldi - QİYMƏT


Azərbaycanda qızılın qiyməti ən yüksək səviyyəyə çatıb. 
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, fevral ayının 21-də qızılın 1 qramının qiyməti 89,2 manata bərabər olub. Son bir ayda qızılın bir qramının qiyməti 3,8% və ya 3,3 manat bahalanıb.
Onu da bildirək ki, bir il əvvəl - 2019-cu ilin fevral ayının 21-də qızılın bir qramının qiyməti 73,6 manat olub. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə qızılın qiyməti 21% bahalanıb.
Son 10 il ərzində isə qızılın qiyməti 3 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl -2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, bu rəqəmlər qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir. Başqa metallarla qarışığı olmayan, yalnız qızıldan hazırlanan zinət əşyalarının bir qramı əyarından asılı olaraq 120- 140 manata təklif olunur.
Qızılın qiyməti dünya bazarlarında da sürətlə bahalanmaqdadır. Hazırda birjalarda bir unsiya (31 qram) qızılın qiyməti 1633 dollara çatıb. Bir ay əvvəl - yanvar ayının 21-də qızılın bir unsiyası birjalarda 1560 dollara satılıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top