Mingəçevirdə ötən il tikilən bələdiyyə bazarı niyə istifadəsiz qalıb


Ötən ilin noyabr ayının 21-də Mingəçevirin Energetiklər qəsəbəsinin bələdiyyəsi 25 minlik əhali üçün  bazar tikib istifadəyə verdi.
Yeniavaz.com xəbər verir ki, bazar, bələdiyyə büdcəsinə ayrılan 171 min  manat vəsait hesabına tikilib. Bu gün ümumi ərazisi 280 kvadratmetr olan bazar istifadəsiz qalıb. Qəsəbə sakinləri bildirirlər ki, bazar qəsəbədə tikiləndə çox sevindik. Təəssüflər olsun ki, bazarın su-kanalizasiya xəttinin razılığı alınsa da çəkilmədi. İndi bu bazar qəsəbə sakinlərinin  göz dağına çevrilib. Qəsəbə sakini Elxan Rəşidov deyir  ki, qəsəbəmizdə bu gün müasir tədris mərkəzlərinə, idman kompleksinə ehtiyac duyulur: “Uşaqlarımız bu ehtiyaclarını ödəmək üçün qəsəbədən  şəhərə üz tuturlar. Bir də ki, tikdikləri bu bazarın su-kanalizasiya xəttinin çəkilişinə razılıq alınsa da çəkilmədi. Biz sakinlər qəsəbəmizdə səyyar bazarlardan istifadə edirik. Bu gün dünya praktikasında bazar tikmək anlayışı yoxdur. Belə ki, artıq böyük supermarketlər bu tələbatı ödəyir. Bizim qəsəbədə də böyük supermarketlər və meyvə mağazaları var. Onu da qeyd edim ki, bu bazar sakinlərə əl çatan yerdə inşa edilməyib. Bu bazar bizə göz dağıdır”.
Mingəşevir Bələdiyyəsinin sədr müavini Əli Əliyev isə bildirdi ki, inşa edilən bələdiyyə bazarı 2019-cu il dekabr  ayının 2-də “Ərzaq Məhsulları İstehsalı və Satışı” MMC-yə icarəyə verilib: “Bazar 25 illik müqavilə əsasında icarəyə verilib.Bazar tam olaraq  sahibkarın səlhiyyətindədir”.
Onu da qeyd edək ki, qəsəbədə bu gün də küçə ticarəti qeyri-qanuni olaraq  davam edir.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top