Ticarət mərkəzləri niyə tez-tez yanır? - VİDEO


Son vaxtlar “EuroHome”, 3-cü mikrorayon bazarı və “Sədərək” ticarət mərkəzində baş verən yanğın  həmin obyektlərin təhlükəsizlik və sığorta məsələlərini də göndəmə gətirib. Belə ki, bu cür ticarət mərkəzlərində böyük ərazini əhatə edən yanğınların tez-tez baş verməsi suallar doğurur. Yanğınlar nədən baş verir? Qarşısını almaq mümkündürmü? Obyektlər sığorta olunurmu?
Yeniavaz.com sözügedən mövzu ilə bağlı araşdırma edib.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, belə yanğınlara səbəb təhlükəsizlik tədbirlərinin görülməməsidir:
“Diqqət etsək görərik ki, baş verən yanğınların əksəriyyətində ortaq cəhət qış aylarında, səhər saatlarında elektrik naqillərində olan qısaqapanmadır. Bu faktorların eyni olması da həmin obyektlərdə təhlükəsizliyin düzgün təmin olunmadığını göstərir. Belə ərazilərdə birinci növbədə mütləq növbətçi elektriklər olmalıdır. Elektriklər gecə obyektlərdə yoxlanış aparmalı, hər hansı nasazlıq varsa onu aradan qaldırmalıdır. Ümumiyyətlə böyük obyektlərdə su maşınları və onu istifadə edən əməkdaşlar, yanğın təhlükəsizliyi siqnalları, yanğın balonları və s. qurulmalıdır. Bəzi yerlərdə heç yanğınsöndürmə vasitələri yoxlanılmır. Halbuki bu avadanlıqlar 1 ildən sonra dəyişdirilməlidir. Elə obyektlər də var ki, məsələn hidrant var ağızlığı yoxdur, su dirəkləri var içində nasosları xarabdır. Bu çatışmazlıqların mövcud olması istənilən hadisənin böyüməsinə səbəb olur”.
Elmar Nurəliyev həmçinin bildirib ki, böyük ticarət mərkəzlərində, bazarlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin olması vacibdir:
“Ticarət mərkəzlərində, bazarlarda  könüllü yanğınsöndürmə qrupları fəaliyyət göstərməlidir. Onların işi yanğın baş verərsə, yanğınsöndürmə əməkdaşları gələnə qədər vəziyyəti nəzarətdə saxlamaq, insanların təhlükəsiz təxliyyə edilməsini təşkil etmək, əmlakın çıxarılması, vəziyyətə görə ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsinə və yanğınsöndürmə əməkdaşları gələnə qədər problemi qismən də olsa aradan qaldırmaqdır”.
Belə yanğınlardan daha çox əziyyət və zərər çəkənlər əsasən də obyektləri sığorta olunmayan mağaza sahibləridir. “Sədərək” ticarət mərkəzində söhbətləşdiyimiz bir neçə obyekt sahibi deyir ki, şirkətlər sığorta etməyə yanaşmır.
Bəs bununla bağlı mütəxəssislər nə deyir?
Sığorta üzrə ekspert Asim Abas bildirir ki, “Sədərək”, “Binə” və buna oxşar digər ticarət mərkəzində və bazarlarda yanğın riski yüksəkdir. Buna görə də,  sığorta şirkətləri sığorta etmək üçün uyğun hesab etmir: 
“Dünya praktikasına görə, obyektlər risk dərəcəsinə görə sığortalanır. Məsələn, sözügedən ticarət mərkəzləri hər an riskə açıq olan müəssisələrdir. Buna görə də sığorta şirkətlərinin həmin ticarət mərkəzlərinə yaxın durmamağı normal haldır. Çünki sözügedən müəssisələrdə yanğından mühafizə sistemləri düzgün qurulmayıb. Bundan başqa sığortanı sahibkarlar yox, müəssisə rəhbərləri təmin etməlidir”.
Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, Elnur Babayev fevralın 3-də “Sədərək” ticarət mərkəzində yoxlama keçirdiklərini və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə protokol tərtib etdiklərini bildirib:
“FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən obyektdə qanunvericiliklə nəzərdə tutulmuş yanğın texniki müayinələr keçirilib. Bundan əlavə hər il şərti yanğın həyəcan siqnalı verilərək o obyektdə yanğından mühafizə xidmətinin avtomobilləri cəlb edilir və şərti yanğının söndürülməsi həyata keçirilir. Nəticədə qarşımıza çıxan mövcud nöqsanlar barədə rəsmi şəkildə obyektin rəhbərliyinə təqdim olunub. “Sədərək” ticarət mərkəzi yanğın təhlükəsizliyi normalarına riayət etmir”.
Hər halda bu problemlərin qarşısını almaq elə də qəliz deyil. Hətta bununla bağlı kifayət qədər həll yolları da var. Belə müəssislərlə bağlı tədbirlər tez bir zamanda görülməszə həm kütləvi insan ölümünə, həm də maddi itkilərə səbəb olacaq.

İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top