Allahşükür Paşazadənin deputat seçilən kürəkəni kimdir? - DOSYE + FOTOLAR


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərində seçki dairələri üzrə ən çox səs toplayan namizədlərin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan siyahıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə ilə kürəkəni Əliabbas Salahzadə də var.
Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin 75 saylı Lənkəran-Masallı seçki dairəsində ən çox səs topladığı bildirilir. MSK-nın qərarı Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Cavanşir Paşazadə növbəti - 4-cü dəfə millət vəkili statusunu əldə edəcək. Onu da bildirək ki, Cavanşir Paşazadənin namizədliyi  2005-ci ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən dəstəklənir.
Qeyd etdiyimiz kimi, Allahşükür Paşazadənin qardaşı ilə bərabər kürəkəni Əliabbas Salahzadə də ən çox səs toplayan namizədlərin arasında yer alır. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən dəstəklənən Əliabbas Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsində hər kəsdən çox səs toplayıb. Onu da bildirək ki, daha əvvəl - 2010-2015-ci illərdə bu dairəni Milli Məclisdə Əliabbas Salahzadənin atası Qalib Salahzadə təmsil edib.
Məlumat üçün bildirək ki, Allahşükür Paşazadənin kürəkəni Əliabbas Salahzadənin sonuncu iş yeri Sabunçu rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsi olub. 1979-cu ildə anadan olan Əliabbas Salahzadənin hüquqşünas olduğu qeyd olunur.
Əliabbas Salahzadə eyni zamanda Azərbaycanın ən gənc bələdiyyə sədrlərindən biri olub. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərindən sonra Əliabbas Salahzadə Bilgəh bələdiyyəsinin sədri olub.


A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top