Qızıl alverçisinə qarşı dələduzluqda suçlanan qadın azadlığa buraxıldı


Bakıda qızıl alverçisinin müştərisi tərəfindən aldadılması ilə bağlı növbəti məhkəmə iclası keçirilib.


Bakı Ağır Cinayəltər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilmişdi.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunmuşdu. Hökmə əsasən N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalında həbs edilmişdi.

Hökmdən narazı qalan Əfəndiyeva Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmənin qərarı ilə Əfəndiyeva barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və o, azadlığa buraxılıb.

Zərərçəkmiş İlhamə Umbayeva ifadəsində deyib ki, Nərminə ondan külli miqdarda qızıl-zinət əşyaları alaraq etibarından sui-istifadə edib.

Onun dediyinə görə Nərminə imkanlı şəxslərə satmaq adı ilə ondan bahalı qızıllar alıb.

"Bir neçə dəfə qızıl alıb ödəmişdi. Sonra da alıb hissə-hissə ödədi. Son zamanlar isə bahalı qızıllar götürdü ki, imkanlı şəxslərə satacaq. Amma məni aldatdı"- deyə zərərçəkmiş bildirib.

İlhamə Umbayeva deyib ki, ona dəymiş zərərin 60 min 900 manatı ödənilməyib. O, ümumi borcdan 11 min manat ödənildiyini deyib.

Təqsirləndirilən Nərminə Əfəndiyeva söylənilənlərlə razılaşmayıb və məbləğin şişirdildiyini deyib.

Zərərçəkmişlə N.Əfəndiyeva arasında barışıq olub.

Qeyd edək ki, Nərminə Əfəndiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İttihama görə, Nərminə Əfədiyeva zərərçəkəndən qızıl əşyaları alıb. Daha sonra isə həmin qızılları lombarda qoyaraq pul götürüb.

Bildirək ki, zərərçəkən İlhamə Umbayeva məşhur "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyir.

Adı çəkilən ticarət mərkəzində dəfələrlə bu cür dələduzluq hadisələri baş verib və eyni əməllərlə bağlı məhkəmə işləri mətbuatda dərc edilib.//musavat.com
 

DİGƏR XƏBƏRLƏR

Top