Mingəçevirdə sosial şəbəkələr mövzusunda interaktiv seminar keçirilib - FOTOLAR

Mingəçevirdə “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri “mövzusunda interaktiv seminar keçirilib.

Yeniavaz.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə və yerli icra hakimiyyətləri strukturlarının birgə təşkilatçılığı ilə təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və tələbələri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi də dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkəmizdə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildirdilər ki, seminarlar Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının müəllimləri, DTX-nin təcrübəli əməkdaşları və digər ali təhsil müəssisələrinin bu sahə üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır. DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin, Mingəçevir şəhər, Yevlax, Ağdaş, Goranboy rayonlarının icra strukturlarının dəstəyi ilə Mingəçevir Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin və çıxışçı qismində iştirak etdikləri interaktiv seminara qeyd olunan şəhər və rayonların təhsil müəssisələrinin ümumilikdə 570-dən çox yuxarı sinif və tələbəsi qatılıb.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən videoçarx nümayiş olunub.

Mingəçevir şəhər  İcra Hakimiyyətinin  başçısı İlham İsmayılov   tədbiri açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb.

Sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verib.

Seminarda Akademiyanın kafedra rəisi D.Rüstəmovun, psixologiya üzrə fəlsəfə doktoru, dosent M.Sadıqovanın, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” və digər aktual mövzularda məruzələri dinlənilib.

Seminarda yuxarı sinif şagirdləri Cavid Mirzəzadənin və Ayət Mustafayevanın sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar şagirdlərin yaxından iştirakı ilə onları maraqlandıran suallar ətrafında interaktiv müzakirələrlə davam edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top