Torpaqlarımızın 20 faizində "seçki" keçirilir: Nə etməliyik? - ANALİZ


Mart ayının 31-də Azərbaycan ərazisində - işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə yenidən parlament "seçkiləri" keçiriləcək. Qarabağdakı seperatçı rejim eyni gündə həm prezident, həm də parlament "seçkiləri" keçirəcək. Bu "seçkini" işğal altında olan Azərbaycan ərazilərində keçirilən əvvəlki "seçkilərdən" fərqləndirən 2 mühüm məqam var:
- 31 mart "seçkisini" əvvəlkilərdən fərqləndirəcək əsas məqam odur ki, bu "seçki" 2017-cı ildə keçirilən “referendum”dan sonra baş tutacaq ilk "seçki" olacaq. Bildiyimiz kimi, 2017-ci il “referendum”undan sonra qondarma rejimdə "baş nazir" postu ləğv olunub. Yəni, rejim parlament üsul-idarəsindən imtina edərək prezident üsul-idarəsinə keçərək gücləndirilmiş "prezident" postu tərəfindən idarə olunacaq. Belə olan halda "prezidentlik" uğrunda mübarizə də əvvəlkilərdən daha gərgin keçəcək. "Prezident" olmaq istəyənlərin sayı və onların kimliyi də seçkilərə marağın bu dəfə daha çox olduğunu göstərir.
- "Seçkiləri" fərqləndirən digər bir məqam Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra baş tutacaq ilk “seçki” olması ilə bağlıdır. Robert Koçaryan və Serj Sarkisyan cütlüyünün başçılıq etdiyi və şərti olaraq "Qarabağ klanı" adlandırılan siyasi qüvvələrin Ermənistandakı məğlubiyyətindən sonra Dağlıq Qarabağdakı seperatçı rejimə nəzarət uğrunda mübarizə də qızışıb. Nikol Paşinyan Dağlıq Qarabağdakı seperatçı rejimin rəhbərliyində yer alan Robert Koçaryan tərəfdarlarını təmizləmək istəyir və 31 mart "seçkiləri" bu təmizlik üçün olduqaca böyük əhəmiyyət daşıyır.
Bizi daha çox maraqlandıran da məhz bu məqamdır. Bu "seçkilərin" nəticəsi seperatçı rejimin gələcəyini də müəyyən edəcək. Məlum məsələdir ki, Rober Koçaryan tərəfdarlarının hakimiyyətə gəlməsi seperatçı rejimin Ermənistanla münasibətlərini gərginləşdirəcək. Ermənistanla münasibətlərin pozulması rejimə edilən hərbi və maddi dəstəyin azalmasına gətirib çıxara bilər. Bu da "domino effekti" verərək Ermənistanda da siyasi gərginlik yarada bilər. Əslində Koçaryan tərəfdarları da bu səbəbdən 31 mart "seçkilərinə" son ümid, "son döyüş" kimi baxırlar.
31 mart "seçkilərinə" marağın yüksək olması iştirak edən siyasi qüvvələrin sayından da açıq şəkildə görülməkdədir. Qondarma rejimin “seçki komissiyası” namizədlərin sayını və kimliyini açıqlayıb. "Prezidentlik" uğrunda 14 nəfər, 33 yerlik "parlament" uğrunda isə 361 nəfər mübarizə aparacaq.
Parlament "seçkilərində" 10 "siyasi partiya", 2 "blok" iştirak edir. "Prezidentlik" uğrunda mübarizə aparacaq 14 namizədin 10-u parlament "seçkilərində" iştirak edəcək "siyasi partiya"lar tərəfindən irəli sürülüb. 4 nəfərin namizədliyi isə özləri tərəfindən irəli sürülüb.
Seperatçı rejimin "konstitusiya"sına görə bir şəxs 2 dəfədən artıq "prezident" seçilə bilməz. Bu səbəbdən də hazırkı "prezident" Bako Saakyan postu ilə vidalaşmağa hazırlaşır.
"Seçkidə" iştirak edən digər namizədlər də işğalçılar arasında kifayət qədər nüfuza sahibdirlər. Onlardan biri rejimin sabiq müdafiə naziri və "təhlükəsizlik şurası"nın sədri olan general Vitali Balasanyandır. Digəri isə 10 il seperatçı rejimə “baş nazirlik” edən Araik Arutyunyandır. Bunlardan başqa "seçki”də qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan, "parlament sədri" Aşot Qulyan, "Prezidentin" mətbuat katibi David Babayan kimi şəxslər iştirak edir.
"Prezident" olmaq istəyənlərin böyük əksəriyyəti Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşmüş şəxslərdir.
Ehtimal etmək olar ki, Bako Saakyanın olmadığı "seçkilərdə" əsas mübarizə general Vitali Balasanyan və 2007-2017-ci illərdə rejimin “baş naziri” olan Araik Arutyunyan arasında keçəcək.
Vitali Balasanyan Nikol Paşinyanın ən qatı əleyhdarlarından biridir. Vitali Balasanyan keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. Əsgəran rayonunda yaradılan "özünümüdafiə qüvvələrinin” komandiri olub. Seperatçı rejimin “müdafiə naziri” olub. 2016-cı ildə "Aprel döyüşləri"ndə yaxından iştirak edib. Qondarma rejimin "təhlükəsizlik şurası"na rəhbərlik edir. Bundan əvvəlki seçkilərdə indiki "prezident" Bako Saakyanın rəqibi olub və 32,5% səs toplayaraq 2-ci sırada yer alıb. Ötən il "Ədalət" adlı siyasi partiya yaradıb.
10 il sepertaçı rejimin “baş naziri” olan Araik Arutyunyan isə "Azad Vətən" partiyasının sədridir. Sonuncu parlament "seçkilərində" ən çox səsi də bu partiya qazanaraq 33 yerlik “parlamentin” 14-ə sahib olub.  Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Araik Arutyunyan hazırda işğalçılar arasında ən varlı şəxslərdən biri hesab olunur.
Vitali Balasanyan verdiyi açıqlamlarada dəfələrlə bəyan edib ki, Paşinyanı "Qərbin layihəsidir". Paşinyanı Ermənistana xəyanətdə ittiham edir və bildirir ki, o, Qarabağı Azərbaycana satacaq. Vitali Balasanyan eyni zamanda açıq şəkildə Robert Koçaryanı müdafiə edir. Balasanyanın seçki qərargahının önünə Koçaryanın şəkilləri yapışdırılır. Əgər Balasanyan "prezident" seçilərsə heç şübhəsiz ki, Ermənistanla seperatçı rejim arasında uçurum yaranacaq.
Araik Arutyunyan və ya namizədlərdən hər hansı biri "seçilərsə",  Ermənistanla münasibətləri normallaşdırmağa çalışacaqlar ki, bu da danışıqlar prosesində Ermənistanın mövqeyini gücləndirəcək.
İşğal altında olan ərazilərimizdə qanunsuz seçkilərin keçirilməsi bizim üçün qəbuledilməzdir və bunun qarşısı alınmalıdır. Yox, əgər obyektiv səbəblərdən bunun qarşısını ala bilmiriksə, o zaman  münaqişənin gələcəyi baxımından bölgədə baş verən prosesləri yaxından izləməli və baş verən proseslərə müdaxilə etməliyik.  
Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top