MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, müraciət edən şəxs İ.Hüseynli DSK-ya müraciət edərkən bir neçə seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Lakin MSK-ya müraciət edəndə həmin dairə üzrə məntəqələrin sayını artırıb. O, 1 protokol da təqdim edib. 

Digər namizədlər də şikayətləri ilə bağlı disk də təqdim ediblər. Hər bir videogörüntü üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə - 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb. Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəkildə atılması faktı aşkar edilib. Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) nəticələrin etibarsız hesab edilməsinə şərait yaradır”.

İclasda həmin dairənin 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.


***16:35
Mərkəzi Seçki Komissiyasının iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Qənbərovun şikayətinə baxılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: “Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.
MSK-nın iclasında 123 saylı Seçki Dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

DİGƏR XƏBƏRLƏR

Top