İcra başçısı: “Bələdiyyənin taleyi 3-4 nəfərlə həll olunmamalıdır”


Mingəçevirdə icra başçısı yeni seçilmiş bələdiyyə üzvüləri ilə görüşüb.
Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni seçilmiş  bələdiyyə üzvləri ilə görüşüb. O, əvvəlcə  ölkə Prezidentinin Mingəçevirlə bağlı fikirlərini, yeni seçilmiş bələdiyyə üzlərinə çatdırdı. Bildirdi ki, əvvəlki tərkiblə də görüşü olmuşdu:
“Mənim sizə tövsiyyələrim ondan ibarətdir ki, bələdiyyənin fəaliyyəti görsənməlidir. Şəhərdə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır. Siz də bir bələdiyyə olaraq bu işlərdə öz layihələrinizlə çıxış edin, bələdiyyə bəyəm ancaq torpaq satmala məşğul olmalıdır? Yeri gəlmişkən vurğulayım ki, Mingəçevirdə bu gün 1 sot torpaq qalmayıb. Şəhərə investorlar dəvət edirik təəssüflər olsun ki, tərəvəzçilik, bağlar massivində məktəb, uşaq bağçası tikmək üçün yer tapmırıq. 100-lərlə hektar torpaq sahələri kimlərinsə əlindədir. Bundan əvvəlki bələdiyyə ancaq işini torpaq satmaqla bitirib. Bu şəhərə bir töhvələri olmayıb. Mən sizlərdən daha səmərəli fəaliyyət, yeni-yeni layihələr gözləyirəm ki, şəhərimizlə bağlı gələcəkdə monitorla çıxışınız dinlənilsin. Hər şey aşkar,  hiyləsiz, obyektiv şəraitdə işinizi qurmağa çalışın. Mingəçevirdə bu il daha çox işlər görüləcək. İşsizliyin aradan qaldırılması üçün şəhərə investorlar dəvət olunur, sahibkarlarla danışıqlar aparılır. Çalışırıq ki, bu şəhərin turizm sahəsini daha da genişləndirək. Ona görə də hamımız əlbir olub şəhərimiz üçün insanlar üçün işlər görməliyik. Yeri gəlmişkən qeyd edim ki, bu istiqamətdə görülən işlərdən bu il Mingəçevirdə 45 məhəllə abadlaşacaq, 7 yerdə istirahət güşəsi yaradılacaq, 9 küçənin işıqlanması nəzərdə tutulub, 184 məhəllədaxili işıqlanma sistemi qurulacaq. 11 doqquz mərtəbəli binanın dam örtüyü, fasadı və dəhlizi təmir olunacaq. Dövlətin verdiyi subsidyalardan ağıllı-başlı istifadə edin. Bələdiyyənin taleyi 3-4 nəfərlə həll olunmamalıdır”.
Daha sonra yeni seçilmiş bələdiyyə sədri Ramiz Əliyev 19 nəfər bələdiyyə üzvülərinin adından çıxış edərək başçının Mingəçevir bələdiyyəsinə gələrək bələdiyyə üzvləri ilə görüşməsini yüksək qiymətləndirdi və bələdiyyənin həyata keçiriləcək layihələrdə fəallıq göstərəcəklərini bildirib.
Qeyd edib ki, söz verin ki, biz bir bələdiyyə olaraq bu şəhərin adı olacağıq. Hər kəs biləcək ki, biz Mingəçevirin bələdiyyəsiyik. Tədbirdə bələdiyyə üzvüləri də çıxış edərək şəhərdə görülən işlər barədə təkliflərini verərək, heç bir işdə kənarda qalmayacaqlarını, İcra Hakimiyyəti ilə qarşılıqlı əlaqədə işləyəcəklərini bildirdilər. Görüşdə iştirak edən media nümayəndələri də təkliflərlə çıxış ediblər.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top