Azərbaycanda koronavirus var?- Baş pediatrdan açıqlama


Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı danışan baş pediatr Nəsib Quliyev Ağdaşda baş verənlərin koronavirusla bağlı olmadığını bildirib: “Bunlar şaiədir, elə bir şey mümkün deyil. Virus xəstəlikləri payız-qış mövzümündə hər yerdə rast gəlinir. Yaz-yay aylarında nisbətən çoxalır və mövsümi infeksion xəstəlik sayılır. Koronavirusun kütləvi olması ağılabatan deyil, reallıqdan uzaq məsələlərdir”.
Həkimin sözlərinə görə, suçiçəyi elə də qorxulu xəstəlik hesab olunmur: “Suçiçəyinə doğru və zamanında diaqnoz qoyulduqda və ya tibbi yardıma əməl etdikdə qorxulu olmur. Amma bəzi hallarda təhlükə törədə bilər. Bu zaman serroz, meningit, allergik reaksiyalar, pankreatit ola bilər. Bunların olmaması üçün isə o uşaq gərək karantin rejimində saxlanılsın. Suçiçəyindən ağır, qorxulu fəsadlar çox nadir hallarda görülür. Hələ ki, peyvəndsiz ötüşmək olur”.
Suçiçəyinə qarşı ölkədə hələ ki, peyvənd aparılmadığını deyən N.Quliyev suçiçəyi peyvəndlərinin yeni texnologiyalar ilə təkminləşməsinin gözlənildiyini bildirib: “Azərbaycanda hələ ki bu gün üçün suçiçəyinə qarşı peyvənd aparılmır. Bunun da obyektiv səbəbi var. Dünyanın bir çox ölkələrində hətta Avropa ölkələrində suçiçəyini peyvənd etmirlər. Çünki peyvəndin son texnologiyalar ilə təkminləşməsi gözlənilir. Bundan sonra yəqin bizdə də tətbiq olunacaq. Peyvənd elə bir şeydir ki, gərək ondan əmələ gələn reaksiyalar xəstəlikdən qat-qat aşağı olsun. Peyvənd qənaətbəxş olmadıqda hər adam getmir. Suçiçəyinə qarşı dünyanın bir neçə ölkəsində peyvəndən istifadə edilir.Yeni texnologiyalar ilə hazırlanan vaksinlər peyda olan kimi yəqin bizdə də peyvənddən istifadəyə başlanılacaq”.
Lalə Cəfərli
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top