"Küçələrə səpələnmiş" gələcəyimiz – Bəziləri təhsilə qaytarılsa da, bəziləri qaytarılmır


Nə qədər “uşaqlar bizim gələcəyimizdir” desək də, paytaxtımızda küçədə salfet satan, avtomobil şüşələrini təmizləyən və bu kimi işlərə cəlb edilən azyaşlı uşaqlarla tez-tez rastlaşırıq. Onların belə işlərə cəlb edilməsi, bu halların xüsusilə dərs saatlarında baş verməsi, təhsildən yayındırılması daim cəmiyyəti narahat edən mövzulardan biridir.
Bəs belə uşaqlara nəzarət necə aparılır? Onlar haqqında hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında uşaqların bu cür işlərə işbazlar tərəfindən cəlb edildiyini bildirdi:
“Bizə daxil olan şikayətlərə mütəmadi olaraq baxılır, daha sonra tərəfimizdən əraziyə baxış keçirilir, lazımi tədbirlər görülür. Elə uşaqlar aşkarlandıqda təhsildən yayınıbsa təhsilə cəlb edilir, valideyn himayəsindən məhrum olunubsa müvafiq sığınacaqlara yerləşdirilir. Eyni zamanda qanunverciliyə uyğun olaraq da müvafiq tədbirlər həyata keçirilir. Azyaşlı uşaqların salfet satmaları və müxtəlif ad altında fəaliyyət göstərmələri, bunlar işbazlar tərəfindən həyata keçirilir və onlar barəsində də tərəfimizdən vaxtaşırı tədbirlər görülür.
Son zamanlar isə belə hallarla bağlı bizə şikayət daxil olmayıb. Lakin, ərazidə olan post-patrul xidmətinin əməkdaşları tərəfindən elə uşaqlar aşkarlandıqda ərazidən uşaqlaşdırılır, valideyni varsa idarəmizə dəvət edilir. Valideynə azyaşlı uşağını o yaşda işə cəlb etməsinin hüquqa zidd olduğu izah edilir. Belə hallarda azyaşlılar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsində hər hansı sərt tədbirlər nəzərdə tutulmur, ancaq valideyni ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İlk növbədə xəbərdarlıq edilir, digər hallarda qanunvercilikdə göstərilən cəzalar tətbiq olunur. Elə uşaqlar əsasən şəhər mərkəzlərində deyil də, avtomobillərin sıx olduğu digər yerlərdə müşahidə edilir”.
Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin uşaqların böyük qismi təhsilə qayıtsa da, az bir qismi müəyyən səbəblərdən təhsilə qayıtmır:
“Belə uşaqlar əsasən hüquq-mühafizə orqanları tərəfindən aşkar edilir və daha sonra bizə bildirilir. Bu zaman biz həmin uşağın ailəsi və özü ilə işlər görürük, məsələnin səbəblərini araşdırırıq. Əgər ailədə psixoloji problem varsa bizim psixoloqlar onlarla danışır. Çünki elə uşaqlar var ki, evdən qaçıb haradasa işləyirlər, dilənirlər və s. məşğul olurlar. Bundan başqa, biz kütləvi informasiya vasitələrini, sosial şəbəkələrdə uşaqlarla bağlı paylaşımları izləyirik. Əgər hər hansı  bir uşaq dilənçiliyə cəlb edilirsə, əməyi istismar olunursa lazımi qurumlarla çalışıb məsələni qaldırır, müvafiq tədbirlər həyata keçiririk. Ötən illərlə müqayisə etdikdə isə belə hallarda azalma müşahidə edilir. Həmin uşaqların 70-80 faizi də təhsildən yayınan uşaqlardır. Onlar da yenidən təhsilə qaytarılır. Lakin yerdə qalan, yəni 20-30 faiz uşaqlar müəyyən səbəblərdən təhsilə qayıtmır. Uzun müddət fasiləyə yol veridikləri üçün onlara nəzarət çətinləşir. Buna da yerli İcra Hakimiyyəti daxilində xüsusi kommissiyalar nəzarət edir. Əgər həmin uşaqların yaşı 15-dən yuxarıdırsa müxtəlif peşə sahələrinə yönəldilir. Yəni, əvvəl dilənçiliklə məşğul olurdusa indi normal işlə məşğul olurlar. Ümumiyyətlə bizdə gecəni küçələrdə keçirən uşaqların sayı olduqca azdır. Bu kimi mövzularda hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İcra Hakimiyyətləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir-biri ilə əlaqəli çalışırlar”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top