Komitə 4,7 milyon manata 2 mərtəbəli bina tikir


Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "Aznof" MMC şirkəti olub.
"Aznof" MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçün "Əmlak Xidmətləri Məkanı"nın tikintisi işlərini həyata keçirəcək.
Şirkət bunun üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 4 milyon 693 min 715 manat 59 qəpik alacaq.
Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166 ünvanında tikiləcək "Əmlak Xidmətləri Məkanı" 2 mərtəbəli olacaq və tikinti sahəsi 935 kvadrat metr təşkil edəcək. Binanın ümumi sahəsi isə 2 326,6 kvadrat metrə bərabərdir.
Məlumat üçün bildirək ki, "Aznof" MMC şirkəti 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Murtuzova Sevda İsgəndər qızıdır. Binəqədi rayonu, Azadlıq prospekti ev 189 ünvanında yerləşən şirkət daha əvvəl də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətilə Balakən və Xaçmaz rayonlarında "Əmlak Xidmətləri Məkanı"nın tikintisi işlərilə bağlı tender müqaviləsi bağlayıb.
"Aznof" MMC şirkəti Balakəndə tikiləcək  "Əmlak Xidmətləri Məkanı" üçün 528 manat 963 manat, Xaçmazda tikiləcək "Əmlak Xidmətləri Məkanı" üçün isə 4 milyon 707 min 901 manat alacaq.
Qeyd olunan məlumatlardan başqa "Aznof" MMC şirkəti barədə açıq internet mənbələrdə heç bir məlumat yoxdur. Yalnız şirkətin qanuni təmsilçisi Murtuzova Sevda İsgəndər qızının adı 2017-ci ildə Nəqliyyat Nazirliyi ilə aralarında olan məhkəmə çəkişməsində keçir.
Onu da bildirək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestr məlumatlarında yalnız Gəncədə tikilməsi nəzərdə tutulan "Əmlak Xidmətləri Məkanı"na tikinti icazəsi verildiyi görünür. Balakən və Xaçmaz rayonlarındakı analoji tikililərə hansı tarixdə icazə verilməsi barədə məlumat mövcud deyil.
Qeyd edək ki, "Əmlak Xidmətləri Məkanı"nın yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri fəaliyyət göstərəcək məkanda notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti həyata keçiriləcək.
A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top